Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:16

Əfqanıstanda korrupsiyaya yol açan pullar – Qərb mediası


Əfqanıstanda daha bir partlayışdan sonra
Əfqanıstanda daha bir partlayışdan sonra

ABŞ hökumətinin Əfqanıstana ayırdığı yüzmilyonlarla dollar bu ölkədə korrupsiyanın çiçəklənməsinə kömək edib. Bunu ölkənin keçmiş prezidenti Hamid Karzai dekabrın 10-da “The Associated Press” agentliyinə deyib.

O, “The Washington Post” qəzetinin bir gün öncə yazdıqlarına cavab verib. Qəzet 18 illik müharibə zamanı Əfqanıstanda birbaşa rolu olmuş şəxslərlə müsahibələr dərc edib və belə bir qənaətə gəlib ki, ABŞ-ın üç administrasiyası münaqişə haqda ictimaiyyəti yanlış bilgiləndirib.

Sənədlərdə ölkəyə 14 il rəhbərlik etmiş Karzai-nin də adı çəkilir, “özünü kleptokratiyaya çevirmiş” hökumətə başçılıq etdiyi vurğulanır.

Amerikalıların “gözü açılar”

Karzai hansısa qanunsuzluğa yol vermədiyin desə də, hökumət məmurlarının korrupsiyaya qurşandığını da danmayıb.

Əfqanıstana axan ABŞ pullarına gəlincə, Karzai deyib ki, bu sahədə hesabatlılıq yox idi.

“Bu hesabatın çıxmasından şadam və ümid edirəm ki, bu, Amerika xalqının gözünü açacaq və ABŞ hökuməti Əfqanıstana münasibətini dəyişməyə başlayacaq”, – Karzai deyib.

“Əfqanıstanda müharibəni uduzduğumuzu hər kəs bilirdi”. Bunu “The Atlantic” portalında David A. Graham yazır. Müəllif Əfqanıstanın çoxdan kölgədə qalmış müharibə olduğunu, İraqın işğalı, onlarla digər əhvalatların onu unutdurduğunu vurğulayır.

“Çoxdankı rəy sorğularına görə, amerikalıların çoxu Əfqanıstandakı müharibədə savaşmağa dəymədiyini, uğursuz olduğunu düşünür. İndi rəyi soruşulanların yarıdan da azı müharibənin düzgün istiqamətdə getdiyinə inanır…Bir çoxlarının fikrincə, müharibənin aydın məqsədi yoxdur. Təəccüblü olsa da, indi bu fikirlər veteranlar arasında daha güclüdür – müharibəyə savaşmağa göndərilən bu adamlar Amerikanın səylərinin böyük nəticə vermədiyini, həm də nəyə başa gəldiyini görüblər”, – məqalədə deyilir.

Əfqanıstana görə impiçment?

“Ukraynaya görə impiçment baş verirsə, Əfqanıstan necə olsun?” Bu sualı isə elə həmin portalda Andrew Bacevich verir.

ABŞ Nümayəndələr Palatası Prezident Donald Trump-a qarşı iki impiçment maddəsi hazırlayıb, onun vəzifədən sui-istifadəyə yol verdiyi, ədalətin qarşısını aldığı iddia olunur. Demokratlar deyirlər ki, Trump Ukraynadan siyasi rəqibi Joe Biden barədə təhqiqat aparmağı istərkən bu ölkəyə hərbi yardımı dayandırıb, vəzifə səlahiyyətini aşıb. Müəllif isə bu hərəkəti Trump seçilməzdən öncə, illərlə baş verən “daha böyük cinayət”lə müqayisə edir.

“Bu cinayət əfqan müharibəsidir. Rusiyanın təhdid etdiyi ölkəyə təhlükəsizlik yardımını siyasi mənfəət naminə dayandırmaq mənfur hərəkətdir. Həmin ölkənin bu yaxınlarda Vaşinqton tərəfindən ABŞ-ın maraqları üçün vacib sayıldığını nəzərə alanda bu, doğrudur.

Ancaq məncə, 18 ildən artıqdır nəticəsiz davam edən, əsaslandırılmamış müharibə daha böyük cinayətdir. Özəlliklə də, bu müharibə Birləşmiş Ştatlara 1 trilyon dollardan artıq başa gəlibsə, 2300-dən çox ABŞ əsgəri, azı 3800 amerikalı muzdlu hərbçi öldürülübsə… Hələ qətlə yetirilmiş 100 mindən artıq əfqan təhlükəsizlik əməkdaşını, dinc əfqanları demirik”, – müəllif yazır.

XS
SM
MD
LG