Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:19

Gəncə məhbusu: ‘Məni məhkəməyə aparanda əllərimdən, bədənimdən qan tökülürdü’


Gəncə hadisələrində öldürülən polkovnikin xanımı məhkəməyə ərizəsində nə yazıb?

Gəncə hadisələrinə görə 7 il həbs cəzası almış Elşən Məmmədov deyir ki, ikinci qrup əlildir. Bu üzdən onu hərbi xidmətə də aparmamışdılar. Dediyinə görə, əlinə silah versələr, tuta bilməz, amma evindən qumbara tapıldığı iddia olunur. O, bütün bunlar haqda dekabrın 20-də məhkəmədə danışıb.

Elşən Məmmədov və onunla birlikdə mühakimə olunub, 2 ildən 18 ilə qədər cəza almış daha 6 nəfərin şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır. İşə baxanlar Gəncə Apellyasiya Məhkəməsinin hakimləridir.

“Özümüz də araşdırma aparıb, belə nəticəyə gəlmişik ki...”

Dekabrın 20-də apellyasiya məhkəməsində təqsirləndirilən şəxslər də, onların vəkilləri də hökmün ədalətsiz olduğunu, heç bir sübuta söykənmədiyini deyiblər. Vəkillər deyirlər ki, təqsirləndirilən şəxslər özləri də birinci instansiya məhkəməsində ifadələrində işgəncələrə məruz qaldıqlarını deyiblər, necə döyüldüklərini danışıblar.

Onların dediklərini təsdiqləyən başqa sübutlar da var. Məsələn, tibbi ekspertizanın rəyi. Rəydə onların üzərində xəsarətlərin olması açıq şəkildə yazılıb. Vəkillər narazılıq edib ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri bu sübutları görməməzliyə vuraraq, işgəncələrin araşdırılması, günahkarların cəzalandırılması üçün heç bir addım atmayıb.

18 il həbs cəzası almış Oqtay Hüseynzadənin vəkili deyir ki, birinci instansiyada ədalətli araşdırma aparılması üçün 18 vəsatət veriblər. Onlardan yalnız biri təmin edilib, o da qismən.

18 il həbsə məhkum edilmiş başqa bir Gəncə məhbusu Ürfan Məmmədovun vəkili bildirib ki, zərərçəkmişlərdən biri - Gəncədə ötən il iyulun 10-da keçirilən aksiyada öldürülən polis polkovniklərindən Səməd Abbasovun xanımı Leyla Abbasova Gəncə Apellyasiya Məhkəməsinin sədrinə ərizə göndərib.

Həmin ərizə notarial qaydada təsdiqlənib. Leyla Abbasova ərizəsində göstərib ki, təqsirləndirilən Ürfan Məmmədovun baş vermiş cinayətlə əlaqəsi olmadığını hesab edir. Özləri də araşdırma aparıb bu nəticəyə gəliblər.

Ürfan Məmmədovun atası polis olub. Leyla Abbasova ərizəsində vurğulayıb ki, bu ailə ilə tanış olublar.

“Gəncə kiçik şəhərdir. Biz özümüz də araşdırma aparıb, belə nəticəyə gəlmişik ki, Ürfan Məmmədovun bu hadisələrə aidiyyəti yoxdur”, – vəkilin dediyinə görə zərərçəkmiş ərizəsində belə yazıb.

Q.İbrahimov deyir ki, düzdür, polkovnikləri xəncərlə öldürməkdə suçlanan Rəşad Böyükkişiyevlə Ürfan Məmmədovun tanışlığı olub. Amma bu tanışlığı, onların arasında telefon zəngləri olmasını Ürfanın onunla əlbirliyi kimi təqdim etmək düzgün deyil.

“Bizə ağlasığmaz işgəncələr veriblər”

Ürfan Məmmədov özü də bildirib ki, 10 iyul hadisələri vaxtı o, Gəncədə yox, Daşkəsəndə olub.

Bu qrupdakı təqsirləndirilən şəxslərdən ata-bala Hüseyn və Rauf Bayramovlar da günahsız olduqlarını vurğulayıblar.

“Bizə ağlasığmaz işgəncələr veriblər. Təsəvvür edin, məni məhkəməyə aparanda əllərimdən, bədənimdən qan tökülürdü”, – Rauf Bayramov belə deyib.

Vəkillər apellyasiya şikayətlərinə qismən də olsa məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyiblər. Onlar həm də 10 iyul aksiyası vaxtı Gəncədə təhlükəsizlik kameralarının lentə aldığı görüntülərə məhkəmədə baxış keçirilməsini istəyirlər. Amma məhkəmə videogörüntülərlə bağlı vəsatəti təmin etməyib.

Məhkəmə prosesi yanvarın 24-nə qədər təxirə salınıb.

Bu qrupda təqsirləndirilən şəxslərin sayı 8 nəfər olsa da, məhkəmə qarşısına 7 nəfər çıxarılmışdı. Daha bir nəfər – Gəncədə ötən il iyulun 10-da polis polkovnikləri İlqar Balakişiyev və Səməd Abbasovu qətlə yetirməkdə suçlanan Rəşad Böyükkişiyev hadisədən iki gün sonra öldürülüb.

Qalan 7 nəfərdən Eşqin Quliyevə 20 il, Oqtay Hüseynzadə və Ürfan Məmmədova 18 il, Rauf Bayramova 9 il, onun oğlu Hüseyn Bayramova 2 il, Abbas Abbasov və Elşən Məmmədova isə 7 il həbs cəzası kəsilib. Ağır xəstə olan E.Quliyev hökmdən az sonra vəfat edib.

Xatırlatma

Ötən il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Yunis Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən İslam dövləti qurmaq olduğunu iddia edirlər. Məhkəməsi başlanmayan Yunis Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlamayıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinə hökm oxunub, 6 ildən 10 ilə qədər həbs cəzası verilib.

Sabiq icra başçısının güllələnməsində təqsirləndirilən 12 nəfərin işi üzrə istintaq da artıq başa çatıb, yanvarın 7-də məhkəmə başlayacaq.

Həbs olunanlar məhkəmə ifadələrində həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətə uyğun olmayan ifadələr verirlər.

XS
SM
MD
LG