Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:44

Biden praymerizi uduzur – Qərb mediası


Joe Biden seçki məntəqəsindən çıxır
Joe Biden seçki məntəqəsindən çıxır

Senator Bernie Sanders fevralın 11-də Nyu Hempşirdə demokratların praymeriz seçkisində önə çıxıb. Keçmiş vitse-prezident Joe Biden isə, “Reuters” agentliyinin yazdığı kimi, məyusedici nəticə göstərib, beşinci olub.

Mötədil, İndiananın Saut Bend şəhərinin keçmiş meri, 38 yaşlı Pete Buttigieg ikinci yerdədir. O, ötən həftə Ayovada birinci olmuşdu.

Sanders 25,9, Buttigieg 24,4, Biden isə cəmi 8 faiz səs yığıb.

Trump-ın “sonunun başlanğıcı”

Vermont ştatından proqressiv senator Sanders solçu baxışlarından dolayı rəqiblərinin xəbərdarlığına baxmayaraq qələbəsini təmin edib. Rəqibləri onun solçu mövqeyi ilə 3 noyabr seçkisində respublikaçı Prezident Donald Trump-a uduzacağını deyirlər.

“Buradakı qələbə Donald Trump-ın sonunun başlanğıcıdır”, – Sanders Mançesterdə tərəfdarlarına deyib.

Pete Buttigieg (solda) və Bernie Sanders
Pete Buttigieg (solda) və Bernie Sanders

Buttigieg-in seçkidən sonrakı çıxışı ekranlarda göstəriləndə Sanders tərəfdarları narazı ifadələr səsləndiriblər.

Senator Amy Klobuchar 20 faizədək səslə üçüncü yeri tutub.

Biden vaxtilə demokratların seçkidə potensial namizədi sayılırdı. Ancaq Ayovadan sonra ikinci məğlubiyyətə uğrayır. O, 2008-ci ildə Prezident Barack Obama-nın vitse prezidenti olub, ondan qabaq isə iki dəfə prezidentlik kampaniyasında pis nəticə göstərib. İndi gözünü fevralın 29-da Cənubi Karolina ştatına, bir sıra digər cənub ştatlarına dikib. Martın 3-də isə Super Çərşənbə Axşamıdır, Bidenin afro-amerikalılar arasındakı dəstəyi öz sözünü deməlidir.

Orada da zəif nəticə olsa, Bidenin seçki kampaniyası sona çata bilər.

“Bitməyib, a kişi. Hələ təzə başlayıb”, – Biden Cənubi Karolinada tərəfdarlarına deyib.

Biden çıxışında deyib ki, demokratların heç bir namizədi afro-amerikalıların ciddi dəstəyi olmadan qalib gələ bilməyib.

Presedentsiz durum

“The Associated Press” yazır ki, Cənubi Karolinada elektoratın 60 faizindən çoxunun qaradərili olacağı gözlənir, amma 70 faiz də ola bilər.

“Ancaq Demokratlar arasında Bidenin çıxmağa çalışdığı durumun da presedenti yoxdur. Müasir praymeriz sistemində Ayova, yaxud Nyu Hemşirdə qalib gəlməyən heç bir demokrat yekun namizədliyə iddia etməyib”, – agentlik vurğulayır.

Təhlilçilərin fikrincə, Bidenin seçki kampaniyasına zərbəni Respublikaçı partiyası vurub. Axı, onun adı Prezident Donald Trump-ın impiçment mühakiməsində hallanırdı.

Nümayəndələr Palatası prezidentin Kiyevə Biden və oğlu barəsində təhqiqat aparmaq üçün təzyiq göstərməklə vəzifə səlahiyyətini aşdığını bildirib, onu impiç edib. Senat isə prezidentə bəraət verdi.

Üç ay qabaq Nyu Hempşirdə favorit sayılan senator Elizabeth Warren üçün də gecə yaxşı keçməyib, dördüncü yerə çıxıb.

Sanders 2016-cı ildə Nyu Hempşirdə 60 faiz səs yığmışdı. Həmin il demokratların yekun namizədi Hillary Clinton oldu. Sanders bu dəfə də ştatda böyük qələbə gözləyirdi, amma keçmiş meri az səs fərqiylə üstələyib.

Demokratların ən sadiq və dinamik seçici bloklarından sayılan afro-amerikalı seçicilər Buttigieg-i daha az dəstəkləyir deyə, sorğuların nə göstərəcəyi vacibdir.

O, siyasətin getdikcə daha çox qütbləşməsini, son həftələr demokratlar arasındakı çəkişmələri pisləyib.

Respublikaçılara gəlincə, Trump bu ştatda praymerizi asanlıqla udub, Massaçusetsin keçmiş qubernatoru William Weld məğlub olub.

XS
SM
MD
LG