Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:32

ATƏT-in media təmsilçisi jurnalistlərə zorakılığı qınayır


MSK qarşısında etiraz, 11 fevral, 2020-ci il
MSK qarşısında etiraz, 11 fevral, 2020-ci il

ATƏT-in Media Azadlığı üzrə Təmsilçisi Harlem Désir fevralın 11-də gecə Bakıda seçkisonrası etiraz zamanı etirazçıların saxlanmasını, zorakı insidentləri, jurnalistlərlə pis rəftarı qınayıb. Bəyanat fevralın 12-də yayılıb.

“Ötən gecə adamların saxlanmasından, zorakı insidentlərdən, hüquq-mühafizə əməkdaşlarının ictimai etirazı işıqlandıran jurnalistlərlə pis rəftarından çox narahatam. Jurnalistlər ictimai maraq doğuran, son parlament seçkiləri ilə əlaqədar baş verənləri işıqlandırdığından bu, özəlliklə qəbuledilməzdir”, – Désir vurğulayıb.

Bəyanatda qeyd olunur ki, fevralın 11-də etiraz dağıdılan vaxt müxtəlif media orqanları ilə əməkdaşlıq edən azı 8 jurnalistlə pis rəftar olunub, saxlanıblar, yaxud hüquq-mühafizə əməkdaşlarının hücumuna məruz qalıblar. Həmin media orqanları sırasında “Amerikanın səsi”, “AzadlıqRadiosu” və Meydan TV sadalanır.

Təmsilçi qeyd edir ki, “Bastainfo.com” onlayn platformasının redaktoru Mustafa Hacıbəyli bərk döyülüb, jurnalistlər Aynur Elgünəş başından vurulub, jurnalist Sevinc Vaqifqızı isə üzündən və qolundan xəsarətlər alıb.

“Hakimiyyəti bu insidentləri dərhal araşdırmağa, günahkarları məsuliyyətə cəlb etməyə, qurbanlarla bağlı gərəkən addımlar atmağa çağırıram”, – Désir deyib.

“Medianın ictimai tədbirləri işıqlandırmaq hüququ var, hüquq-mühafizə əməkdaşları isə jurnalistlərin hər zaman azad və təhlükəsiz xəbərləmə hüququna sayqı ilə yanaşmalı və onu qorumalıdır”, – bəyanatda vurğulanır.

Fevralın 11-də bir qrup namizəd Mərkəzi Seçki Komissiyasının qarşısında oturaq aksiya keçirməyə cəhd edib. Polis aksiyanı dağıdıb, aksiya iştirakçıları və jurnalistləri avtobuslara dolduraraq hadisə yerindən uzaqlaşdırıb. Daxili İşlər Nazirliyi isə aksiyanın qanunsuz olduğunu,iştirakçıların polisin qanuni tələblərinə riayət etmədiyini bildirib. Nazirlik saxlananlara fiziki zor tətbiq edilməsi ilə bağlı deyilənləri təsdiqləməyib.

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası (MSK) dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Artıq bir çox dairələr üzrə şikayətlər eşidilməkdədir. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq.

XS
SM
MD
LG