Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:21

10 yaşlı qızın qətlində şübhəli bilinən şəxsin bacısı nə deyir (VIDEO)


İllüstrativ foto
İllüstrativ foto

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərminin qətlində şübhəli bilinən İlkin Süleymanovun ailə üzvləri ona verilən ittihamı qəbul etmirlər.

İlkin Süleymanovun barəsində 2 ay müddətinə həbs qərarı verilib, hazırda istintaq gedir. Baş Prokurorluq bildirib ki, İlkin Süleymanov sözü gedən əməli törətdiyini etiraf edib.

İlkin Süleymanovun bacısı İlhamə Süleymanova isə deyir ki, saxlandığı müddətdə qardaşı ilə bir dəfə də görüşə bilməyiblər və bu etirafın hansı şəraitdə, necə baş verməsi onlara qaranlıqdır. Onun dediyinə görə istintaq orqanı ona qardaşının etirafı olan əlyazmanı göstərib:

“Mənə göstərdilər ki, bu, qardaşınızın etirafıdır. Ancaq o mənim qardaşımın xətti deyildi, dedim ki, qardaşımın xətti deyil. Qardaşlarım da görüş üçün müraciət ediblər, icazə verilmir. Əminik ki, qardaşımızın bir günahı yoxdur. Çünki atam, anam dəfələrlə o otağa girib-çıxıb, nə oldu ki, biz bunu görə bilmədik, kor idikmi?”

İlhamə Süleymanova danışır ki, atası xəstə olduğundan ötən ilin oktyabr ayından o da ata evində yaşayır. Dediyinə görə bu müddət ərzində qardaşı İlkinlə eyni otaqda qalıb.

10 yaşlı Nərmin Quliyeva keçən il noyabrın 21-dən itkin düşüb. Yanvarın 6-da qonşuluqdakı evin hasarı yaxınlığında onun yandırılmış meyiti tapılıb.

İlhamə Süleymanova deyir ki, hüquq-mühafizə orqanlarının 10 yaşlı qızın saxlandığını iddia etdikləri otağa bu müddət ərzində bir neçə dəfə girib-çıxıblar. Orada kiminsə gizlədilməsi və ailə üzvlərinin buna duyuq düşməməsi mümkünsüzdür.

“Ev axtarılmasında it gətirilib, bəs niyə o it küçədən bəri keçmədi? İndi deyirlər evləri bir-bir axtarmışıq, kaş ki, o vaxt bizim evimizi ələk-vələk edərdilər, indi başımıza bu iş gəlməzdi. O uşaq saxlandığı deyilən yerin altında otaq var, hər gün cücələrin taxılını oradan götürmüşük, orada həm də mətbəximiz var, pəncərənin altında hər gün paltar səririk, nə qədər əli-qolu, ağzı bağlı adam olsa da, bir zarıltısı eşidilməzdimi? 3 aydır mən bu evdə yaşayıram, necə oldu ki, bir dəfə də qardaşımda şübhəli heç nə hiss etmədim, daim mənimlə bir otaqda yatıb. Bir dəfə görmədik ki, həmin evə çıxsın”.

İlhamə Süleymanova qardaşının hər hansı psixoloji probleminin olması ilə bağlı iddiaları da təkzib edir və deyir ki, qardaşı heç bir psixoloji-nevroloji dispanserdə qeydiyyatda olmayıb.

Ailə üzvlərinin dediyinə görə, 2 gündür ki, İlkin Süleymanova vəkil tutublar, amma indiyədək vəkili də onunla görüşə bilməyib. Ailənin ümidi istintaqın düzgün aparılması üçün prezidentə üz tutmaqdır.

Baş prokurorluq isə BBC Azərbaycancaya məlumatında İlkin Süleymanovdan işgəncə altında ifadə alınması barədə iddiaları rədd edib.

İlkin Süleymanovla bir sinifdə oxumuş, 10 yaşlı Nərminin atası Şərif Quliyevsə istintaqın gedişi ilə bağlı fikir söyləmək istəmədiyini deyir.

O İlkin Süleymanovla bağlı da mövqe bildirməkdə çətinlik çəkdiyini bildirib. O deyib ki, yeganə istəyi cinayəti törədənin tapılıb cəzalandırılmasıdır.

Yanvarın 6-da Nərminin yandırılmış meyiti tapılandan sonra ictimai qınağa tuş gələn hüquq-mühafizə orqanları azyaşlının axtarışları ilə bağlı tənqidlərə cavab vermişdi.

DİN bildirmişdi ki, dərhal lazımi araşdırmalara başlayıblar, axtarışlarda xüsusi təlim keçmiş itlərdən istifadə ediblər. İlkin Süleymanovun bacısı İlhamə Süleymanova isə deyir ki, kənddə axtarışlar aparılan zaman hüquq-mühafizə orqanları onların da qapısını döyüb bəzi suallar veriblər, amma evlərində axtarış aparılmayıb.

Ailənin iddialarına hələ ki hüquq-mühafizə orqanlarından münasibət bildirən olmayıb. Baş Prokurorluq istintaq getdiyini, zərurət yarandığı halda ictimaiyyətə məlumat veriləcəyini deyib.

XS
SM
MD
LG