Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:19

Türkiyədən Avropaya gedən miqrantların sayı iki dəfə artıb – Qərb mediası


Yunanıstanın Samos adasında miqrant düşərgəsi
Yunanıstanın Samos adasında miqrant düşərgəsi

Bu il Avropa Birliyindən (AB) Türkiyəyə 70 min miqrant keçib. Bunu Almaniyanın “Deutche Welle” radiosu AB-nin məxfi hesabatına istinadla yazır. Radio bu rəqəmlərin AB-Türkiyə qaçqın razılaşmasının iflası məsələsini gündəmə gətirdiyini qeyd edir.

Hesabat bu il Avropadan Türkiyəyə keçən miqrant və qaçqınların sayının iki dəfəyədək artdığını üzə çıxarıb.

Yanvardan dekabrın ortasınadək AB-dən Türkiyəyə 70 min 2 nəfər miqrant gedib ki, bu ötən ilin eyni dövrüylə müqayisədə 46% artım deməkdir. 68 minədək miqrant Egey dənizindən Yunanıstana keçib və orada miqrantlarla dolu düşərgələrdə yaşayır. Daha az sayda miqrant isə Bolqarıstan, İtaliya və Kiprə keçib. Yeni trend kimi Əfqanıstandan daha çox miqrantın Avropaya getdiyi vurğulanır. Hazırda onların ümumi miqrant sayındakı payı 30% təşkil edir. Suriyadan sığınacaq istəyənlər 14%, pakistanlılar 9,5%, iraqlılar 8, Türkiyə vətəndaşları isə ümumi statistikada 5% paya malikdir.

Yunanıstan miqrant problemini necə yoluna qoyur

Yunanıstana gedənlər Egey adalarındakı qaçqın düşərgələrində sıxlığı daha da artırır. Bu düşərgələrdə ərzaq, geyim, dərman çatışmır. Yunanıstan hökuməti getdikcə daha artıq miqrantı materikə aparır. Amma AB-Türkiyə miqrant sazişinə əsasən, bu, xüsusilə “zəif” durumda olanlara, xəstələrə, hamilələrə, tək uşaqlara münasibətdə tətbiq olunur.

Türkiyənin 2016-cı ildə Avropa Birliyi ilə imzaladığı sazişə görə, Türkiyə ərazisindən keçən sığınacaq axtaranları geri qaytarmalı, onların Avropaya keçməsinin qarşısını almalıdır. Bunun əvəzində Türkiyə Suriya qaçqın böhranının həllindən ötrü 6 milyard avro (6,7 milyard dollar) yardım alır. Ankara isə dəfələrlə AB-nin öhdəliklərini yerinə yetirməməsindən şikayətlənib, daha artıq pul tələb edib.

Razılaşmanın mahiyyəti belədir ki, miqranların AB üzvü olan ölkələrə getmək şansı olmadığından adalarda qalırlar. İlin əvvəlindən dekabrın ortasınadək Yunanıstana 34 min miqrant aparılıb. AB-nin hesabatına görə, onlardan bəziləri Yunanıstanda qalır, çoxları isə Albaniya ilə sərhədə getməyə, oradan isə qaçaqçıların yardımı ilə Balkanlardan Avstriya və Almaniyaya keçməyə çalışır.

18 dekabr Beynəlxalq Miqrant Günü kimi qeyd olunur.

“Təhlükəsiz, nizamlı, ardıcıl miqrasiya hamımızın marağındadır. Miqrasiya üzrə milli prioritetlərə yalnız beynəlxalq əməkdaşlıq vasitəsilə əldə olunur”, – BMT-nin Baş katibi António Guterres dekabrın 18-də verdiyi bəyanatda deyir.

BMT-nin hesablamalarına görə, hazırda dünyada 270 milyondan çox miqrant var.

Ötən dekabrda ölkələr 18 aylıq konsultasiya və danışıqlardan sonra təhlükəsiz, nizamlı miqrasiya razılaşması əldə ediblər. Bu sənəd məsələnin bütün səviyyələrdə həllini nəzərdə tutur. Buraya adamları öz vətənlərindən didərgin salan səbəblərin yumşaldılması da daxildir. Səbəblərdən biri iş tapmaqla bağlıdır.

Varlı ölkələrə çağırış

Dünən – dekabrın 17-də isə Cenevrədə qlobal qaçqın sammiti başlanıb. “Frans Pres” agentliyi yazır ki, bu sammitin keçirildiyi dönəmdə evlərindən didərgin düşənlərin kəskin artmasıyla bağlı konkret tədbirlərin görülməsi, varlı ölkələrin bu yükün altına girməsi çağırışları səslənir.

2018-ci ilin sonunda 71 milyon nəfər müharibə, zorakılıq və təqib nəticəsində məcburi köçkünə çevrilmişdi. Onların içində 26 milyonadək qaçqın sərhədləri keçmişdi.

Agentlik dünyadakı qaçqınların 80 faizinin yoxsul və inkişaf etməkdə olan ölkələrdə yaşadığını qeyd edir.

“Yəqin ki, Türkiyə Prezidenti Recep Tayyip Erdogan dünyanın daha zəngin ölkələrini öz paylarına düşəni etməyə çağıracaq”, – agentlik yazır.

Hazırda Türkiyə dünyada ən çox qaçqına sığınacaq vermiş ölkə sayılır. Əsasən Suriyadan olmaqla 3 milyondan çox qaçqın Türkiyədə yaşayır.

BMT bir çox ölkələrdən, təşkilatlardan, şirkətlərdən qaçqınlarla bağlı maliyyə, texniki və maddi yardım, hüquqi və siyasi dəyişikliklər gözlədiyini açıqlayıb. Məqsəd daha artıq qaçqını inteqrasiya etməkdir.

XS
SM
MD
LG