Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:12

'Bir gün Nobel mükafatı gətirəcək' Yusif doğum günündə öldürüldü


Y.Sadıqov
Y.Sadıqov

Anası güllə səsinə oyananda Yusifi evdə görmədi. Bacısı tənbeh etsə, anası yalvarsa da, səssizcə çıxıb getmişdi.

Uzun axtarışlardan sonra tapılan bircə sağ qolu oldu. Bir də papağı. Qolunu Şəhidlər Xiyabanında dəfn etdilər.

AzadlıqRadiosu yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun öldürdüyü Yusif Sadıqovdan yazır.

Aspirant, şair və nişanlı oğlan

O, 1964-cü ildə Ermənistanda doğulmuşdu. Orta məktəbi qızıl medalla, universitetin mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdi. Üçüncü kursdan ovaxtın ən yüksək Lenin təqaüdünə layiq görülmüşdü. 1990-cı ildə artıq AMEA-nın aspirantı idi. Təzəcə nişanlanmışdı. Sovet ordusunun Bakıya hücumundan bir gün öncə «minimum»larını verib bitirmişdi. Müdafiəyə hazırlaşırdı. Şeirlər də yazırdı.

«Yusif tələbə ikən Bakıdakı mitinqlərdə fəal iştirak edirdi. Hökumət Evinin qabağında keçirilən o mitinqlərdən birinin səhər tezdən dağıdılması üçün tanklar «nərildəyəndə» onların önünü kəsənlərdən biri də Yusif idi», - Nazirlər Kabineti yanında Terminologiya Komissiyası sədrinin müavini, Nəsimi adına Dilçilik İnstitutu Terminologiya şöbəsinin müdiri, bacısı Sayalı Sadıqovanın sözləridir.

Y.Sadıqov
Y.Sadıqov

Bacısı onunla son söhbəti xatırlayır: «Ona dedim ki, sənin təhsil almağın üçün atan-anan qədər mən də əziyyət çəkmişəm. Mən istəyərəm ki, həmişə sağ-salamat yanımda olasan, özün də bilirsən ki, mən səninlə fəxr edirəm, səninlə nəfəs alıram. Söz verdi ki, həmişə yanımda qalacaq».

Evdə anası da o qorxunc günlərdə özəlliklə axşam saatlarında küçəyə çıxmaması üçün ona yalvarır.

«Bir gün əvvəl gecə gəlməmişdi deyə, anamın halı pisləşmişdi, Yusif də söz vermişdi ki, bir də getməyəcək. Amma həmin gün... Anamgil yatıblar. Anam ayılıb ki, atəş səsi gəlir və birinci Yusifin otağına tərəf qaçıb. Baxıb ki, Yusif yoxdur. Qayıdanda görüb qapı bağlıdır. Həyətə çıxanda darvaza da bağlı olub. Açarı götürüb qayıdanda deyiblər: «Yusif 5 dəqiqə olar getdi, sağ tərəfə buruldu». Atam da o tərəfə gedib, görüb artıq tanklar İnqilab küçəsi ilə gedir. Yolun o üzünə keçə bilməyib. Fikirləşib bəlkə də Yusif artıq qayıdıb... Səhər saat 4 olardı, qapımız döyüldü. Mən yaxınlıqda yaşayırdım. Atamı görəndə ürəyimə damdı ki, Yusif evdə yoxdur. Atamın yaxasından tutub silkələdim ki, yoxsa Yusif gedib? Cavab verdi ki, narahat olma, tapıb gətirəcəyik. Səhər tezdən atamgilə gedəndə gördüm anam əli qoynunda gözləyir. Dedi: «Narahat olma, qardaşını tapıb sənə verəcəyəm...». Həmin səhər Yusifin nişanlısı bizə gəlmişdi. Məlun-məlun baxırdı. Anam ona da dedi ki, Şəhla, səni Yusifsiz qoymayacağam...».

«Yusif onda irəli gedib əlini qaldırdı ki, dayanın»

S.Sadıqova atası Allahverdi Sadıqovla Salyan kazarması tərəfə gedir.

