Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 17:19

ABŞ hesabatı işgəncələr, bloklanmış saytlar və Lökbatan barədə


Seçki nəticələrinə etiraz edən şəxsin polis tərəfindən saxlanması
Seçki nəticələrinə etiraz edən şəxsin polis tərəfindən saxlanması

ABŞ Dövlət Departamenti martın 11-də özünün 2019-cu il üçün illik İnsan Haqları Hesabatını açıqlayıb.

Bu hesabatda İran, Çin və Venesuelada insan haqlarının vəziyyəti kəskin tənqid olunur.

Hesabatın Azərbaycana aid hissəsində isə deyilir ki, bu ölkədə insan haqlarının sistematik və kobud şəkildə pozulması ötən il də davam edib.

Sənəddə bildirilir ki, Azərbaycanda 2019-cu il ərzində polis tərəfindən saxlanmış şəxslərin həbsdə ikən ölməsinə dair xəbərlər var.

Məsələn mayın 11-də Şəki rayonunda polis idarəsinə çağırılmış Qalib Məmmədov oradaykən vəfat edib.

Qohumları onun polis idarəsində döyülərək öldürüldüyünü iddia edirlər. Halbuki ölüm rəsmən intihar kimi sənədləşdirilib.

Gəncə hadisəsi zamanı öldürülənlər

Hesabatda deyilir ki, hökumət 2018-ci ilin iyulunda Gəncədə icra başçısı Elmar Vəliyevə sui-qəsd cəhdindən və iki polis zabitinin öldürülməsindən sonra polisə müqavimət göstərərkən öldürüldüyü iddia olunan şəxslər barədə məlumat verib.

Bu da qeyd olunur ki, bu ölümlərlə bağlı heç bir təhqiqat aparılmayıb.

Sənəddə deyilir ki, qanunsuz qətlləri törədənlər çox vaxt cəzasız qalır və ya yaxalarını yüngül cəzalarla qurtarırlar.

Məsələn, 2018-ci ilin sentyabrında Qazax polis idarəsində ölmüş Elmir Axundovun işi rayon prokurorluğu tərəfindən araşdırılıb, amma bu iş üzrə təqsirli kimi tanınmış polis zabiti İlham Süleymanova 2 il 10 ay şərti cəza verilib.

Ağır işgəncələr

Dövlət Departamentinin hesabatında deyilir ki, Azərbaycanda saxlananlara və məhbuslara qarşı işgəncələrdən geniş istifadə davam edir.

Qeyd olunur ki, işgəncə vasitəsi kimi elektroşokdan geniş istifadə edilir və işgəncə verilməsinə görə cəzasızlıq sistematik və endemik xarakter alıb.

Hesabatda insan haqları qruplarına istinadən, müxalifət tərəfdarları Saleh Rüstəmov, Aqil Məhərəmmov, Babək Həsənov, Ruslan Nəsirli və Valeh Rüstəmlinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində ağır işgəncələrə məruz qaldıqları qeyd olunur.

Bu da bildirilir ki, Azərbaycan polisi işgəncələrdən istintaqa lazım olan etirafların alınması məqsədilə istifadə edir.

Hakimiyyət orqanları işgəncələrə məruz qalanların tibbi müayinəsinə mane olur.

Hesabatda deyilir ki, Azərbaycanda tam şəkildə Ədliyyə Nazirliyinin nəzarətində olan məhkəmələrdə saxta ittihamlar əsasında qanunsuz hökmlər çıxarılır:

“İnandırıcı məlumatlara görə, hakimlər və prokurorlar təlimatlarını prezident administrasiyasından və Ədliyyə Nazirliyindən alırlar”.

Interpoldan sui-istifadə

Dövlət Departamentinin hesabatında deyilir ki, Azərbaycan hakimiyyətinin beynəlxalq hüquq-mühafizə orqanlarından, xaricdəki opponentlərinə qarşı sui-istifadəsinə dair çoxsaylı xəbərlər var.

Bunlardan biri də öz ölkəsində siyasi təqibdən xaricə qaçmış insan haqları fəalı Avtandil Məmmədov haqqındadır. Azərbaycan onun saxlanması üçün Interpola müraciət edib.

Hakimiyyət onu dələduzluqda ittiham etsə də, Məmmədovun vəkili ittihamın siyasi motivli olduğunu bildirib.

Jurnalistlərin siyasi motivlərlə saxlanması

Sənəddə habelə Azərbaycanda söz və ifadə azadlığının vəziyyətinə də toxunulur. Qeyd olunur ki, hakimiyyət ifadə və media azadlığına məhdudiyyətlər qoyur, jurnalistlər hədələnir, bəzi hallarda isə döyülür və ya saxlanır.

Hesabatda deyilir ki, Azərbaycan ötən il ərzində mediaya, habelə ölkə daxilindəki və xaricindəki jurnalistlərə qarşı basqılarını davam etdirib.

İnsan haqları müdafiəçilərinə istinadən bu da qeyd olunur ki, ilin sonuna olan məlumata görə ümumilikdə siyasi məhbus sayılanlardan 6-sı bloger və jurnalistlərdir.

Sənəddə bildirilir ki, Azərbaycanda jurnalistlərin siyasi motivlərlə saxlanması davam etdirilir:

“Hakimiyyət hökumətin mövqeyindən fərqli baxış ifadə edən internet saytlarını bloklamaqda, internetdə tənqidi fikirlərini yazanları məhbus etməkdə davam edir. İnsan haqları fəalları bildirirlər ki, ölkə boyunca adamlar polis məntəqələrinə çağırılır və onlardan sosial mediada hökuməti tənqid edən postlarının silinməsi tələb edilir. Bu göstərişə əməl etməyənlər müxtəlif cəzalarla hədələnir”.

Bloklanan saytların sayı artır

Hesabatda deyilir ki, 2018-ci ilin məlumatına görə Azərbaycanda bloklanan saytların sayı 85-ə çatıb, halbuki 2017-ci ildə bu rəqəm 25 idi.

“Amerikanın səsi”, AzadlıqRadiosu, habelə Azadlıq qəzeti, Bastainfo.com, Criminal.az, Topxeber.az, Fia.az, Monitortv.info, Xural.com, Az24saat.org, Anaxaber.az, Arqument.az kimi Azərbaycan saytları, o cümlədən Almaniyada mənzillənən Meydan TV-nin saytı il ərzində bloklanmış vəziyyətdə idi”.

Azərbaycanda sərbəst toplaşma hüququnun pozulması məsələsinə toxunan hesabat bildirir ki, 19 yanvar mitinqindən sonra hakimiyyət müxalifətin aksiyalar keçirməsinə imkan verməyib.

Bu, xüsusilə vurğulanır ki, hakimiyyət müxalifətə aksiyalar üçün bir qayda olaraq paytaxtdan aralıda olan Lökbatanı təklif edir.

XS
SM
MD
LG