Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:31

İran hərbiyyəsi ABŞ-ı hədələyir


İslam İnqilabı Keşikçiləri Korpusunun başçısı, briqada generalı Hossein Salami
İslam İnqilabı Keşikçiləri Korpusunun başçısı, briqada generalı Hossein Salami

ABŞ prezidenti Donald Trump İraqdakı anti-Amerika etirazlarına görə Tehranın məsuliyyət daşıyacağını bəyan etdikdən sonra İran hərbiyyəsinin başçıları Vaşinqtona xəbərdarlıq ediblər.

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) başçısı, briqada generalı Hossein Salami yanvarın 2-də deyib:

"Biz ölkəni müharibəyə aparmırıq, amma biz heç bir müharibədən də qorxmuruq. Biz Amerikanı İran xalqı ilə düzgün danışmağa çağırırıq. Biz onların qüvvəsini dəf etmək üçün hazırıq və qətiyyən narahat deyilik”.

Bu arada ordu general-mayoru Abdolrahim Musavi deyib ki, İran Silahlı Qüvvələri “düşmənlə” qarşılaşmağa hazırdır:

“Əgər kimsə, kiçicik bir səhvə yol versə, İran ordusu qətiyyətli cavab verəcək”.

İranyönlü etirazçılar Bağdaddakı ABŞ səfirliyinin qarşısından dağılışır

Bundan əvvəl İraqda ABŞ-ın bu ölkəyə aviasiya zərbələrinə etiraz edən iranyönlü qüvvələr öz tərəfdarlarını Birləşmiş Ştatların Bağdaddakı səfirliyinin ərazisindən çıxmağa çağırmışdı.

Şiə yaraqlı qruplaşmalarını birləşdirən Xalq Səfərbərlik Qüvvələri (XSQ) yanvarın 1-də verdiyi bəyanatda İraq hökumətinin çağırışına hay verərək tərəfdarlarını ABŞ səfirliyinin şəhərciyindən çıxmağa çağırıb.

The New York Times qəzeti xəbər verir ki, yanvarın 1-də günortayadək 200-ə yaxın etirazçı çadırlarını da yığışdıraraq dağılışıb.

Bundan əvvəl ABŞ hərbçiləri iranyönlü etirazçıları səfirliyin ərazisindəm dağıtmaq məqsədilə gözyaşardıcı qazlardan istifadə etmişdi.

Onlarla iranyönlü silahlı və etirazçı Bağdaddakı ABŞ səfirliyinin qapısında düşərgə salaraq gecəni orada keçirmişdi.

***

Bağdadda ABŞ səfirliyi qarşısında zorakı etirazları dayandırmaq üçün İraq təhlükəsizlik qüvvələri səfirlik binasının qarşısına gözyaşardıcı qaz buraxıb. Səfirliyin içərisindəki mühafizəçilər isə səs qumbarasından istifadə ediblər.

“Reuters” bu müdafiə tədbirləri nəticəsində nümayişlərə qatılmış 12 silahlının xəsarət aldığını xəbər verir.

ABŞ Prezidenti Donald Trump dekabrın 31-də tvitində yazıb ki, “İran amerikalı kontraktoru öldürdü və bir çoxunu yaraladı. Biz buna güclü şəkildə cavab verdik və həmişə də belə olacaq. İndi İran İraqdakı ABŞ səfirliyi üzərinə hücum təşkil edir. Onlar buna görə tam məsuliyyət daşıyacaqlar”.

Trump əlavə edib ki, “Səfirliyi qorumaq üçün İraqın öz qüvvələrindən istifadə edəcəyini gözləyirik”.

***

İraqdakı ABŞ səfirliyinin əməkdaşları və səfirin binadan çıxarıldığı xəbər verilir. Səbəb səfirlik qarşısında keçirilən etirazlardır. Nümayişçilər ABŞ-ın İranın dəstəklədiyi silahlı qruplaşmanın azı 25 üzvünün öldürüldüyü raket zərbələrinə etiraza yığışıblar.