«Orda saqqallı, ucaboy, əli avtomatlı əsgərlər dayanmışdılar. İnsanlara atəş açırdılar. Həmin güllələrdən biri də atamın papağına dəydi və onu apardı. Onlar qışqırırdı ki, bunlar ekstremistdir. Atam müəllimdir, rus dilində qışqırdı ki, biz ekstremist deyilik, silahsız, günahsız adamlara atəş açmısınız... Həmin vaxt gördüm ki, kazarmanın yanında bir qol var. Elə bildim oradakı cəsədlərdən birinindir. Amma sonra baxdım ki, o birilərinin üstündə qol var, bu ayrıdır, onlara aid deyil. O qolu görəndə qorxdum. Dəhşətdən sarsıldım və geri qaçdım...».

Həmin vaxt atası yaxınlaşıb deyir ki, Yusifin papağını tapıb.

«Papaq düz yolun ortasında idi. Dedim ki, bəlkə bu papaqdan başqasının da var. O qolla Yusifin papağı arasında 3-4 metr məsafə olar, ya olmazdı... Tankların keçib getdiyi yol artıq qırlanmışdı, qan izi yox idi. Olanları ört-basdır etmək üçün tələsik qırlamışdılar...».

Y.Sadıqov və bacısı S.Sadıqova
Y.Sadıqov və bacısı S.Sadıqova

Sonradan bütün qohum-əqrəba axtarışlara qoşulur. Bu zaman bir nəfər gəlir. O, Yusifi həmin gecə saat 4-də gördüyünü söyləyir: «Həmin vaxt yaralıları xəstəxanaya aparırdı».

Bir neçə gün sonra atasını xəstəxanaya çağırırlar. Orda bir sağ qol olduğunu, sahibini tapa bilmədiklərini bildirirlər.

«Atamla bərabər getdik. Onda qanın içindəydi deyə, tanımamışdım. Amma indi xəstəxanada görən kimi paltonu, onun altındakı pencəyi tanıdım. Atam dedi ki, yox, Yusif salamatdır. Biz bütün xəstəxanaları axtardıq. Atam sonradan Penzaya getdi. Həbs olunanları ora aparmışdılar. Son nəticədə aydın oldu ki, Yusif həlak olub... Sonradan həmin qol ayrıca Şəhidlər Xiyabanında dəfn edildi... Komissiya yaradılmışdı. Komissiyadakı ekspertlər müəyyənləşdirdi ki, qoldan çıxarılan palto, pencək, ağ köynək Yusifə məxsusdur. O vaxtilə burnundan əməliyyat olunmuşdu, o zaman xəstəxanada analizə qan vermişdi. Həmin qanla qoldan götürülən qanın analizi aparıldı və Yusifə aid olduğu bildirildi...».

Hadisə günü qapılarını döyüb Yusifi sonuncu dəfə saat 4-də yaralıları xəstəxanaya apararkən gördüyünü deyən şəxs yenidən gəlir. O, Yusifin qırxı çıxandan sonra olanları danışdı. Dedi: «Yusiflə yaralıları qoyub qayıdanda gördük tanklar hər tərəfdən atəş açır. Yusif onda irəli gedib əlini qaldırdı ki, dayanın. Amma heç nəyə baxmadan tank onun üstündən keçib getdi...».

«Yusif qızıl medal alanda düşünürdük bir gün Nobel gətirəcək bizə»

Bacısı S.Sadıqova yaşadığı stresdən sonra uzun müddət xəstə yatır. Ancaq onu yatağa salan qardaşının dərdi onu yenidən ayağa qaldırır. O, ixtisasca filoloq, dilçi olsa da, fizika-riyaziyyat sahəsində doktorluq müdafiə edir. Bunu böyük arzularını gerçəkləşdirməyə macal tapmadan həlak olan qardaşına həsr edir. Daha sonra qızıyla bərabər Yusif haqqında kitab yazır və «nisbətən yüngülləşir».

