Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:43

Stanley Kubrick-in bəyəndiyi ən yaxşı 10 film


Stanley Kubrick
Stanley Kubrick

Dahi kinorejissor Stanley Kubrick-in bir neçə yarımçıq layihəsi var. O, 2001-ci ildə Napoleon Bonapartın həyatından söz açan «Napoleon» filmini çəkmək qərarına gəlir və bu məqsədlə xeyli araşdırma aparır; eyni mövzuda çəkilmiş bütün filmlərə baxmağa çalışır. Sergei Bondarchuk-un 1967-ci ildə çəkdiyi «Hərb və Sülh» filmini də izləyir. Ancaq gördüyü filmlərin heç birini bəyənmir. Öz filmini Fransa, Britaniya və Rumıniyada çəkməyi planlaşdırır. Hətta hərb və döyüş səhnələrini çəkməkdən ötrü Rumıniya ordusunun köməyindən də faydalanacaqmış. Di gəl, bəzi səbəblərdən rejissor öz niyyətini yekun məhsul halına gətirməkdən imtina edib.

Hadisələr Varşavada cərəyan etsə də…

«Ari sənədləri» (Aryan Papers) də Kubrick-in çəkmək istədiyi, ancaq yarımçıq qoyduğu layihələrindən biridir. Louis Begley-in «Savaş yalanları» (Wartime Lies) kitabı əsasında çəkilməli olan film Holokost dönəmində nasistlərdən gizlənən oğlan və onun xalasından söz açacaqdı. Kubrick, demək olar, baş rol ifaçılarını da müəyyənləşdirmişdi. Xala rolunu ya Julia Roberts, ya da Uma Thurman oynamalıydı. Senaridə hadisələr Varşavada cərəyan etsə də, filmin özü Çexiyanın Brno şəhərində çəkiləcəkdi.

Ancaq 1995-ci ildə Kubrick bu layihəni reallaşdırmaqdan boyun qaçırır. İmtinanın Stieven Spilberg-in 1993-cü ildə ekranlara çıxmış «Şindlerin siyahısı» (Schindler’s List) filminin təsirindən qaynaqlandığı iddia edilir. Kubrick-in həyat yoldaşı imtina qərarının mövzudan da irəli gəldiyini, mövzunun rejissoru depressiyaya uğratdığını da söyləyib.

Stanley Kubrick BBC-nin radio tamaşalarını dinləməyi çox sevərmiş

O, 1960-cı illərdə «Günəşdə kölgə» (Shadow on the Sun) adlı radio tamaşasını dinləyir. Tamaşa Gavin Blakeney-nin eyniadlı fantastik romanı əsasında hazırlanıbmış. 1988-ci ildə Kubrick əsəri ekranlaşdırmaq hüququnu Blakeney-dən satın alır. O, senarini diqqətlə oxuyandan az sonra «A.I. Süni zəka» (A.I. Artificial Intelligence) filmini çəkir. Gerçəyə çevrilməyən «Günəşdə kölgə» layihəsinin təxminən «Dünyaların savaşı» (War of the Worlds) və «Mars hücuma keçir!» (Mars Attacks!) filmlərinin qarışığı kimi ola biləcəyi deyilir.

Ən yaxşı 10 film?

1963-cü ildə Amerikada çıxan «Cinema» jurnalı Stanley Kubrick-in ən çox sevdiyi 10 filmin siyahısını dərc edib. Siyahıdakı filmlər bunlardır:

1. «Analarının gül balaları» (I Vitelloni) (Fellini, 1953)

2. «Yabanı çiyələk çölü» (Wild Strawberries) (Bergman, 1957)

3. «Vətəndaş Keyn» (Citizen Kane) (Welles, 1941)

4. «Syerra-Madrenin xəzinəsi» (The Treasure of the Sierra Madre) (Huston, 1948)

5. «Böyük şəhərin işıqları» (City Lights) (Chaplin, 1931)

6. «V Henri» (Henry V) (Olivier, 1944)

7. «Gecə» (La note) (Antonioni, 1961)

8. «Bank detektivi» (The Bank Dick) (Fields, 1940)

9. «Roksi Hart» (Roxie Hart) (Wellman, 1942)

10. «Cəhənnəm mələkləri» (Hell’s Angels) (Hughes, 1930)

Burası da var ki…

Kubrick bu siyahını jurnala təqdim edəndən sonra daha 36 il yaşayıb və çoxlu başqa film izləyib. Bu mənada həmin siyahı tam sayıla bilməz. Rejissorun yaxınlarından Jan Harlan deyib ki, Kubrick sonrakı illər boyunca 1963-cü ildə düzəltdiyi siyahıya ciddi dəyişiklik edərdi: «Düzdür, «Yabanı çiyələk tarlası», «Vətəndaş Keyn» və «Böyük şəhərin işıqları» bu siyahıda qalardı. Ancaq o, Kenneth Branagh-in «V Henri»sini köhnə və köhnə dəbli Olivier versiyasından daha çox bəyənirdi». Üstəlik, Kubrick-in özü Max Ophuls-u «hamıdan yüksək» və «bütün mümkün özəlliklərə sahib» adlandırırmış. O, Elia Kazan-ın «şübhəsiz ki, Amerikada olan ən yaxşı rejissor» olduğunu da deyib. Kubrick David Lean, Vittorio de Sica və François Truffaut-nu da çox bəyənirmiş.

XS
SM
MD
LG