Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:34

Pandemiya dərsləri – Qərb mediası


Nyu York, arxiv fotosu
Nyu York, arxiv fotosu

Sənayeləşmiş dünyada koronavirusa görə ən ağır bədəli Birləşmiş Ştatlar ödəyəcək. Bunu “The Atlantic” portalında Ed Yong yazır və səbəblərini izah edir.

Müəllif yeni koronovirusun SARS-CoV-2 kimi gizlicə yayıldığını, ölkələrin belə bir virusla mübarizəyə daha hazırlıqlı olmasını vacib sayır – adamlar təcrid olunmalı, yoluxanlarla təmasda olanlar nəzarətdə saxlanmalıdır. “Cənubi Koreya, Sinqapur, Honq Konq belə davrandı. Birləşmiş Ştatlar isə buna getmədi”, – müəllif yazır.

Test fiaskosu

Fevralda ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzləri qüsurlu testi sınaqdan keçiriblər. Müstəqil laboratoriyalar alternativlər hazırlasalar da, hakimiyyət bürokratiyası ilə üzləşiblər. Onminlərlə amerikalının yoluxduğu ay ərzində yalnız yüzlərlə sakin testdən keçirilib. Müəllif Amerikada pandemiyanın sürətlə yayılmasının ilkin səbəbini məhz test fiaskosuyla izah edir.

"Ölkə virusun yayılmasını dəqiq izləyə bilsəydi, xəstəxanalar pandemiya planlarını icra edər, müalicə otaqları ayırar, əlavə ləvazimatlar sifariş edərdilər... Bunların heç biri baş vermədi”, – məqalədə deyilir.

Ekspertlər Amerikanın COVID-19 böhranına rəhbərliksiz, kortəbii, koordinasiyasız, ləng reaksiya verildiyini vurğulayır. “Hətta bundan da pis”, – 2014-cü ildə ABŞ-ın Qərbi Afrikada yayılan Ebola pandemiyasına reaksiyasını koordinasiya etmiş Ron Klain deyib.

“Bizim gözləntilərimiz doğrulmadı”, – Johns Hopkins Tibb məktəbindən Lauren Sauer söyləyib.

Gavi Vaksin Alyansının rəhbəri Seth Berkley isə bir amerikalı kimi dəhşətə gəldiyini deyir. “Sənayeləşmiş dünyada Birləşmiş Ştatlar bu pandemiyadan ən çox zərbə görən ölkəyə çevrilə bilər”, – o əlavə edib.

Dörd şərt

Müəllif ABŞ-ın pandemiya ilə mübarizədə geri qaldığını yazsa da, onunla ayaqlaşmağın çətin, ancaq mümkün olduğunu vurğulayır. Müəllif dörd məsələyə təcili əməl etməyi vacib sayır.

Birincisi və ən vacibi, sürətlə maska, əlcək və digər şəxsi qoruyucu ləvazimat istehsalına başlamaqdır. İkincisi, kütləvi COVID-19 testləri aparmaqdır.

Əhalinin taleyi üçüncü vacib məsələdən – sosial, yaxud DST-nin yeni qəbul etdiyi terminlə desək, fiziki təcriddən asılıdır. Pensilvaniya Universiteti sosial təcrid tədbirlərinin infeksiya göstəricilərini 95 faiz azaltdığını bildirir.

Dördüncü önəmli məsələ isə aydın koordinasiyanın olmasıdır, ictimaiyyət əmin edilməli, informasiya almalıdır. “Bunun əvəzində Trump dəfələrlə problemin miqyasını kiçiltməyə çalışıb, hər şeyin nəzarətdə olduğunu” deyib", - yazan müəllif, indi Trump-ın Allergiya və Yoluxucu Xəstəliklər Milli İnstitutunun direktoru Anthony Fauci-yə qulaq asdığını qeyd edir. Fauci Ronald Reagan dönəmindən yeni epidemiyalarla bağlı prezidentlərə məsləhət verib, indi də COVID-19 işçi qrupundadır və demək olar, hər gün Trump-la görüşür.

“Onun öz üslubu var, bunu bir kənara qoyaq. Ancaq indiyədək etdiyim hər bir tövsiyəyə qulaq asıb”, – Fauci müəllifə deyib.

“Trump bu kursu saxlasa, amerikalılar sosial təcridə əməl eləsə, testlər kütləvi aparılsa, yetərincə maska hazırlansa, ölkə COVID-19-la bağlı ən pis proqnozlara üstün gələ, pandemiyanı azından müvəqqəti də olsa nəzarətdə saxlaya bilər. Bunun nə qədər çəkəcəyini heç kəs bilmir, ancaq tezliklə qurtaran da deyil. ‘Dörd həftədən altı həftəyədək, üç ayadək çəkə bilər. Amma bu qədər uzanacağına çox da inanmıram’, Fauci vurğulayıb”, – məqalədə deyilir.

XS
SM
MD
LG