Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 02:06

Neftçilər dənizdən 1 ay gec dönəcəklər


SOCAR
SOCAR

Dənizdəki platformalarda çalışan, martın sonunda iş növbəsi başa çatmalı neftçilər evlərinə qaytarılmayacaq. Çünki onların iş rejiminin uzadılması barədə qərar verilib. SOCAR martın 24-də «Koronavirusun yayılmaması üçün növbəli iş üsuluyla çalışan işçilərin iş rejiminin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında» Qərar verib. Qərara əsasən, dənizdəki platformalarda olan işçilər aprelin axırına qədər orada qalacaq. Amma buna görə onlara ikiqat əməkhaqqı veriləcək. Neftçilər mayın 1-5-i arası dənizdən qaytarılacaq.

SOCAR-ın bu qərarından narazı olanlar var. Adının çəkilməsini istəməyən neftçi AzadlıqRadiosuna deyir ki, 45 gün platformalarda saxlanmaları onların səhhətinə də, psixoloji durumlarına da ciddi zərbə vuracaq: ««Neft daşları»nda normal şərait var, platformalarda elə deyil axı. Evdən gətirdiyimiz paltarlarla, yeməklə 15 günü yola verirdik. Düzdür, yemək verirlər, amma çox keyfiyyətsizdir. Hələ mən tualet və başqa şəraitsizliyi demirəm. Məsələnin başqa tərəfi də var. Adamı 45 gün dənizdə saxlamaq olar?! Çox rütubətlidir, soyuqdur...».

Neftçi vurğulayır ki, öncədən bilsəydilər, gələndə yemək və paltar ehtiyatlarını da 15 yox, 45 günlük götürərdilər.

«7-8 aydır onlara süd verilmir»

M.Qəhrəmanlı
M.Qəhrəmanlı

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı AzadlıqRadiosuna bildirib ki, neftçilərin iş rejiminin dəyişməsiylə əlaqədar rəhbərlik etdiyi təşkilata da şikayətlər gəlir. Hüquq müdafiəçisinin sözlərinə görə, dəyişiklik qərarından narazı olan neftçilər arasında elələri var ki, martın əvvəlindən işdədir: «Həm fiziki, həm də psixoloji yorğunluqdan şikayətlənirlər. Ailə üzvlərindən nigarandırlar. Ən əsası, adamları ay yarım, iki ay orada saxlamağa şərait varmı? Yoxdur. Nə yataqxanalarda normal şərait var, nə keyfiyyətli yemək verilir. 7-8 aydır onlara süd və süd məhsulları verilmir. Halbuki, zərərli işdə çalışanlar üçün vacibdir, nəzərdə tutulub. Çamaşırxanalarda işçilər paltarlarını yumaq üçün yuyucu toz tapa bilmir. Vaxtında lazımi addımları atsaydılar, normal şərait yaratsaydılar, bəlkə də saxlamaq olardı. İndiki vəziyyətdə adamları may ayına qədər orada saxlamaq onlara zülm eləməkdi».

M.Qəhrəmanlı deyir ki, Azərbaycanda fəaliyyət göstərən bəzi xarici neft şirkətləri işçiləri dənizə növbəyə aparanda və ya geri qaytaranda həkim müayinəsindən keçirir, gəmilər dezinfeksiya olunur. Hüquq müdafiəçisi iddia edir ki, SOCAR-ın strukturlarında isə əksər hallarda bu cür tələblərə əməl olunmur.

«İşçilərin sağlamlığını nəzərə alıb...»

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov AzadlıqRadiosuna bildirib ki, neftçilərin sağlamlığı və təhlükəsizliyinə görə belə bir qərar verilib. Özü də, qərar Nazirlər Kabineti yanında Operativ qərargahla razılaşdırılıb:

İ.Əhmədov
İ.Əhmədov


«Koronavirus infeksiyası uzun müddət gizli qalır və bu müddətdə başqalarını yoluxdurmaq ehtimalı var. Bir platformaya virus daşıyıcısı olan insan daxil olarsa, başqalarını da yoluxdurarsa, çox ciddi problem yaranar. Quruda insanlara sürətli tibbi yardım göstərilməsi mümkündür, amma dənizdə buna zəmanət yoxdur. Xəzər dənizində hava şəraiti çox dəyişkəndir. Bu baxımdan, işçilərin sağlamlığını nəzərə alıb, belə qərar vermişik».