Dekabrın 31-də qəzəbli nümayişçilər səfirlik binasına basqın edib. “Reuters” hadisələr barədə İraqın Xarici İşlər Nazirliyinin adını açıqlamadığı rəsmilərinə istinadla məlumat verir.

“The Associated Press”in xəbərinə görə, səfirliyin darvazası sındırılıb, nümayişçilər binaya girəndə atəş səsləri eşidilib. Bir videoda isə etirazçıların bina qarşısında bir divara od vurduğu görünür.

Hashd al-Shaabi döyüşçüləri səfirliyin divarını yandırır
Hashd al-Shaabi döyüşçüləri səfirliyin divarını yandırır

Minlərlə iraqlı əraziyə yığışaraq dekabrın 29-da ABŞ-ın İraq və Suriyaya endirdiyi raket zərbələrini pisləyib. Həmin zərbələrdə “Kataeb Hizbullah” silahlı qruplaşmasının azı 25 üzvü qətlə yetirilib.

Birləşmiş Ştatlar bu qruplaşmanın İraqda ABŞ əsgərlərinin yerləşdiyi bazalara hücumlarına cavab olaraq beş hədəfə “dəqiq müdafiə zərbələri” endirdiyini bildirib. Dekabrın 27-də hücum zamanı amerikalı bir kontraktor öldürülüb, ABŞ və İraq qüvvələrindən yaralananlar olub.

“Kataeb Hizbullah” 50 üzvünün öldürüldüyünü, 50-nin yaralandığını desə də, hücumlarda əli olmadığını vurğulayıb.

Silahlı qruplaşmaların bayraqları qaldırılıb

Dpa agentliyinin məlumatına görə, dekabrın 31-də etirazçılar Bağdadın ciddi şəkildə qorunan Yaşıl Zona deyilən ərazisində yerləşən səfirliyin qapısına hücum çəkib, “Amerikaya ölüm”, “Amerikaya yox” şüarları səsləndiriblər. Agentlik bildirir ki, ölənlərin yasını tutanlar İraqın nüfuzlu “Hashd Shaabi” qruplaşmasının bayraqlarını qaldırıblar. “The New York Times” isə nümayişçilərin “Kataeb Hizbullah”ın bayraqlarını qaldırdığını xəbər verir.

Səfirliyin qarşısındakı keşikçi köşkü yandırılır
Səfirliyin qarşısındakı keşikçi köşkü yandırılır

Baş nazir Adil Abdul-Mahdi-nin istefasından sonra İraqdakı aralıq hökumət dekabrın 30-da bəyan edib ki, raket zərbələrindən sonra Birləşmiş Ştatlarla münasibətləri “nəzərdən keçirə” bilər. “Amerika qüvvələri iraqlıların deyil, özlərinin siyasi prioritetlərinə uyğun davranıblar”, – hökumət bildirib.

İraqın nüfuzlu şiə ruhanisi, parlamentdə aparıcı blok üzərində böyük təsirə malik olan Muqtada al-Sadr dekabrın 30-da yaydığı bəyanatda İranın dəstəklədiyi silahlıları “məsuliyyətsiz hərəkətlər”dən çəkinməyə çağırıb. Bunu “Reuters” yazır.

ABŞ Dövlət Departamentində aparıcı rəsmi isə İraq hakimiyyəti barədə deyib ki, “bizi qorumaq onların məsuliyyəti və borcudur. Bunu etmək üçün uyğun addımlar atmayıblar”, – “Frans Pres” yazır.

Dövlət katibi Mike Pompeo-nun dekabrın 31-də Twitter-də yazmasına görə, İsrailin Baş naziri Benjamin Netanyahu ilə telefon söhbətində ABŞ-ın sözügedən zərbələrini müzakirə ediblər.

Pompeo başqa bir tvitində BMT-nin Baş katibi Antonio Guterres ilə danışdığını yazıb. “Aydın şəkildə bəyan etdik ki, müdafiə hərəkətimizin məqsədi İranın qarşısını almaq, amerikalıların həyatını qorumaq idi”, – o vurğulayıb.

XS
SM
MD
LG