Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:33

Rusiyanın ABŞ-a qarşı ‘informasiya müharibəsi səngiməyib’


İllüstrativ foto
İllüstrativ foto

Federal Təhqiqatlar Bürosunun (FTB) rəhbəri deyir ki, Rusiya 2020-ci il prezident seçkisi öncəsi Birləşmiş Ştatlara qarşı “informasiya müharibəsi” aparır, ancaq rusiyalı oyunçuların seçki infrastrukturuna müdaxiləsinin hər hansı əlamətləri görünməyib.

Christopher Wray fevralın 5-də Nümayəndələr Palatasının Ədliyyə komitəsində danışıb. O deyib ki, Moskva ABŞ-da ictimai fikri parçalamaq, narazılıq yaratmaqdan ötrü ziddiyyətlərdən istifadə məqsədilə gizli sosial media kampaniyası aparır.

ABŞ kəşfiyyat agentlikləri Rusiyanın 2016-cı ildə Birləşmiş Ştatlarda seçki kampaniyası zamanı oxşar əməliyyatlar aparması qənaətinə gəlmişdilər. Moskva isə güclü dəlillərə baxmayaraq bu iddiaları rədd edib.

Christopher Wray
Christopher Wray

Kiberhücumla mübarizə daha asan imiş...

Wray deyib ki, hazırda saxta adlardan, kompüter botlarından, sosial media postlarından və dezinformasiyadan istifadə olunur. O, seçki ilində bu cəhdlərin güclənəcəyini deyib, amma təhdidin elə həmişə mövcud olduğunu, bu səbəbdən spesifik haker hücumuna baxanda mübarizənin çətinləşdiyini söyləyib.

“Seçki infrastrukturuna kiberhücumdan fərqli olaraq, FTB həqiqət polisi kimi çıxış edə, onlayn dezinformasiyanın monitorinqini apara bilməz”, – Wray vurğulayıb.

2016-cı ildə rusiyalı istifadəçilər Demokrat Partiyasından prezidentliyə namizəd Hillary Clinton-un elektron yazışmalarına haker hücumu etmiş, yerli seçki sistemlərinə potensial zəif cəhətlər üçün baş vurmuşdular.

“Hazırda buna oxşar cəhdlər edilir. Söhbət təkcə seçkidən getmir, əlbəttə, seçki ilindəyik, bu anlamda respublikamıza təsir göstərmək cəhdidir”, – FTB rəhbəri vurğulayıb.

Wray konqresmenlərə onu da deyib ki, “2016-cı ildə olduğu kimi seçki infrastrukturumuzun hədəfə alınması cəhdlərini görməmişik”.

Amma Wray əlavə edib ki, Rusiyanın seçkiyə dezinformasiya və “saxta xəbərlər”lə müdaxilə cəhdləri 2016-cı ildən bəri səngiməyib.

“Onlar bilirlər ki, Amerika xalqı hər iki tərəfdə çılğın davranır, ona görə hər iki tərəfi bir-birinə qarşı qoymağa çalışırlar”, – Wray bildirib.

FTB direktoru bir məsələdən də narahatlığını bildirib. Onun sözlərinə görə, digər ölkələr 2016-cı ildə Rusiyanın aşkar uğurlarını görüblər və builki seçkidə oxşar əməliyyatlar gerçəkləşdirməyə çalışırlar.

XS
SM
MD
LG