Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 13:26

'Türkiyə hərbi qüvvələrinə hücumla bölgədə münasibətlər alt-üst olub'


Suriyada Türkiyə ordusu. 2019
Suriyada Türkiyə ordusu. 2019

Fevralın 27-də Türkiyənin Suriyanın İdlib şəhəri ətrafındakı hərbi qüvvələrinə hücum olub. Türkiyə canlı qüvvə və texnika baxımdan itkilərə məruz qalıb. Bu ölkənin rəsmi qurumlarının açıqlamasına görə, 33 hərbi qulluqçu həlak olub, 32-si isə yaralanıb.

Suriyadakı Bəşər Əsəd hakimiyyətini müdafiə edən və bu ölkədə hərbi qüvvələri mövcud olan Rusiya hücumu onun təşkil etmədiyini açıqlayıb. Bu ölkənin hərbi dairələrinin açıqlamasına görə, hücumu yerli hökumət qüvvələri təşkil edib.

Türkiyə prezidentinə başsağlığı

Bu gün, fevralın 28-də Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarına başsağlığı verib. «Baş vermiş bu hadisə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!», - başsağlığı məktubunda yazılıb.

«Kreml Bəşər Əsədə...»

Politoloq Elxan Şahinoğlu AzadlıqRadiosuna deyib ki, Rusiya İdlib hadisələrində bu və ya digər şəkildə təqsirlidir: «Kreml hesab edib ki, Türkiyə böyük layihələri risk altına almayaraq Rusiya ilə münasibətlərin gərginləşdirilməsinə getməyəcək. Elə bu hesabla Kreml Bəşər Əsədə «İdlibə hücuma başla» əmri verib. Amma verdiyi itkilərə baxmayaraq, Türkiyə geri çəkilmədi...».

E.Şahinoğlu
E.Şahinoğlu

E.Şahinoğlu hesab edir ki, Türkiyə İdlib (Türkiyə ilə sərhəddə Suriyanın əyaləti –red.) ətrafını iki səbəb üzündən tərk etmək istəmir: «Birincisi, Türkiyənin illər boyu formalaşdırdığı Suriya Azadlıq Ordusu B.Əsəd və Rusiya gücləri önündə məhv olacaqdı. İkincisi isə, İdlibin 3 milyonluq əhalisi bombardman nəticəsində Türkiyəyə köç edəcəkdi...».

E.Şahinoğlunun fikrincə, Rusiya da risk etdiyinin fərindədir: «Odur ki, Türkiyə ilə toqquşmanın qarşısını almağa çalışır, amma bununla belə, tərəflərin bir-birini hədəfə götürməsi riskləri artır... Bu fonda gərginliyi aradan qaldırmaq üçün ilk addımı Rusiya atmalıdır, B.Əsədə «dur» əmri versə, Suriyada atəşkəsə əməl olunar».

«Bu, Avrasiya bölgəsi üçün böyük fəlakət deməkdir»

Politoloqun vurğulamasına görə, Kreml B.Əsəd rejimini İdlibi ələ keçirməyə həvəsləndirsə, bu halda Rusiya-Türkiyə qarşıdurması qaçılmaz olacaq: «Bu isə Avrasiya bölgəsi üçün böyük fəlakət deməkdir. Azərbaycan da bu prosesdən kənarda qalmayacaq. Biz qardaş Türkiyə ilə tərəfdaş Rusiya arasında seçimə məcbur olacağıq. Bu halda Azərbaycana da təzyiqlər olacaq».

Politoloq hesab edir ki, ABŞ və NATO (Türkiyə NATO-nun üzvüdür) əməli dəstəklə kimin yanında olmaları barədə suala birmənalı cavab verməlidir.

Q.Hüseynli
Q.Hüseynli

«Rusiyanın əli»

Politoloq Qabil Hüseynli də hesab edir ki, İdlib hadisələrində Rusiyanın əli var və ən azı bu ölkənin hərbi hava qüvvələrinin dəstəyi ilə Türkiyə hərbçilərinə hücum olunub.

Politoloqun deməsinə görə, Rusiya qüvvələri öncədən xəbərdarlıq etmədən bu hücumda xəyanətkarcasına iştirak edib, belə addım isə nə müharibə qanunlarına, nə də Türkiyə ilə münasibətlərinin indiki çərçivəsinə sığır: «Bu, bir daha Rusiyanın hansı xarakterə malik olduğunu sərgiləyir. Bu isə o deməkdir ki, Türkiyə Rusiya ilə müharibə vəziyyətindədir».

Q.Hüseynli hesab edir ki, Türkiyə hərbi qüvvələrinə bu hücumla bölgədə münasibətlər sistemi alt-üst olub: «Bu hadisələr Azərbaycana da öz təsirini göstərəcək, Azərbaycan-Rusiya münasibətləri hələ ki, qaydasındadır. Amma bu hadisələrdən, eləcə də 2016-cı il aprel hadisələri (Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qisa döyüşlər nəzərdə tutulur-red.) zamanı Rusiyanın davranışlarını da üst-üstə qoyaraq bölgə üçün nəticə çıxarmalıyıq».

Q.Hüseynli əlavə edib ki, əgər NATO, ABŞ bundan sonra da hərəkətə gəlməyəcəksə, bu, Türkiyənin təklənməsi deməkdir və təəssüf doğurar.

Z.Əlizadə
Z.Əlizadə

«Türkiyə də icazəsiz Suriyanın ərazisinə daxil olub»

Politoloq Zərdüşt Əlizadə isə bu məsələlərə bir az fərqli yanaşır. Onun fikrincə, Türkiyə Suriyanın ərazisinə girməklə özünə rəva bilmədiyini başqasına rəva bilib: «Biz Qarabağın işğalına etiraz edirik, bunu pisləyirik. Türkiyə də icazəsiz Suriyanın ərazisinə daxil olub. Kimi dəstəkləyir, qiyamçıları dəstəkləyir. Bəşər Əsəd yaxşıdır, pisdir, bu, başqa məsələ. Amma bu adam Suriyanın qanuni prezidentidir...».

Politoloqa görə, Türkiyə Suriyadan çıxmaqla ölkənin içində toplanmış daxili problemlərini həll etməlidir.

XS
SM
MD
LG