Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:24

Pompeo: Krım Ukraynadır


Volodymyr Zelenskiy
Volodymyr Zelenskiy

ABŞ Dövlət katibi Mike Pompeo deyir ki, Vaşinqton Moskvanın Ukraynanın Krım regionuna iddiasını “tanımır və heç vaxt tanımayacaq”. Rusiya 2014-cü ildə Krımı ilhaq edib.

Pompeo-nun sözlərinə görə, “fevralın 27-də Rusiyanın Ukraynanın Krım yarımadasını ilhaq cəhdinin altıncı ildönümüdür və Birləşmiş Ştatlar da bir daha təsdiqləyir: Krım Ukraynadır”.

“2018-ci ilin iyul tarixli Krım bəyannaməmizdə vurğulandığı kimi, Birləşmiş Ştatlar Rusiyanın yarımada üzərində suverenlik iddialarını tanımayıb və heç vaxt tanımayacaq. Rusiyanı Krımın işğalına son qoymağa çağırırıq”, – Pompeo vurğulayıb.

Pompeo bildirib ki, dünya “Rusiyanın Ukraynanı əsassız işğal etməsini” heç vaxt unutmayacaq.

***

Zelenskiy 26 fevralı Krımın ilhaqının anım günü elan etdi

Ukrayna prezidenti Volodymyr Zelenskiy fevralın 26-nı Krımın Rusiya tərəfindən ilhaqının anım günü kimi təsbit edən fərman verib.

Rusiya Krımı 2014-cü ilin aprelində bura qoşun yeritdikdən və qondarma referendum keçirdikdən sonra ilhaq edib.

Dünyanın azı 100 ölkəsi bu referendumu qeyri-legitim saydığını bildirib.

İlhaqın ardınca Moskva Ukraynanın şərqində rusdillilərin Kiyevə qarşı silahlı separatçı mübarizəsinə təkan verib.

Fevralın 26-sı Ukraynada Krımın və Sevastopolun işğalına müqavimət günü kimi qeyd olunur.

Referendumun boykotuna çağıran plakat
Referendumun boykotuna çağıran plakat

Çünki həmin gün Kiyevdə Rusiyaya meylli prezident Viktor Yanukovych devriləndə, ukraynalılar Krımın mərkəzi şəhəri Simferopolda Rusiya müdaxiləsinə qarşı böyük etiraz mitinqi keçirirdilər.

Zelenskiy habelə deyib ki, Krımın Ukraynaya qaytarılması təkcə onun bir prezident kimi məqsədi yox, həm də Ukrayna vətəndaşı kimi şəxsi mövqeyidir.

Zelenskiy bildirib ki, Ukrayna Krımı qaytarmaq uğrunda mübarizədə beynəlxalq icmanın dəstəyinə malikdir.

Prezident deyib ki, “həmin gün mütləq gələcək”.

Kreml "Qətiyyən" razı deyil

Kremlin sözçüsü Dmitry Peskov deyib ki, Zelenskiy-nin bu addımı “Krım ətrafındakı real situasiyaya uyğun deyil”.

O əlavə edib ki, Moskva Zelenskiy fərmanının mətni ilə “qətiyyən” razı deyil.

Bundan bir gün əvvəl ABŞ prezidenti Donald Trump Rusiya üzərinə onun Ukraynadakı hərəkətlərinə, xüsusən də Krımın zorakı ilhaqına görə qoyulmuş sanksiyaların müddətini daha bir illiyinə uzadıb.

Trump Rusiya üzərində 2014-cü ilin martından olan sanksiyaların uzadılması barədə fərmanı fevralın 25-də imzalayıb.

Bu sanksiyalar ilk dəfə keçmiş prezident Barack Obamanın administrasiyası tərəfindən qoyulub və 2014-cü illə 2018-ci il arasında üç dəfə genişləndirilib.

Trump-ın fərmanı bu sanksiyaların martın 6-dan sonra da davam edəcəyini təsdiqləyir.

XS
SM
MD
LG