Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:21

Johnson Rusiyayla bağlı ‘yanıldığını’ deyir


Boris Johnson Estoniyada
Boris Johnson Estoniyada

Britaniyanın Baş naziri Boris Johnson deyir ki, Rusiyayla bağlı “yanılıb” və Moskvayla münasibətləri “yenidən qurmağın” mümkünlüyünə daha inanmır.

“Rusiyayla münasibətləri yenidən qurmaq barədə fikrimi dəyişmişəm”, – baş nazir Britaniyanın “Spectator” jurnalına deyib.

“Həqiqətən düşünürdüm ki, – məncə, bir çox xarici işlər nazirləri və baş nazirlər də əvvəl belə düşünüblər, – biz Rusiyayla yenidən başlaya bilərik. Biz bu ölkə ilə birlikdə faşizmə qarşı mübarizə aparmışıq… Mənim yanılmağım çox, çox məyusedicidir”, – Johnson vurğulayıb. O, 2016-2018-ci illərdə Britaniyanın xarici işlər naziri olub, 2019-cu ilin iyulunda baş nazir postuna keçib.

“Dəhşətli problemlərimizin olması...”

Johnson dekabrın 21-də Estoniyaya səfəri zamanı demişdi ki, Rusiyayla münasibətlərin yaxşılaşmasına ümid edir, amma iki ölkəni ayıran “dəhşətli problemlər” var.

Johnson bunları Estoniyada xidmət keçən 850 britaniyalı əsgərin qarşısında söyləyib. Qərb bu yolla Rusiyanın “təcavüz”ünü önləməyə çalışdığını bildirir. Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra bu əndişələr daha da artıb.

Baş nazir Estoniyanın “ERR news” portalına onu da deyib ki, “mən Qərbi Avropada Rusiyayla həmişə daha yaxşı əlaqələr qura biləcəyimizə ümid edənlərdənəm. Biz həmişə ümid edirik”.

“Biz daha yaxşı kommersiya münasibətləri qurmaq, daha çox ticarət etmək istəyirik, amma dəhşətli problemlərimizin olması məyusluq yaradır”, – o əlavə edib.

Johnson İngiltərənin Solsberi şəhərindəki insidenti misal çəkib. 2018-ci ildə keçmiş rusiyalı ikili agent Sergei Skripal və qızı Yulia həmin şəhərdə skamyada huşsuz tapılıb. Onların sovet istehsalı olan Noviçok sinir qazıyla zəhərləndiyi üzə çıxınca Britaniya və Qərb bunda Moskvanı ittiham elədi. Rusiya isə iddiaları rədd elədi.

Skripallar daha sonra sağaldılar, həmin ilin iyununda sinir qazının təsirinə məruz qalmış daha iki britaniyalından biri isə vəfat etdi.

XS
SM
MD
LG