Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:19

Rasim Balayev: 'Qurban olduğum qudurmuş adamları cəzalandırır'


Rasim Balayev. Foto: AZƏRTAC
Rasim Balayev. Foto: AZƏRTAC

Novruzun ilk günündə AzadlıqRadiosunun əməkdaşı xalq artisti Rasim Balayevlə danışıb. O, koronavirus təhlükəsinin dünyanı gərginlik içində saxladığı bu günlərdə narahatlığını da bölüşüb, zarafatlaşaraq, tövsiyələrini də verib.

- Nə Novruz? Nə Novruz?.. Koronavirus gəldi bizim bayramımızı alt-üst etdi. Camaatı bu xəstəlik bir az ruhdan saldı. Mən şəxsən lap cavanlıqdan indiyədək Yeni ili, ya o biri bayramları o qədər də bayram kimi sevmirəm, amma Novruz başqadır. Gələn il xeyirli olsun, bərəkətli olsun, yaxşı olsun.

- Özünüz necəsiniz? Müalicəniz davam edir?

- Özüm xəstəxanadayam. Əməliyyat olunmuşam, fizioterapiyaya gəlirəm. Bu gün də bayramdır. Burda da növbətçilərdir, başqa heç kim yoxdur. Üç-dörd gün fasilə verib sonra yenidən gələm gərək, klinika işləməyə başlayanda yəni.

- Mütəxəssislər koronavirusdan danışanda 60 yaşı aşan insanların risk qrupuna daxil olduğunu bildirirlər. Bu narahat şəraitdə özünüzü koronavirusdan necə qoruyursunuz?

- Narahat deyiləm. Stalin bir dəfə çətinliyə düşür, onu xilas edərkən deyirlər: «Deyəsən, qorxdunuz, İosif Vissarionoviç?». Cavab verir ki, mən ölümdən qorxmuram, axmaq ölümdən qorxuram (bərkdən, ürəkdən gülür). Ölüm haqdır. Hərəyə bir gün yazılıb. Biri 50 yaşayır, biri 70... İndi koronavirus da axmaq ölümdür... Allah heç kimə qismət etməsin.

- Necə bilirsiniz, Azərbaycan səhiyyəsi bu xəstəliyin öhdəsindən gələ biləcək? Azərbaycanlılar nə qədər ciddi yanaşır infeksiyaya?

- Guya İtaliyada səhiyyə pisdir? Elə bizimkilərin əksəriyyəti İrana gedirdi. İndi İran qırılır. Düzdür, səhiyyə vacibdir, görürsünüz Çin artıq xəstəxanaları bağlayır, nə qədər insanı sağaltdılar, halbuki xəstəlik orda başlamışdı. Səhiyyə önəmlidir, amma səhiyyədən çox insanların yanaşması vacibdir. Bizdə özümüzə baxmaq yoxdur. Baxıb görürəm küçədə... O gün bir jurnalist zəng vurub ki, gəlin görüşək, intervü alacağam sizdən. Soruşuram, ay qardaş, intervü vaxtıdır? Qayıdır ki, nə olub? Cavab verirəm ki, sən jurnalistsən, baxmırsan dünyada nə var, nə yox? Deyir ki, bizə heç nə deməyiblər. Dedim: «Sənin dünyadan xəbərin yoxdur, gəlib məndən yazmaq istəyirsən?». Təsadüfi adamlardır gəlib düşüblər jurnalistikaya. Jurnalistikanı qurtarmayıb, nə bilim bəlkə Kənd Təsərrüfatını qurtarıb, iş tapa bilməyib, gəlib jurnalist işləyir...

- Bəs siz necə qorunursunuz? Dediniz ki, insanlar özlərinə baxmır, özünüz maska taxırsınız?

- Maska taxmıram, evdə tez-tez əlimi yuyuram. Spirtdən cibimdə gəzdirirəm, dəqiqədə əlimə vururam. Daha neynəyim? Bir də camaat çox olan yerə getmirəm, elə oturmuşam evdə... Qrip olurdu, amma belə şey görməmişdim. Eşidirdim ki, ebola var, filan var dünyada, amma gəlib bizim ölkəyə çatmamışdı. Bu koronavirus bütün bəşəriyyəti iflic edib. Qurban olduğum qudurmuş adamları cəzalandırır. Qudurmuş adamlara deyir ki, lazım olsa, mən sizi çəyirtkə kimi qıraram. Ancaq bundan ibrət götürən lazımdır. İbrət götürən götürəcək. Götürməyən də... Nə istəyirsən elə, deməli, mümkün deyil.

- Söhbətimiz başa çatır, bəlkə bir sözünüz var bu çətin günlərdə deyiləsi?

- Mən hamını təbrik edirəm. Arzu edirəm ki, bu bəla sovuşsun. Bundan bizim millətə ziyan dəyməsin. Təbabətin, həkimlərin dediklərini yerinə yetirək. İndi taledir də.. Amma onları etmək lazımdır. Gör nə vəziyyətdir ki, Nazirlər Kabinetində əməlli-başlı qərargah yaranıb, bununla məşğul olurlar. Ciddi hadisədir. Bununla məşğul olmaq lazımdır. Hərə özünü gözləsin. Ən yaxşısı budur ki, kişilərin öpüşməsinə son qoyulur, ya hind, ya da yaponsayağı görüşək bundan sonra (yenə gülür). Belə... Sağ olun, bayramınız mübarək.

XS
SM
MD
LG