Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:19

Putin Rusiyanın sevgisini 'qaytara bilmədi' – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

“Heç bir diktator millətin razılığı olmadan idarə edə bilmir, ancaq 2019-cu il Rusiyasında Prezident Vladimir Putin millətin getdikcə onu daha könülsüz qəbul etdiyini anladı. Kökə mövsümü mənasını itirdikcə, o, kötəyə daha çox bel bağlamaqla reaksiya verir”. Bunu “The Moscow Times” qəzetində Leonid Bershidsky yazır.

Müəllifin fikrincə, Putin hələ 2018-ci ildə ölkəsindən çox, dünya ilə manipulyasiyanın daha asan olduğunu aşkarladı. 2014-cü ildə Ukraynanın Krım yarımadasının ilhaqı ilə yaradılan geosiyasi arxitektura formalaşınca Putinin ölkəiçi populyarlığı azalmağa başladı. Bunun bir səbəbi pensiya islahatları, təqaüd yaşının kəskin artırılması idi. Ölkəni etirazlar bürüdü. Artıq ilin sonuna Putin dünya xəritəsindən gözünü çəkərək Rusiyanın içinə yönəltdi. Bu zaman hakim Vahid Rusiya partiyası seçkidə ağrılı məğlubiyyətə uğramışdı.

“Bu il Putinin Rusiyanın sevgisini qaytarmaq cəhdləri uğursuz olub. Bu isə 2024-cü ildə hakimiyyətin rahat keçidinə təsir göstərir, o zaman Putin Konstitusiyaya uyğun olaraq vəzifədən getməlidir”, – müəllif yazır.

Müəllif Avropanın Kremlə sanksiyalarının yumşalmadığını, Ukrayna böhranının həll olunmadığını, Rusiyanın Yaxın Şərq və Afrikadan əsaslı iqtisadi dividendlər götürmədiyini yazır. Bütün bunlar isə Putinin əsasən iqtisadiyyatla bağlı olan daxili problemini dərinləşdirir.

Seçkilər və iqtisadi siyasət

“Qarşıdan gələn seçkilər Rusiya üçün yeni iqtisadi siyasət deməkdir”. Bunu isə “Karnegi” fondunun saytında dərc olunmuş məqalədə oxuyuruq.

Müəlliflər Rusiyada iqtisadi siyasətin seçkilərə, 2021-2024-cü illərə planlaşdırılan parlament və prezident seçkilərinə birbaşa olduğunu yazırlar.

“Gələn dörd il ərzində hakimiyyətin qarşısında vacib tapşırıq durur: bir tərəfdən mövcud hakimiyyət balansını kökündən dəyişmədən öz sabitliklərini saxlamalıdırlar. Digər tərəfdən Prezident Vladimir Putinin 2018-ci ildə təkrar seçilərkən qarşıya qoyduğu milli məqsədləri yerinə yetirməlidirlər. Bu məqsədlərin reallığa çevrilməsi isə fərqli iqtisadi artım modeli, bu səbəbdən fərqli iqtisadi siyasət tələb edir”, – məqalədə deyilir.

“Pensiya yaşının və ƏDV-nin artırılmasının bədəli aşırı oldu: həm prezidentin, həm də Vahid Rusiyanın reytinqi Krımın ilhaqından əvvəlki səviyyəyə düşdü... ƏDV-nin artırılması inflyasiyaya da təsirini göstərdi və bu da mərkəzi bankı faiz dərəcələrini ehtiyatla azaltmağa sövq etdi. Bütün bunlar isə investorların və ictimaiyyətin diqqətindən yayınmadı”, – yazan müəlliflər seçkilərə görə yaxşı xəbərin də olduğunu qeyd edirlər – hakimiyyət iqtisadi siyasətdə kəskin addımlar atmayacaq.

Pis xəbər isə odur ki, mövcud iqtisadi durum azı daha iki il qorunub saxlanacaq. Putinin 2024-cü ilədək vədlərinin hamısına əməl edə bilməyəcəyi, əhalinin daha da yoxsullaşacağı riski də var, məqalədə deyilir.

XS
SM
MD
LG