Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:31

Vəkil hakimə: ‘Siz MTN-də müstəntiq olanda mənə təzyiq göstərmişdiniz’


Vəkil Elçin Sadıqov
Vəkil Elçin Sadıqov

Dövlətə xəyanətdə ittiham edilən jurnalist, “xeberman.com” saytının baş redaktoru Polad Aslanovun məhkəməsi başlayıb.

Onun işini araşdırmaq Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Qəniyevin sədrlik etdiyi hakimlər kollegiyasına həvalə olunub. Məhz buna görə də elə məhkəmənin ilk iclası gərginliklə başlayıb.

Fevralın 3-də məhkəmənin hazırlıq iclasında Polad Aslanovun vəkili Elçin Sadıqov deyib ki, bu işə hakim Faiq Qəniyevin baxmasına etiraz edirlər. O etirazını belə əsaslandırıb ki, jurnalistə qarşı ittihamlardan biri də hüquq-mühafizə orqanlarının fəaliyyətini gözdən salan məqalələri dərc edib yaymaqdır:

“Hörmətli hakim, siz də vaxtilə Milli Təhlükəsizlik Nazirliyində çalışmısınız. Polad Aslanovu da keçmiş MTN, indiki DTX əməkdaşları həbs edib. Sizin bu işdə maraqlı tərəf ola biləcəyinizi düşünürük. Bir məsələni də qeyd edim. Jurnalist Eynulla Fətullayevin haqqındakı cinayət işi araşdırılanda siz MTN-də müstəntiq idiniz. Mən də Eynulla Fətullayevin hüquqlarını müdafiə edirdim. Siz məni MTN-ə çağırıb, orada təzyiq göstərmişdiniz”.

Məhkəmə prosesinə sədrlik edən hakimə etiraz veriləndə tərkibdə olan digər hakimlər onu müzakirə edib, qərar çıxarırlar. Bu işdəki hakimlər - Mirzə Xankişiyev və İlham Mahmudov etirazı əsaslı saymayıb və təmin etməyib.

Polad Aslanov
Polad Aslanov

Etirazdan sonra adamlar zala buraxılıb

Polad Aslanov haqqında anket məlumatları dəqiqləşdirilərkən təqsirləndirilən jurnalistin mikrofon istəməsilə məhkəmədə qalmaqal yaşanıb. Hakim ona mikrofona ehtiyac olmadığını deyib. O isə zalda əyləşənlərin deyilənləri eşitmədiyini əsas gətirib.

Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova deyilənləri eşidə bilmədiklərini söyləyib, ona mikrofon verilməməsinə etiraz edib. Bununla da prosesdə qalmaqal yaranıb. Hakim Gülmirə Aslanovanın çıxarılmasına, ümumiyyətlə, zalın boşaldılmasına qərar verib.

Amma Polad Aslanov deyib ki, hüquq müdafiəçiləri, jurnalistlər zala buraxılmasa, məhkəmənin keçirilməsinə imkan verməyəcək. O, saxlandığı şüşə kabinəni döyəcləyib, əllərini bir-birinə vurmaqla etiraz edib. Etiraz nəticəsiz qalmayıb və adamlar yenidən zala buraxılıb.

Məhkəmənin davamında vəkil Elçin Sadıqov məhkəməyə vəsatətlər təqdim edib. Vəkil bildirib ki, müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittiham onun jurnalist fəaliyyətinə görədir.

Vəkil müdafiə etdiyi şəxsin haqqında cinayət işinə xitam verilməsi, bu, təmin olunmasa, onun ev dustaqlığına buraxılmasını istəyib:

“Polad Aslanovu 16 saat saxlayandan sonra ifadəsini alıblar. Onun sözlərinə görə, ona təzyiq edilib və o bu müddət ərzində yuxusuz qalıb. Ona görə öz əleyhinə ifadələr verib. İlkin dindirmədə vəkilsiz olub”.

Vəsatətlərin heç biri təmin olunmayıb.

Polad Aslanov məhkəmənin ədalətsiz keçdiyini vurğulayaraq, vəsatətlərin təmin olunmamasına etirazını bildirib. O, baş verən ədalətsizliklərə etiraz olaraq, siyasi fəaliyyətə başladığını bəyan edib. Məhkəmə zalından bir sıra müxalifət partiyalarını özündə birləşdirən Demokratik Qüvvələrin Milli Şurasının rəhbərliyinə səslənib:

“Mən bu hakimiyyətə etiraz edirəm. Bundan sonra jurnalist fəaliyyətimi dayandırıb, siyasi fəaliyyətə başlayıram. Milli Şuraya üzv olmaq istəyirəm və buradan bu qurumun rəhbərliyinə müraciət edirəm. Rüşvətxor məmurlara, rüşvətxor hakimlərə, rüşvətxor hakimiyyətə qarşı mübarizə aparacam”.

Məhkəmə baxışı fevralın 10-na təyin edilib.

Xatırlatma

Polad Aslanov bu il iyunun 12-də saxlanılıb, 14-də isə Səbail Rayon Mәhkәmәsinin qərarıyla barəsində ilkin istintaq dövrü üçün 4 aylıq hәbs-qətimkan tədbiri seçilib. O, CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Bu maddədə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

DTX-nın yaydığı rəsmi açıqlamada iddia olunur ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

Ailə üzvlərinin bildirdiyinə görə, Polad Aslanov ittihamı qəbul etmir və sifarişlə həbs olunduğunu deyir. İddia edir ki, rəhbərlik etdiyi saytda DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə şərlənib.

Ailə üzvləri iddia edirlər ki, cəza olaraq öncə Polad Aslanovu səhhətində problemlər olduğu halda, hərbi xidmətə apardılar, orada ağır şərtlər altında saxlandı: “Qayıdandan sonra da tənqidi yazılarına son qoymadığına görə bu dəfə belə cəzalandırdılar”.

Polad Aslanov 2018-ci il aprelin 19-da - 29 yaşında hərbi xidmətə aparılmışdı. O zaman ailəsi bildirirdi ki, o, səhhətindəki problemlərlə əlaqədar bundan əvvəl hərbi xidmətə aparılmayıb, ona “sülh şəraitində hərbi xidmətə yararsız” olması barədə hərbi bilet verilib.

“Ürəyində damar tıxanmasından, təzyiqdən əziyyət çəkən adamı qəfildən komissarlığa çağırıb, Naxçıvana göndərməyə nə ad vermək olar?” – Gülmirə Aslanova belə deyirdi.

Polad Aslanov birillik hərbi xidmətini bu ilin aprelində başa vurub, iki ay sonra həbs edilib.

Polad Aslanova qarşı irəli sürülmüş ikinci ittihamda - CM-in 134-cü (öldürməklə hədələmə) maddəsində 2 min manata qədər cərimə, 2 ilədək islah işləri və bu müddətdə həbs nəzərdə tutulub.

XS
SM
MD
LG