Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:46

‘Məhkəmə açıq keçirilsin, hamı hər şeyi görsün...’


Dövlətə xəyanətdə suçlanan xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanovun işi üzrə ibtidai istintaq başa çatıb. Bu barədə AzadlıqRadiosuna jurnalistin həyat yoldaşı Gülmirə Aslanova məlumat verib. Xanımının sözlərinə görə, hazırda Polad Aslanov və müdafiəçiləri cinayət işinin materialları ilə tanış olur.

Gülmirə Aslanova deyir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları evlərində axtarış aparanda həyat yoldaşıyla yanaşı, onun özünün də bir sıra şəxsi əşyalarını götürmüşdülər. İstintaqın başa çatdığı elan ediləndən sonra onun əşyalarını qaytarıblar:

“Mənə aid “Samsung” markalı telefonu və planşeti qaytardılar. Poladın telefonunu, kompüterini, flaşkartını və sənədləri saxladılar”.

Polad Aslanov CM-in 274 (dövlətə xəyanət) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələrilə ittiham olunur. O, xarici xüsusi xidmət orqanına casusluqda, həmçinin saytlardan birinin əməkdaşını ölümlə hədələməkdə suçlanır. Sonuncu ittiham ona ötən həftə irəli sürülüb.

Adətən dövlətə xəyanətdə ittiham olunanların məhkəməsi qapalı keçirilir. Prosesdə dövlət sirri sayılan məlumatlardan bəhs olunduğunu əsas gətirərək, hakimlər belə qərar verir. Amma G.Aslanova deyir ki, həyat yoldaşı məhkəməsinin qapalı keçirilməsinin əleyhinədir:

“İşə hansı məhkəmədə baxılacaqsa, əvvəldən müraciət edəcək, vəsatət qaldıracaq ki, bu işə açıq məhkəmədə baxılsın. Əgər Polad Aslanovun əleyhinə sübut varsa, ortaya qoysunlar, cəmiyyətin gözü qarşısında ifşa eləsinlər. O prosesi qapalı keçirib, saxta sübutlarla onu dövlətə xəyanət kimi ağır əməldə şərlənməsinə imkan verə bilməz. Polad deyir ki, məhkəmə açıq keçirilsin, hamı hər şeyi görsün...”

Polad Aslanovun işi üzrə cinayət işinin materiallarının baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcəyi gözlənilir.

Xatırlatma

Polad Aslanov bu il iyunun 12-də saxlanılıb, 14-də isə Səbail Rayon Mәhkәmәsinin qərarıyla barəsində ilkin istintaq dövrü üçün 4 aylıq hәbs-qətimkan tədbiri seçilib.

O, CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Bu maddədə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

DTX-nın yaydığı rəsmi açıqlamada iddia olunur ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb.

Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

Ailə üzvlərinin bildirdiyinə görə, Polad Aslanov ittihamı qəbul etmir və sifarişlə həbs olunduğunu deyir. İddia edir ki, rəhbərlik etdiyi saytda DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə şərlənib.

Ailə üzvləri iddia edir ki, cəza olaraq öncə P.Aslanovu səhhətində problemlər olduğu halda, hərbi xidmətə apardılar, orada ağır şərtlər altında saxlandı: «Qayıdandan sonra da tənqidi yazılarına son qoymadığına görə bu dəfə belə cəzalandırdılar».

Polad Aslanov 2018-ci il aprelin 19-29 yaşında hərbi xidmətə aparılmışdı. O zaman ailəsi bildirirdi ki, o, səhhətindəki problemlərlə əlaqədar bundan əvvəl hərbi xidmətə aparılmayıb, ona “sülh şəraitində hərbi xidmətə yararsız” olması barədə hərbi bilet verilib.

“Ürəyində damar tıxanmasından, təzyiqdən əziyyət çəkən adamı qəfildən komissarlığa çağırıb, Naxçıvana göndərməyə nə ad vermək olar?”, - G.Aslanova belə deyirdi.

Polad Aslanov birillik hərbi xidmətini bu ilin aprelində başa vurub, iki ay sonra həbs edilib.

Polad Aslanova qarşı irəli sürülmüş yeni ittihamda - CM-in 134-cü maddəsində 2 min manata qədər cərimə, 2 ilədək islah işləri və bu müddətdə həbs nəzərdə tutulub.

XS
SM
MD
LG