Bu gün – martın 4-də ABŞ-ın Dövlət katibi Michael R.Pompeo Dövlət Departamentində İllik Beynəlxalq Cəsarətli Qadınlar mükafatını təqdim edəcək. Bu il mükafat dünyadan 12 qeyri-adi qadına verilir.
Mükafata layiq görülənlər sırasında 2013-cü ildən Azərbaycanda vəkil kimi fəaliyyət göstərən Şəhla Hümbətova da var.
“O, fundamental azadlıqlarından istifadə etdiyinə görə cəzalandırılan fərdləri davamlı olaraq müdafiə edən azsaylı vəkillərdəndir. O, insan haqları müdafiəçilərini, jurnalistləri, gənc fəalları, siyasi müxalifətdən olanları və digərlərini cəsarətlə müdafiə edib. O, digər vəkilləri də siyasi həssas işlərdə müştərilərini daha yaxşı müdafiə etməyə həvəsləndirib, onun mühafizəkar cəmiyyətdə LGBT üzvlərini cəsarətlə təmsil etməsi vətəndaş cəmiyyətini dözümlülük yolunda daha da irəli aparıb. O, insan haqları vəkillərinin mütəmadi olaraq qısnandığı, sosial mediada hədələndiyi, vəkillikdən kənarlaşdırıldığı çətin bir mühitdə bu işləri boynuna götürən iki qadın vəkildən biridir”, – məlumatda deyilir.
Martın 4-də mükafatlandırma mərasimində Birinci ledi Melania Trump çıxış edəcək.
Mükafat artıq 14-cü ildir verilir. Məqsəd dünyada sülh, ədalət, insan haqları, gender bərabərliyi, qadınlara səlahiyyət verilməsi üzrə müstəsna cəsarət və liderlik göstərən, bunu adətən böyük şəxsi risk və qurban verərək edən qadınları tanımaqdır.
2007-ci ilin martından bəri Dövlət Departamenti 73 ölkədən 134 qadını bu mükafata layiq görüb. Bu ilki təqdimatdan sonra laureatların sayı 146-ya çatacaq.
Bu il Beynəlxalq Cəsarətli Qadın mükafatına layiq görülənlər sırasında Əfqanıstandan keçmiş mer Zarifa Ghafari, Ermənistandan jurnalist Lucy Kocharyan, Boliviyadan jurnalist Ximena Galarza və digərləri də var.