Böyük qardaşı da S.Sadıqova kimi fizika-riyaziyyat elmləri doktorudur, ikinci qardaşı fizika elmləri namizədidir. Ancaq bacısı Yusifin onlardan daha savadlı olduğunu düşünür: «Elmi rəhbəri deyirdi ki, biz Yusifin beynini, təfəkkürünü də itirdik. O, gələcəyin akademiki idi. Ən çox təəssüf hissi keçirən elmi rəhbəri Rubinovla Akif Hacıyev idi. Onlar deyirdi: «Belə zəka bəlkə əsrdə bir dəfə gələr». Akif müəllim məni hər görəndə ağlayırdı, dəsmal çıxarıb gözünü silirdi, deyirdi ki, mən Yusifə tək səni görəndə yox, hər gün ağlayıram, onun haqqında aspirantlarıma danışıram. Məktəb direktorumuz deyirdi ki, Yusif qızıl medal alanda düşünürdük bir gün Nobel gətirəcək bizə...».

Y.Sadıqov
Y.Sadıqov

«Elə bilirəm Yusif o dünyada da kimlərəsə riyaziyyat öyrədir»

Təhsil eksperti Etibar Əliyev sosial mediada Yusif haqqında yazıb:

«Bakı Dövlət Universitetində istedadlı bir oğlan vardı...

Bizim tələbəlik illərində olduqca məşhur bir istedad vardı. Mexanika-riyaziyyat fakültəsində oxuyan Yusif Sadıqovu deyirəm. Yusif orta məktəbi Qərbi Azərbaycanın (indiki Ermənistanı nəzərdə tutur – red. ) Krasnoselski rayonunun Cil kəndində qızıl medalla bitirmişdi. Odur ki, cəmi bir imtahan verəndən sonra Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdu. 3-cü kursda oxuyanda Moskva Dövlət Universitetində keçirilən respublikalararası olimpiadada Bakı Dövlət Universitetini təmsil etmiş və birinci yerə layiq görülmüşdü. Yusif davranışı, savadı, mədəniyyəti, əxlaqı ilə heç kimə bənzəmirdi. Böyük Allah onu yaradanda ona heç bir qüsur verməmişdi. Yaşadığı illərdə isə o özündə yalnız fövqəlinsana xas keyfiyyətləri qoruyub saxlamaqla məşğul oldu. Yaşasaydı, Azərbaycanının görkəmli riyaziyyatçılarından biri idi. Yusifin ölümü də düşüncəyə sığmır. O, yanvarın 19-dan 20-nə keçən gecə anadan olmuşdu. Qanlı 20 Yanvar hadisəsində onun bir qolu tapılıb. Mən Şəhidlər Xiyabanını hər dəfə ziyarət edəndə elə bilirəm ki, Yusif o dünyada da kimlərəsə riyaziyyat öyrədir».

20 il sonra xəbər tutan tələbə yoldaşı

Filologiya üzrə fəlsəfə doktoru Nəsibə Abbasova Yusifin tələbəlik yoldaşlarından olub. Onun ölümü haqda xəbəri 20 il sonra alıb. Danışır ki, onda körpə uşaqları olduğundan heç kimdən, heç nədən xəbəri tuta bilməyib: «Bir yazı da yazdım: «Qardaş, bağışla gec xəbər tutdum». Mən onu həmişə axtarmışam. Talantına, savadına görə onu akademik görmək istərdim. Kitab təqdimatında idim. Mənə bir kitab təqdim etdilər. Sonra məlum oldu ki, Şəbnəm Həsənlinin – Yusifin bacısı qızı ilə, bacısı Sayalı xanımın kitabı imiş. Heç inanmaq istəmədim olanlara. Sayalı xanıma yaxınlaşdım. Bir-birimizə qoşulub ağladıq. Nişanlıymış. Xonçası qara bağlandı».

N.Abbasova onun filologiya fakültəsində oxuduğu şeirləri xatırlayır: «Sonradan döyüşə yollanan Əbülfəzlə fakültədə, yaradıcılıq birliyinə gəlib şeirlərini oxuyurdular... Allahdan istedadlı adam idi. Riyaziyyatçı ola-ola, filoloqlara meydan oxuyurdu...».

Yaşasaydı, bugün Yusif Sadıqovun 56 yaşı olacaqdı. Hə, bax bu gün, yanvarın 20-də. 20 Yanvar onun həm də doğum günü idi.

XS
SM
MD
LG