Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:04

İsrail yenə seçkiyə gedir – Qərb mediası


Benjamin Netanyahu (solda), Prezident Reuven Rivlin (ortada) və Benny Gantz
Benjamin Netanyahu (solda), Prezident Reuven Rivlin (ortada) və Benny Gantz

İsrail son bir il ərzində üçüncü seçkiyə hazırlaşır. Dekabrın 11-də sentyabr seçkisindən sonra yeni hökumətin formalaşması üçün qoyulan vaxt bitib. Bu arada Baş nazir Benjamin Netanyahu ittihamnamə ilə üzləşəndən sonra siyasi karyerası uğrunda çarpışmaqdadır.

Ölkənin iki əsas siyasi partiyası martın 2-də yeni seçki üzrə razılaşma əldə edib. “Reuters” agentliyi nəticəsiz aprel və sentyabr seçkilərindən sonra üçüncü dəfə seçki məntəqələrinə getməyin ağır iqtisadi bədəli olacağını yazır. Gələn ilki seçkiyədək büdcə təsdiqlənməyəcək, bu da bir neçə aylıq qənaət və ixtisar deməkdir, iqtisadi artımda öz sözünü deyəcək.

Əvvəlki iki seçkidə nə Netanyahu-nun sağ qanad Likud, nə də əsas rəqibi, keçmiş ordu başçısı Benny Gantz-ın mərkəzçi Mavi və Ağ partiyası hakim çoxluq üçün gərəkən yerləri əldə edib.

“Üç səbəb”

Hər iki siyasətçiyə koalisiya formalaşdırmaq tapşırılsa da, alınmayıb. Onlar çıxılmaz duruma görə bir-birini ittiham ediblər, “rotasiyalı” baş nazirliyin şərtlərini razılaşdıra bilməyiblər.

İsrail prezidenti Knessetə üç həftə vaxt vermişdi ki, öz sıralarından yeni namizəd tapsınlar.

Netanyahunun rəqibləri ona qarşı korrupsiya istintaqlarına diqqət ayırırlar. Ötən ay ona ittihamlar açıqlanıb. 70 yaşlı baş nazir hansısa qanunsuzluğa yol vermədiyini deyir, hüquq orqanlarını onu “devirməyə” çalışmaqda ittiham edir. Tənqidçilərin fikrincə, Netanhayu hüququn aliliyinə zərbə vurmağa, özünü “dərin dövlət” konspirologiyasının qurbanı kimi təsvir edərək seçki kampaniyası aparmağa cəhd göstərib.

Baş nazir olaraq Netanyahu ittihamlar səbəbilə istefa vermək öhdəliyi yoxdur və vəzifədə ikən qanunverici orqandan özünə toxunulmazlıq da istəyə bilər.

Netanyahu yeni hökumət formalaşanadək vəzifədə qalacaq. Bu da mart səsverməsindən sonra bir neçə ay uzana bilər.

“Bu seçkiyə yalnız üç səbəb var – rüşvətxorluq, dələduzluq və inamın sarsılması”, – Mavi və Ağ partiyasından deputat Yair Lapid Knessetə deyib.

“Mavi və Ağ bir faktı gizlətməyə çalışır ki, onlar milli birlik partiyasının yaradılmaması üçün əllərindən gələni etdilər. Bu hökumət İordan Vadisini ilhaq edər, İudea və Samariya (Qərb sahil) məntəqələrində İsrailin suverenliyini tətbiq edərdi”, – Netanhayu sosial mediada yaydığı video-bəyanatda deyib.

“Bizi yeni seçkiyə onlar sürüklədilər”, – o, sözlərinə əlavə edib.

İsrailin “Channel 13” telekanalının açıqladığı rəy sorğusuna görə gələn seçkidə Maşi və Ağ 120 yerlik parlamentdə 37, Likud isə 33 yer qazana bilər.

Ümid azdır

“The Associated Press” agentliyi yazır ki, İsrail cəmiyyətindəki ziddiyyətləri, əks düşərgələr arasındakı dərin inamsızlığı nəzərə alanda daha bir seçkinin seçki düyününü çözəcəyinə, son bir ildə ölkəni çuğlamış sabitsizliyi yoluna qoyacağına ümid azdır. Üstəlik, son seçki kampaniyaları Netanyahunun ölkənin ərəb azlığına çirkab atması və ittihamları ilə yadda qalıb, agentlik yazır.

Elə dünənki video-bəyanatda da Netanyahu Gantzı ərəb “terror tərəfdarları”nın nazını çəkməkdə, ölkəni məcburən yeni seçkiyə aparmaqda suçlayıb. “Bunun yenidən baş verməməsi üçün etməli olduğumuz bircə şey var: qələbə, böyük qələbə qazanmaq”, – o deyib.

“AP” də yeni seçkinin ölkə iqtisadiyyatına yüzmilyonlarla dollara başa gələcəyini, gələn ilin ortasınadək iflic durumunun qalacağını yazır. Axı, son bir ildə müvəqqəti hökumətlər böyük qanun layihələrini, əsas təyinatları, uzunmüddətli planlaşdırmanı, ordu və vacib dövlət qurumlarının büdcələrini dondurub.

Agentlik yeni seçki kampaniyasının Netanyahunun siyasi ömrünü uzatdığını vurğulayır. O, hələ bir neçə ay da vəzifədə qalaraq prokuror və polis təhqiqatlarına hücumlarını davam etdirə bilər.

XS
SM
MD
LG