SOCAR rəsmisinin sözlərinə görə, bir sıra başqa beynəlxalq şirkətlər də bənzər qərarlar veriblər. İ.Əhmədov vurğulayır ki, neftçilərin iş rejiminin dəyişməsinin hüquqi əsası da var. Həm Əmək Məcəlləsinin 101-ci (İş vaxtından artıq işlərə yol verilən müstəsna hallar) maddəsi, həm də SOCAR-la Azərbaycan Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə əmr-qərarı.

«Anlayırıq ki, çətindir. Amma SOCAR-ın Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyəti var. İnsanların psixoloji durumunu da nəzərə alırıq. Platformalarda həkim personalı, mütəmadi nəzarət var. Hansısa işçidə psixoloji gərginlik müşahidə olunarsa, fövqəladə şəkildə quruya çıxarılması mümkün olacaq. Onu da deyim ki, əksər işçilər quruya çıxarılıb, yalnız çox zəruri işçilər saxlanılıb», - SOCAR rəsmisinin sözləridir.

Platformalardakı şəraitdən narazılıqlara münasibət bildirən İ.Əhmədov deyir ki, orada qalmaq üçün şərait var. Amma adamların daha uzun müddət orada qalacaqlarını nəzərə alıb, əlavə tədbirlər də görüləcək: «Əlavə tədbirlər görülür, bütün zəruri vasitələrlə təmin olunacaqlar».

Qərara yenidən baxıla bilər

İ.Əhmədov əlavə edib ki, koronavirus təhlükəsiylə əlaqədar vəziyyət dəyişərsə, qərara da yenidən baxıla bilər: «Bugünkü qərarlar hazırkı vəziyyətə uyğun olaraq verilib. Əgər vəziyyət dəyişərsə, bu qərarlara da yenidən baxıla bilər. Ola bilər, daha erkən qayıdarlar. Ola bilər, daha intensiv testləşdirmə vasitəsilə insanların növbə dəyişməsi tətbiq olunar. Yəni, bu prosesin nə qədər çəkməsi gələcək proqnozlardan asılıdır. Hələ ki, qeyri-müəyyənlik var, ona görə də bu qərar qalır».

A.Quliyev
A.Quliyev

Hüquqşünas Azər Quliyev məsələnin hüquqi tərəflərini şərh edərək deyir ki, qanunvericilik zəruri hallarda iş rejiminin dəyişdirilməsinə imkan verir. Hüquqşünasın sözlərinə görə, virusla mübarizə baxımından ölkədəki durum nəzərə alınsa, SOCAR-ın qərarı başadüşüləndir: «Amma SOCAR da işçilərinə münasibətdə daha anlayışlı davranmalıdır. Adamların uzunmüddətli saxlanması üçün daha uyğun şərait mütləq yaradılmalıdır. Artıq iş saatlarına görə əlavə əməkhaqqıdan başqa da güzəştlər olmalıdır. Məsələn, sonradan növbədənkənar məzuniyyət ola bilər».

Hüquqşünas vurğulayır ki, insanların iş vaxtından əlavə işlədilməsinin də bir həddi olmalıdır: «İş yükü və müddət mütləq ağlabatan olmalıdır. İnsanları onların səhhətinə zərbə vuracaq həddə işlətmək olmaz. Əmək Məcəlləsinin 101-ci maddəsi müstəsna hallarda iş vaxtından artıq işlətməyə yol verir. Həmin Məcəllənin 43.3-cü maddəsində də deyilir ki, əmək münasibətləri dövründə işçilərin hüquq və təminatlarının səviyyəsi azaldıla bilməz».

XS
SM
MD
LG