Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:34

Rohani: ABŞ əvvəlcə sanksiyaları qaldırsın...


İranda koronavirus xəstəsi
İranda koronavirus xəstəsi

İran Birləşmiş Ştatların humanitar yardım təklifini bir daha rədd edib. Prezident Hassan Rohani deyib ki, Vaşinqton Tehrana koronovirusla mübarizədə kömək etmək istəyirsə, sanksiyaları qaldırmalıdır.

“Amerikanın liderləri yalan danışırlar... Onlar İrana kömək etmək istəyirlərsə, sanksiyaları qaldırmalıdırlar... Sonra biz koronovirusla mübarizə apara bilərik”, – Rohani martın 23-də televiziya ilə çıxışında söyləyib.

İran Yaxın Şərqdə koronovirusdan ən çox ziyan görən ölkədir.

Səhiyyə Nazirliyinin martın 23-də açıqlamasına görə, virusdan daha 127 nəfər vəfat edib. Bununla da ölü sayı 1812-yə çatıb, yoluxanlar isə 23 min nəfərdir.

Hassan Rohani
Hassan Rohani

İranla Birləşmiş Ştatların münasibətləri 2018-ci ildən daha da kəskinləşib. Həmin il Prezident Donald Trump Tehranla 2015-ci il nüvə sazişindən çıxaraq sanksiyaları bərpa edib və İran iqtisadiyyatını iflic edib.

“İranın neft ixracını bloklamısız, İranın bank tranzaksiyalarını dayandırmısız... Sizin kömək təklifiniz tarixin ən böyük yalanıdır”, – Rohani vurğulayıb.

Birləşmiş Ştatlar isə bildirir ki, koronavirusun yayılması İranı ABŞ-ın sanksiyalarından xilas etməyəcək. Bu sanksiyalar ölkənin neft gəlirlərini məhdudlaşdırıb, iqtisadiyyatı böyük təzyiq altında saxlayır.

***

İranda koronavirusdan ölənlərin sayı 1700-ə yaxınlaşır

İranın səhiyyə rəsmiləri ölkədə koronavirusdan 1685 nəfərin vəfat etdiyini açıqlayıb. Səhiyyə Nazirliyi martın 22-də bildirib ki, son 24 ildə daha 129 nəfər dünyasını dəyişib.

Nazirlik ölkədə COVID-19-a təsdiqlənmiş yoluxma hallarının 21 min 638-ə çatdığını bildirib.

İran Çin və İtaliyadan sonra koronavirusun ən çox yayıldığı ölkələrdən biridir. Rəsmilər iranlılara Novruz bayramı günlərində evdə oturmağı tövsiyə edib. Məktəblər bağlanıb, dini və idman tədbirləri qadağan olunub, dini mərasimlər məhdudlaşdırılır.

İranın Ali dini lideri Ayətulla Əli Xameneyi ənənəvi Novruz müraciətində Birləşmiş Ştatların koronovirusla mübarizədə yardım təklifini rədd edib. “Düşmənlərimiz çoxdur, ən pisi də Birləşmiş Ştatlardır... indi də bizə kömək etmək istəyirlər”, – Xameneyi vurğulayıb. O əlavə edib ki, Birləşmiş Ştatlar yaxşı olardı öz xalqına kömək edərdi.

Çexiyada, Balkanlarda durum

Çexiya hökuməti bildirib ki, koronavirusa görə tətbiq olunmuş ictimai qadağalar aprelin ortasınadək qaldırıla bilər. Ölkədə koronavirusa yoluxma halları 10 mini aşmır.

Açıqlamanı martın 22-də hökumətin virusla bağlı işçi qrupunun rəhbəri Roman Prymula verib.

Çexiyada virusa 1120 yoluxma halı qeydə alınıb, ölkə üzrə 16 minədək test həyata keçirilib. Praqadan 95 yaşlı bir qadın dünyasını dəyişib.

Prymula deyib ki, sərhəd qadağaları hələ bir neçə ay qüvvədə qala bilər, bu, qonşu ölkələrdəki vəziyyətdən asılıdır.

Səhiyyə naziri Adam Vojtech qüvvədə olan qadağaların aprelin 12-nə düşən Pasxa bayramına da təsirsiz ötüşməyəcəyini açıqlayıb. O, məktəblərin mayın sonunda açıla biləcəyini deyib.

Martın 20-dən Çexiyada səhər 7-9 arası yalnız yaşı 65-dən yuxarı olanlar ərzaq mağazalarında alış-veriş edə bilir. Martın 19-dan ölkə boyunca ictimai yerlərdə ağız və burunu maska, şarf, digər qoruyucu materiallar örtmək məcburidir.

Balkanlarda və cənub-şərqi Avropada isə koronavirusla mübarizə məqsədilə komendant saatları tətbiq olunur. Martın 21-dən Bosniya və Herseqovinada axşam 6-dan səhər 5-dək komendant saatı elan olunub. Qonşu Serbiyada komendant saatı axşam 5-dən səhər 5-dək uzadılıb.

Ukraynada yoluxma halları 73-ə çatıb. Martın 23-dən paytaxt Kiyevdə ictimai nəqliyyat vacib sayılmayan personalın üzünə qapadılıb.

Prezident Volodymyr Zelenskiy Beynəlxalq Valyuta Fondundan Kristalina Georgieva ilə danışaraq mümkün böhran halı üçün daha böyük maliyyə dəstəyi istəyib.

XS
SM
MD
LG