Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:22

İmişli Şəkər Zavodunda yüzlərlə işçinin məzuniyyətə göndərildiyi deyilir


İmişli Şəkər Zavodu
İmişli Şəkər Zavodu

İmişli Şəkər Zavodunda yüzlərlə işçinin məzuniyyətə göndərildiyi bildirilir.

Bu barədə «Turan» agentliyinə zavodun işçilərindən biri məlumat verib. Onun sözlərinə görə, müəssisənin fəaliyyəti bir aydan çoxdur müəyyən mənada dayandırılıb: «Bunun səbəbi şəkərin Rusiyadan alınıb ucuz qiymətə ölkənin bazarlarında satılmasıdır. Bilmirəm, bu vəziyyət kimə lazımdır, amma zavodun fəaliyyəti, demək olar ki, çöküb. İş orasındadır ki, anbarlar hazır malla dolu ola-ola, bizim işləməyimizin mənası yoxdur. Ona görə işçilər məzuniyyətə buraxılıb».

Həmin şəxs qeyd edib ki, işçilərə, əsasən, pul ödənilib: «Kimin məzuniyyəti qalmışdısa, onlar tam şəkildə əməkhaqqını aldılar, kim öz hüququndan istifadə etmişdisə, onlara yalnız 60 faiz ödənildi. Amma belə davam etsə, insanlar çətin duruma düşəcək».

«Ölkədə yeganə şəkər istehsal edən zavod…»

Həmin şəxs əlavə edib ki, zavodun işçilərini İmişli Rayon İcra Hakimiyyətinə dəvət ediblər: «Bizi dəvət edib durumla maraqlandılar. Görüşün sonunda razılığa gəlinib ki, zavodun bağlanması və işçilərin ixtisara salınması prosesi bir həftəlik dayandırılacaq. İcra hakimiyyəti məsələ ilə bağlı ölkə rəhbərliyinə məruzə edəcək. Məsələ həll olunmasa, ölkədə yeganə şəkər istehsal edən zavod bağlanacaq».

O, həmçinin, bildirib ki, zavodun işçiləri bu gün, yanvarın 22-də rayonun mərkəzində aksiya keçirmək üçün toplaşıb: «Lakin icra hakimiyyəti söz verdiyinə görə işçilər aksiya keçirmədən evə getdilər».

Bütün bu deyilənlərə, hələlik, İmişli Şəkər Zavodu və rayon icra hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

İmişli Şəkər Zavodunun inşaat işlərinə 2003-cü ildə başlanıb. İmişli şəhərində 70 hektar ərazidə inşa olunan müəssisəyə ilkin mərhələdə 83 milyon ABŞ dolları məbləğində investisiya qoyulduğu bildirilir.

2006-cı il martın 23-də Prezident İlham Əliyevin iştirakı ilə İmişli Şəkər Zavodunun rəsmi açılış mərasimi keçirilib. Müəssisədə şəkər tozu, heyvan yemi, kəllə qənd istehsal edilib.

XS
SM
MD
LG