Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 08:57

Nazarbaev və qızının dindirilməsi tələb edilir


Nursultan Nazarbaev (solda) və qızı Darigha
Nursultan Nazarbaev (solda) və qızı Darigha

2006-cı ildə sui-qəsdlə qətlə yetirilmiş müxalifət lideri Altynbek Sarsenbaiuly-nin qohumları prezident Qasym-Zhomart Toqaev-dən keçmiş prezident Nursultan Nazarbaev və onun qızı, Senatın spikeri Darigha Nazarbaevanın dindirilməsinə icazə verilməsini tələb ediblər.

Qazaxıstan müxalifətinin nümayəndələri, jurnalistlər, vətəndaş cəmiyyəti fəalları və insan haqları müdafiəçiləri fevralın 11-də, 14 il bundan əvvəl öldürülmüş Sarsenbaiuly-nin xatirəsini yad etmək üçün Almatıda toplanmışdılar.

Astana Hoteldə keçirilən mərasimdə Sarsenbaiuly-nin böyük qardaşı Raiymbek Sarsenbai qətllərlə bağlı özünün hazırladığı hesabatı təqdim edib.

Altynbek Sarsenbaiuly (Sarsenbaev)
Altynbek Sarsenbaiuly (Sarsenbaev)

O deyib ki, bu faciə ilə bağlı bir sıra suallar cavabsız qalır və buna görə də dövlət hakimiyyəti nümayəndələrinin dindirilməsinə ehtiyac var:

"Nazarbaevin dindirilməsinə imkan yaradılması üçün ona mühakimədən ömürlük immunitet verən millətin lideri tituluna dair qanuna dəyişiklik edilməlidir. Toqaev bizim bu tələbimizi yerinə yetirməlidir”.

O əlavə edib ki, bu iş üzrə Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Alnur Musaevin də dindirilməsinə ehtiyac var.

Musaev hazırda Avropa İttifaqı ərazisində “könüllü sürgündə” yaşayır.

Üç güllə ilə intihar?

Qazaxıstanın Rusiyadakı keçmiş səfiri, informasiya naziri və müxalif Nağız Ak Yol partiyasının həmsədri Sarsenbaiuly (əsl soyadı Sarsenbaevdir), onun cangüdəni Bauyrzhan Baibosyn və sürücüsü Vasily Zhuravlyov 2006-cı il fevralın 11-də itmişdilər.

Onların qolları arxadan qandallanmış və boyunlarının arxasından güllə ilə vurulmuş meyitləri iki gün sonra tapılmışdı.

Zamanbek Nurqadilov
Zamanbek Nurqadilov

Bundan üç ay sonra başqa bir nüfuzlu müxalifətçi Zamanbek Nurqadilovun köksündə iki, başında isə bir güllə yeri olan meyitinin Almatıdakı mənzilindən tapılması ölkəni lərzəyə gətirmişdi.

Keçmiş hökumət naziri və Almatının keçmiş meri Nurqadilov 2004-cü ildə müxalifətə keçmiş və Nazarbaevi korrupsiyada ittiham etmişdi. Onun ölümü rəsmən intihar kimi sənədləşdirilmişdi.

Jurnalistin aqibəti

Hər iki müxalifətçidən 2004-cü ildə ölümlərindən əvvəl müsahibə almış müstəqil jurnalist Askhat Sharipzhanov üst-başı qan və huşsuz vəziyyətdə tapılmışdı. O bir neçə gündən sonra xəstəxanada keçinmişdi.

Polis bildirirdi ki, jurnalisti maşın vurub, lakin həmkarlarının dediyinə görə onu maşınla vurmazdan əvvəl başına zərbə endirmişdilər.

Jurnalist Askhat Sharipzhanov
Jurnalist Askhat Sharipzhanov

Sarsenbaiuly-nin ölümü rəsmi versiyaya görə şəxsi düşmənçilik zəminində baş vermişdi.

Bu işlə əlaqədar Qazaxıstan parlamenti aparatının keçmiş rəhbəri Erzhan Otembaev qətlin sifarişçisi kimi 20 il azadlıqdan məhrum edilmişdi.

Lakin 2013-cü ildə Otembaevin məhkuimluğu ləğv olunmuşdu. Hakimiyyət orqanları bildirirdi ki, bu işlə əlaqədar yeni sübutlar ortaya çıxıb və bu sübutlara görə qətlləri Nazarbaevin keçmiş kürəkəni Rakhat Aliev sifariş edib.

Avstriya həbsxanasında nə baş verib?

Qətllər baş verəndə Aliev Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini idi.

O sonradan Avropaya getmiş və 2007-ci ildən Nazarbaevin ən qatı opponentinə çevrilmişdi.

Dariga Nazarbaeva və Rakhat Aliev (arxa planda) 2005-ci ildə
Dariga Nazarbaeva və Rakhat Aliev (arxa planda) 2005-ci ildə

Aliev sonralar Qazaxıstan hakimiyyətinin müraciəti ilə Avstriyada həbs edilmişdi.

Onu iki qazax bankirin oğurlanmasında və qətlində ittiham edirdilər.

Aliev 2015-ci ilin fevralında Vyana həbsxanasındakı kamerasında asılmış vəziyyətdə tapılmışdı.

Avstriya rəsmilərinin Alievin intihar etdiyini deməsinə baxmayaraq, Qazaxıstanda bir çoxları onun Avstriya həbsxanasında öldürüldüyünə inanırlar.

XS
SM
MD
LG