Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 03:15

Medvedev deyir ki, sanksiyalar qaz kəmərinin çəkilişini dayandıra bilməz


Dmitry Medvedev
Dmitry Medvedev

Rusiyanın baş naziri Dmitry Medvedev deyib ki, ABŞ-ın bu layihəyə qoyduğu yeni sanksiyalar ŞimalAxını 2 kəmərinin çəkilişini uzağı bir-iki ay ləngidə bilər, amma ümumilikdə “fəlakətli” bir hal yoxdur.

Medvedev dekabrın 23-də Reuters agentliyinə deyib:

"Əlbəttə ki, biz bu kəmərin çəkilişini başa çatdıracağıq. Gazprom alternativ variantlara malikdir. Buna bir qədər çox vaxt lazım gələcək, amma böyük bir iş olmayıb”.

O bildirib ki, sanksiyaları “fəlakət” saymır, üstəlik Moskva Kiyevlə qazın tranziti barədə razılıq əldə edə bilib.

ABŞ prezidenti Donald Trump dekabrın 20-də ŞimalAxını 2 qaz kəməri layihəsində çalışan xarici şirkətlərə sanksiyalar elan etmişdi. Bunun nəticəsində kəmər çəkilişinin iri podratçılarından biri fəaliyyətini dayandırıb.

11 milyard dollarlıq kəmərin çəkilişi az qala başa çatmaq üzrədir. Buna görə də təhlilçilər layihənin bu mərhələsində qoyulan sanksiyaların səmərəsinə şübhə edirlər.

Baltik dənizinin dibi ilə Rusiyadan Almaniyaya çəkilən 2460 kilometrlik kəmərin yalnız 160 kilometrinin tikintisi qalır.

ŞimalAxını 2 kəməri hazırda istismarda olan ŞimalAxını 1 kəmərinin ixrac həcmlərini iki dəfə artıraraq ildə 110 milyard kubmetrə çatdırmalıdır.

Bir sıra Avropa ölkələri də daxil tənqidçilər deyirlər ki, ŞimalAxını 2 kəməri Avropa İttifaqının Rusiya qazından asılılığını artıracaq.

Moskva Vaşinqtonu Avropaya özünün maye qazını sata bilmək məqsədilə ŞimalAxını 2 layihəsini əngəlləmədkdə ittiham edir.

Almaniya ABŞ sanksiyalarını onun daxili işlərinə qarışılması kimi tənqid edib.

Avropa Komissiyasının ən son məlumatına görə Avropa İttifaqının bütün qaz idxalının 45 faizi Rusiya qazının payına düşür.

XS
SM
MD
LG