2014-cü ildə Ukraynanın şərqində münaqişə başlayanı ən böyük məhbus mübadiləsi həyata keçirilib. İndiyədək Donbas münaqişəsində 14 minədək adam öldürülüb.
Dekabrın 29-da Ukrayna hakimiyyəti ilə Rusiyanın dəstəklədiyi separatçıları şərqi Donetsk regionundakı Horlivka şəhəri yaxınlığında məhbusları dəyişiblər.
200-dək məhbus dəyişdirilib
Ukrayna Prezidenti Volodymyr Zelenskiy və Ukrayna tərəfinə təhvil verilən keçmiş məhbusların qohumları və tərəfdarları Kiyevin Borispil Aeroportuna yığışıblar.
Ümumilikdə 200-dək məhbusun dəyişdirildiyi bildirilir. Onların içində rusiyalılar, separatçı döyüşçülər, terrorçuluqda təqsirli bilinmiş şəxslər, separatçı regionlarda uzun müddətdir saxlanmış dinc sakinlər və hərbçilər də olub.
“Saxlanmış şəxslərin qarşılıqlı şəkildə azadlığa buraxılması başa çatıb. Bizimkilərdən 76 nəfər Ukraynanın nəzarətində olan ərazidədir. Detallar daha sonra açıqlanacaq”, – prezident idarəsi tvitində yazıb.
Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının müşaviri Serhiy Sivoha Hromadske TV-yə deyib ki, Ukrayna qarşı tərəfə 127 nəfəri təhvil verib.
Ukraynanın təhvil aldığı şəxslər içində 12 hərbçi, 64 dinc sakin var. Onlardan ikisi AzadAvropa/AzadlıqRadiosunun jurnalistləridir.
Məhbus mübadiləsini alqışlayırlar
Fransa Prezidenti Emmanuel Macron və Almaniyanın Kansleri Angela Merkel birgə bəyanatlarında məhbus mübadiləsini alqışlayıblar. Bu ölkələr Ukrayna münaqişəsinin həlli üzrə Normandiya Dördlüyünə daxildirlər.
Avropa Birliyinin Xarici siyasət rəhbəri Joseph Borrel-in sözçüsü bu addımı alqışlayıb. “Avropa Birliyi bütün tərəflərin bu istiqamətdə işi davam etdirəcəyini gözləyir”, – bəyanatda vurğulanır.
Son dörd ayda ukraynalıların iştirakıyla ikinci, Donbas münaqişəsi başlananı isə dördüncü məhbus mübadiləsi baş verir.
Azad olunan jurnalistlər Stanislav Aseyev və Oleh Halaziuk AzadlıqRadiosu ilə əməkdaşlıq edirlər. Separatçılar onları 2017-ci ildən bəri saxlayır.
İfadə azadlığını dəstəkləyən PEN America təşkilatı jurnalistlərin buraxılmasını alqışlayıb.
Rusiya bu münaqişədə tərəf olmadığıı desə də, separatçı liderlərlə kommunikasiya, münaqişədə ələ keçirilən, öldürülən rusiyalılarla bağlı ciddi dəlillər var.
ABŞ-ın Kiyevdəki səfirliyi, Rusiya Prezidenti Vladimir Putin də məhbus mübadiləsini alqışlayıb.
Rusiya Ukraynanın Krım yarımadasını 2014-cü ildə ilhaq edib və ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. Qərb buna görə Moskvaya sərt sanksiyalar tətbiq edib.