Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:13

Bolqarıstan üç rusiyalıya qarşı zəhərləmə ittihamı irəli sürür


Emilian Gebrev
Emilian Gebrev

Bolqarıstan prokurorları üç rusiyalıya qarşı bir silah sənayeçisinin, onun oğlunun və onun şirkətinin istehsalat menecerinin qətlinə qəsdə görə qiyabi olaraq ittiham irəli sürüblər.

Sofiya Şəhər Prokurorluğunun 23 yanvar tarixli bəyanatında deyilir ki, adları çəkilməyən üç şübhəli sözü gedən şəxsləri qeyri-məlum üzvü fosfor birləşməsi ilə zəhərləməyə cəhd ediblər.

Prokurorlar bildirirlər ki, cinayətlər 2015-ci ilin 28 aprelində və 4 mayında törədilib.

Bu da bildirilir ki, cinayətlər EMCO Ltd şirkətinin sahibi Emilian Gebrev-i, onun oğlu Hristo Gebrev-i və müəssisənin menecerlərindən biri olan Valentin Takhchiev-i hədəfləyib.

Xəbər verilir ki, sözü gedən şübhəlilərin həbsi üçün orderlər verilib və onların mümkün ekstradisiyasına dair sazişlər Interpolla razılaşdırılıb.

Dekabr ayında Bolqarıstan rəsmiləri bildirmişdilər ki, onların zəhərlənməyə dair təhqiqatı Rusiya hərbi kəşfiyyatı GRU-nun zabitləri olduğu düşünülən 5 nəfərin üzərində cəmləşib.

Bunlardan birinin GRU-nun generalı olduğu və onun eyni zamanda 2018-ci ildə İngiltərədə keçmiş sovet casusu Sergei Skripal və onun qızının kimyəvi maddə ilə zəhərlənməsi əməliyyatına rəhbərlik etdiyi deyilir.

O vaxt Bolqarıstanın baş prokuroru olmuş Sotir Tsatsarov demişdi ki, Rusiya generalı Denis Sergeyevin 2015-ci ildə üç dəfə Bolqarıstana saxta - Sergey Fedotov adı ilə səfər etdiyinə dair dəlillər var.

Onun Bolqarıstana səfərlərinin vaxtı sözü gedən bolqar silah sənayeçisinin zəhərlənməsi ilə eyni vaxta təsadüf edir.

Bundan əlavə Bellingcat araşdrıma mərkəzi bildirmişdi ki, Sergeyev GRU-nun 29155 nömrəli məxfi birləşməsinin üzvüdür.

Qərb kəşfiyyatı bildirir ki, bu qrup son illərdə Avropada son dərəcədə fəal olub.

Bellingcat, Almaniyanın Der Spiegel və The Insider mediaları noyabrın 23-də bildirirdilər ki, Bolqarıstandakı zəhərlənmələr birbaşa bu qrupun fəaliyyəti ilə bağlı ola bilər.

Finlandiyanın Kimyəvi Silahlar Konvensiyası İnstitutu bildirir ki, bolqarların zəhərlənməsində Rusiyada Tetram kimi tanınan və qadağan olunmuş pestisid Amitondan istifadə edilə bilərdi.

XS
SM
MD
LG