Fevralın 14-də dünyada Sevgililər Günü, başqa sözlə Valentin Günü qeyd olunur. “The New York Times” qəzetində Spencer Bokat-Lindell yazır ki, Valentin Gününün necə başladığını heç kəs bilmir. Bu bayramın tarixini qədim Romada keçirilən bolluq festivalı ilə bağlayanlar da var. Tarixi də mübahisəlidir, üstəlik, bu günün bayram kimi qeyd olunmasını qəbul eləyənlər də var, etməyənlər də. Müəllif yazır ki, bu gün amerikalılar arasında buna ənənəvi bayram kimi də yanaşanlar var, ticarət fırıldağı kimi də.
Məqalədə qeyd olunur ki, bu gün amerikalılar rekord vuracaqlar – Valentin Günündə 27,4 milyard dollar xərcləyəcəklər. Bu, ötənilki 20,7 milyard dollardan 32 faiz çoxdur. Elə ötənilki rəqəm də rekord idi.
Adama 196 dollar
Yəni, bayram keçirən hər şəxsə 196 dollar düşür ki, bunun da 15 dolları dostlara, 12 dolları ev heyvanlarına xərclənir.
“Valentin Gününün nəsə bir anlam daşıdığı vaxtlar vardı... Bu müasir degenerasiyaya, bu qatmaqarışıq biznes dəbinə nifrət edirik”, – “The New York Daily Tribune” hələ 1847-ci ildə yazırdı.
Müəllif sevgililər gününün kommersiyalaşmasına etiraz edənlərin, amma hər il bayramı bir şüşə ləzzətli şərabla qeyd etməyə qarşı çıxmayanların da olduğunu vurğulayır.
Estoniya və Finlandiyada isə 14 fevral “Dost Günü” kimi qeyd olunur.
“Nikah, yaxud münasibətini qeyd etməyə xüsusi günə ehtiyacınız yoxsa, heç kəs sizi məcbur etmir. Bu bayram məşğul həyat keçirənlər üçündür, hər neçə vaxtdan bir ürək formasında şokolad qutusu almağa etiraz eləmirlər”, – “The Federalist” internet dərgisində Vanessa Rasanen yazır.
Azərbaycanda Valentin Günü əsasən Sovet İttifaqından müstəqillik qazanandan sonra qeyd olunmağa başlayıb. Ancaq bu günə yanaşmalar birmənalı deyil, onun bayram olunmasına qarşı çıxanlar da var, Sevgililər gününün fevralın 14-də deyil, iyunun 30-da qeyd olunmalı olduğunu deyənlər də. 30 iyun – azərbaycanlı cütlük İlham və Fərizə Alahverdiyevlərin ailə qurduğu gündür. İlham 1990-cı ilin yanvarında Bakıya sovet tankları girəndə həyatını itirib. Onun ölüm xəbərini eşidən Fərizə isə intihar edib. Cütlük Bakıda “Şəhidlər Xiyabanı”nda dəfn olunub.