«Coker» (Joker) filminin rejissoru Todd Phillips filmin yayımından sonra baş qaldıran ziddiyyətlərə hazır olmadığını deyib.
Ötən ilin oktyabrında ekranlara çıxan film gənc tamaşaçılara göstərə biləcəyi mənfi təsirlərə görə tənqid edilib. Filmi «təhlükəli», «məsuliyyətsiz» adlandıranlar, mənəvi cəhətdən pozğunluqda suçlayanlar da az deyil.
Zorakılıq və məsuliyyət
Film ötən il ilk dəfə Venesiya Kinofestivalında göstərilən zaman ayaq üstə alqışlansa da, Qızıl Şir mükafatına layiq görülsə də, dərhal tənqid hədəfinə çevrildi. O zaman dünya hələ bu filmi bir neçə aydan sonra görəcəkdi. Əsasən jurnalistlər və kino ictimaiyyətindən ibarət tənqidçiləri narahat edən əsas məsələ filmdəki zorakılığın real həyata keçməsi ehtimalı idi.
Hətta «The Wrap» saytı yazır ki, bəzi şəhərlərdə mümkün zorakılığı önləmək üçün kinoteatrların ətrafına polis qüvvələri yerləşdirilmişdi.
Phillips-in özü də filmdə ABŞ-da baş verən atışmalardan birinin qurbanları tərəfindən göstərilən zorakılığa görə tənqid edilib. Ancaq Phillips «Empire» kinojurnalına müsahibəsində bu tənqidi «çaşdırıcı» adlandırıb.
Rejissor «bu qədər tənqidə məruz qalacağınızı gözləyirdinizmi» sualına cavab olaraq belə deyib: «Düzünü desəm, buna hazır deyildim. İnsanların filmdə zorakılığın səviyyəsinin məsuliyyətsizliyindən danışması məni çox təəccübləndirdi. Joaquin [Phoenix] və mənə elə gəlirdi ki, bu, zorakılığın filmdə uzun zamandan bəri gördüyümüz ən məsuliyyətli təsviridir».
Phillips daha sonra deyib: «Zorakılığa real həyatdakı nəticələri əlavə etmək ona məsuliyyətli yanaşmaq deyilmi? Zorakılığın iyrənc və qorxunc olduğunu göstərmək zorakılığın təbliğindən daha effektli və məsuliyyətli deyilmi?».
Phillips daha öncə bir şərhində ifrat solu özünə sərf etdiyi zaman ifrat sağ kimi danışmaqda ittiham etmişdi. Müsahibədə o, həmin şərhi ilə bağlı açıqlama da verib: «Bununla demək istəyirdim ki, iqlim dəyişikliyini dananlar bizim hamımızı qəzəbləndirir, elə deyil? Hamımız deyirik: «Bunu necə dana bilərsən?». Ancaq mənim üçün bu da eyni şeydir. Biz özümüzü bu insanlar mövcud deyilmiş kimi aparmaq istəyirik? Yaxşı, bəs zərər vurmaq necə olur? Bu, yaxşı şey deyil? Buna görə də mən buna təəccübləndim»...
18 faizi subsidiyalardan gəlib
«Coker» tarixdə R işarəsi ilə ekrana çıxan (yəni valideyn nəzarəti ilə baxılmalı olan) filmlər arasında ən çox gəlir gətirən filmdir. O, eyni zamanda, komiks kitabı əsasında çəkilmiş ən gəlirli filmdir. Üstəlik, onun yeni çıxdığı da nəzərə alınmalıdır.
Film 11 Oskara namizəd göstərildikdən sonra ikinci dəfə kinoteatrlara çıxarılması qərara alınıb.
«USA Today» qəzeti yazır ki, filmin istehsal xərclərinin 18%-i dövlət subsidiyalarından qaynaqlanıb. Bu isə vergi ödəyicisinin pulu deməkdir. Filmin çox hissəsi Nyu-York şəhərində çəkildiyindən bu subsidiyaların çoxu Nyu-York ştatı və Nyu-York şəhəri tərəfindən ayrılıb.
Qəzetin yazdığına görə, sən demə, ABŞ-da kino çəkilişlərinə subsidiya ayıran təkcə Nyu-York ştatı deyilmiş. 2017-ci ildə ABŞ-ın 30-dan çox ştatı bu sahəyə pul ayırıb. Kino subsidiyalarına Kaliforniya 330 milyon, Nyu-York 420 milyon, Corciya isə 870 milyon dollar ayırıb. Qəzet daha sonra yazır ki, bu nəhəng məbləğlərə minlərlə tələbəyə təqaüd ödəmək olardı.
Çox vaxt şəhərlərin belə subsidiyalar ayırmaqda məqsədi daha çox turist cəlb etmək olur. Ancaq «Coker» filmində Nyu-Yorkda cinayət səviyyəsinin yüksək olduğu 80-ci illər təsvir olunduğu üçün bunu iddia etmək çətindir. Ən azı, «USA Today»də dərc olunan məqalənin müəllifləri belə düşünür.