Fransa, Britaniya və Almaniyadan ibarət E3 qrupu Tehranı dünya gücləri ilə 2015-ci il nüvə sazişinə əməl etməyə, zorakılıqdan çəkinməyə çağırıb. Bu çağırış İranın Qüds qüvvələri komandiri Qasem Soleimani-nin yanvarın 3-də Bağdadda qətlindən sonra səslənib.
Fransa, Britaniya və Almaniyadan ibarət E3 qrupu Tehranı 2015-ci ildə dünya gücləri ilə imzalanmış nüvə sazişinə sayqı göstərməyə, zorakılıqdan çəkinməyə çağırıb.
“İslam Dövləti ilə müharibəni davam etdirmək...”
Sazişə imza atmış bu 3 ölkə yanvarın 6-da imzaladığı birgə bəyanatda İraqda və İranda gərginliyin azaldılmasının vacibliyini, eyni zamanda İslam Dövləti (İŞİD) qruplaşması ilə mübarizə qətiyyətlərini vurğulayıblar.
“Biz İslam Dövləti ilə müharibəni davam etdirməyə sadiqliyimizi, bunun prioritet olduğunu təsdiqləyirik. Bu baxımdan koalisiyanı saxlamağımız vacibdir. İraq hakimiyyətini koalisiyaya gərəkən dəstəyi davam etdirməyə çağırırıq”, – E3 qrupu bəyanatda bildirir.
Bundan bir gün öncə İran bəyan edib ki, daha nüvə sazişinin nəzərdə tutduğu məhdudiyyətlərə əməl etməyəcək.
İraq parlamenti isə xarici qüvvələrin ölkə ərazisindən çıxarılması ilə bağlı qətnamə qəbul edib.
İran hökuməti artıq sazişdən kənar beşinci addımını açıqlayıb. Rəsmi medianın yaydığı bəyanata görə, ölkə uran zənginləşdirmə üçün istifadə olunan “sentrifuq sayına limiti” aşacaq.
Bəyanatda deyilir ki, İran daha uran zənginləşdirməyə, zənginləşdirilmiş material ehtiyatının həcminə, nüvə fəaliyyəti üzrə tədqiqat və inkişafa məhdudiyyətlərə əməl etməyəcək.
Ancaq proqram üzrə hansı səviyyənin əldə olunacağı açıqlanmayıb.
Soleimani-nin qətli regionda gərginliyi daha da qızışdırıb.
Birləşmiş Ştatlar 2018-ci ilin mayında İranla nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa etməyə başlayıb.
Nüvə sazişi İranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.
ABŞ sanksiyaları qaldırarsa...
Prezident Hassan Rohani administrasiyası bildirib ki, Birləşmiş Ştatlar Tehrana sanksiyaları qaldırarsa, bu addımlar dayandırıla bilər. Bəyanatda o da vurğulanır ki, İran BMT-nin nüvə agentliyi olan Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı davam etdirəcək.
Ancaq bəyanatda İranın nüvə sazişindən çıxdığı açıqlanmır.
ABŞ Prezidenti Donald Trump İranı razılaşma üzrə yeni danışıqlara məcbur etmək istəyir. Onun fikrincə, sazişin şərtləri Tehranın nüvə silahı hazırlamasının, ballistik raket proqramının, Yaxın Şərqdə “proksi” qruplara dəstəyinin qarşısını almır.
İran isə nüvə proqramının sırf dinc məqsədli olduğunu deyir.
Sazişi imzalamış bu 3 ölkə üstəgəl Çin və Rusiya da onu qorumağa çalışırlar.
Ancaq avropalı tərəfdaşlar indiyədək Tehranın ABŞ sanksiyalarına rəğmən xaricdə xam neft satışı üçün yol təklif edə bilməyiblər. Sanksiyalar nəticəsində İran valyutası kəskin ucuzlaşıb, inflyasiya artıb.
AB yanvarın 5-də bildirib ki, İranın Xarici işlər naziri Mohammad Javad Zarif Brüsselə danışıqlara dəvət olunub.