Azərbaycanın İranla sərhədinin bağlanması müddəti uzadılıb.
Bununla bağlı bugün, martin 12-də Azərbaycan Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
Məlumatda bu addım Ümumdünya Səhiyyə Təşkilatının koronavirus infeksiyasını (COVID-19) qlobal pandemiya elan etməsi və Azərbaycan ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə izah edilir:
“29 fevral 2020-ci il tarixində qəbul edilmiş İran İslam Respublikası ilə sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlı saxlanmasına dair qərar növbəti iki həftə müddətinə uzadılmışdır”, açıqlamada yazılıb.
İranla sərhəddə insanların gediş-gəlişi dayandırılsa da, yük maşınlarının hərəkətinə maneyə qoyulmadığı bildirilir.
Xatırlatma
Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Bir müddət sonra bu virus Azərbaycanın qonşusu - İranda da özünü kəskin şəkildə göstərməyə başlayıb.
Bundan sonra bir sıra ölkələr İranla sərhədi bağlayıb. Azərbaycan isə bəzi qonşu ölkələrdən bir qədər gec - yalnız fevralın 29-da iki həftəlik İranla dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar verdiyini açıqlayıb.
Azərbaycanda 15 şəxsin bu virusa yoluxduğu açıqlanıb. Onlardan 3-nün indiyə kimi sağaldığı deyilir. Əsasən İrandan qayıdan yüzlərcə şəxsin isə koronavirus şübhəsi ilə karantinə alındığı söylənir.
Son bir neçə ayda dünyada bu virusdan 4 mindən çox şəxsin vəfat etdiyi bildirilir.
Bu virusdan ölüm hallarına Çindən sonra daha çox İtaliya və İranda rast gəlindiyi vurğulanır.