Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:58

Saxta rubl işi: 'Dedi ki, döyüblər, başına oyun açıblar'


Rubl
Rubl

Azərbaycanda kəsilən saxta pullar, adətən, ya ABŞ dolları, ya da manat olur. Amma bu dəfə 2.5 milyon saxta rus rublundan söhbət gedir. Bu məsələyə görə iki nəfər həbs olunmuşdu. Onlardan biri – Şirvan Musayev həbsindən bir müddət sonra vəfat edib. Həsən Ələkbərov isə saxta pul kəsməkdə suçlanaraq məhkəmə önünə çıxarılıb.

Cinayət işinin materiallarında Ş.Musayevin ölümünün səbəbi kimi ürəktutması göstərilib. H.Ələkbərov isə dekabrın 9-da məhkəmədə deyib ki, Şirvan ona DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində döyüldüyünü söyləyib: «Şirvan ölməmişdən bir az əvvəl təcridxanada onu gördüm. Dedi ki, başına oyun açıblar, döyüblər. Ona görə də istədikləri sənədə qol çəkib. Bir neçə gün sonra Şirvan öldü...».

İddia olunur ki, H.Ələkbərov və Ş.Musayev 1 milyon rus rublunu 8 min manata satmaq istəyərkən polislər onları saxlayıb. Ekspertizaya təqsirləndirilən şəxslərdən tapıldığı iddia olunan 500 rublluq banknotlar təqdim olunub. Ekspert rəyində yazılıb ki, saxta pulların həqiqi əsginaslardan fərqlənməməsi üçün müdafiə nişanları, eskizləri xüsusi üsulla hazırlanıb. Ona görə də həmin pulların saxta olduğunu asanlıqla müəyyən etmək mümkün deyil.

«Məndən 10 min dollar alıb, rus pulunu verdi»

H.Ələkbərov özünü qətiyyən təqsirli bilmir. Deyir ki, onda olan rus pullarını Moskvada ticarətlə məşğul olan Nadir adlı tanışı vermişdi. Onun sözlərinə görə, Nadirə təcili 10 min dollar pullar lazım idi, özündə də 2.5 milyon rubl (təxminən 60 min dollar) vardı. Amma o pulları dollara çevirməyə vaxtı yox idi: «Məndən 10 min dollar alıb, rus pulunu verdi. Mənim pulumu qaytarıb, özününkünü götürəcəkdi. Uzun müddət Nadirdən xəbər çıxmadı. Mənə də pul lazım idi. Şirvana rubllardan 1 milyona yaxın verdim ki, mənim üçün dəyişsin. Bir qədər sonra Şirvan zəng eləyib görüşə çağırdı. Ora gedəndə polislər məni saxladı».

Həsənin dediyinə görə, pulların saxta olmasından xəbərsiz idi.

Prokuror onun dediklərini inandırıcı saymır. Hesab edir ki, o pulları Nadir adlı adamdan alması, saxtalığından xəbərsiz olması barədə Həsənin dedikləri onun öz uydurmasıdır.

Onları saxlayan polislər də iddia edir ki, H.Ələkbərov yalan danışır: «Elməddin Ağayev adlı şəxs idarəyə müraciət edib dedi ki, ona 970 min rus rublunu 8 min manata satmağı təklif ediblər. Əməliyyat planı qurub, 8 min manat pulu Elməddin Ağayevə verdik. Onlar metronun «Elmlər Akademiyası» stansiyasının yaxınlığında görüşdülər, pulu verəndə Şirvanı saxladıq. Etiraf etdi ki, pullar saxtadır və Həsən Ələkbərovdan alıb. Onlar Həsənlə görüşəndə onu da saxladıq».

H.Ələkbərov isə deyir ki, yalandır, ekspertizaya təqdim olunan 500-lük rubllar heç onun Şirvana verdiyi pullar deyil: «Mən 100-lüklər vermişdim, 500-lük yox...».

H.Ələkbərov CM-in 204.2 (xeyli miqdarda saxta pul və ya qiymətli kağızlar hazırlama, satma) maddəsi ilə ittiham olunur. Bu maddədə 7 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG