Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:27

10 yaşlı qızın ölümü ilə bağlı rəsmi açıqlama yayılıb


Tovuz rayonunda itkin düşən və daha sonra yandırılmış vəziyyətdə meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə şübhəli bilinən şəxsin saxlandığı bildirilir.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında qeyd edilir ki, saxlanan Nərmin Quliyevanın ailəsinin qonşuluğunda yaşayan 47 yaşlı İlkin Süleymanovdur.

Rəsmi məlumata görə, dindirmə zamanı İlkin Süleymanov cinayəti etiraf edib. Amma bunlar yalnız hüquq-mühafizə orqanlarının məlumatıdır, hələlik İlkin Süleymanovun nə yaxınlarının, nə də vəkilinin bu ittihamlarla bağlı fikirlərini öyrənmək mümkün olub.

Adının çəkilməsini istəməyən bir kənd sakini AzadlıqRadiosuna deyib ki, İlkin Süleymanov kənddə özünə qapanan biri kimi tanınır, amma bugünədək heç kim, eləcə də Nərmin Quliyevanın ailəsi də ondan şübhələnməyib.

Onun qeyd etməsinə görə, meyit barədə ilk xəbər verən də elə İlkin Süleymanov olub:

"İlkin Süleymanov ali təhsillidir, məktəbdə Nərminin atası ilə bir sinifdə oxuyub, qohumluq əlaqələri yoxdur. Küçədə heç kəsə "salam" verməzdi, özünə qapanan, subay, sakit biri idi. İndiyədək heç kəsə bir zərəri dəyməyib, heç kim də ondan bir təhlükə hiss etməyib. İlkin 2 mərtəbəli evdə yaşayır, həyətlərində "əl damı" da var ".

Amma adının çəkilməsini istəməyən bu şəxsin bu açıqlamasını da İlkin Süleymanovun yaxınlarından, yerli səhiyyə və hüquq mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmayıb.

Xatırlatma

10 yaşlı Nərmin Quliyeva 2019-cu ilin noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində itkin düşüb.

Onun meyiti bir müddət sonra Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanmışdı.

XS
SM
MD
LG