Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:47

Türkmənistan banklardan xarici valyuta çıxarılmasını yasaqlayır


Türkmənistan 100 manatlığı
Türkmənistan 100 manatlığı

Türkmənistan aprelin 1-dən banklardan nağd xarici valyuta çıxarılmasını qadağan edib.

Anonimlik şərtilə danışan bir neçə bank rəsmisi AzadAvropa/AzadlıqRadiosuna deyib ki, ölkədəki bütün banklara Türkmənistan Mərkəzi Bankından şifahi göstəriş gəlib, bank hesablarından yalnız rəsmi məzənnəyə uyğun Türkmənistan manatı çıxarıla bilər.

Müstəqil onlayn xəbər saytı olan Turkmen.news ölkədə fəaliyyət göstərən beynəlxalq enerji şirkətlərinin – Petronas, Dragon Oil və Bouygues-in əməkdaşlarına istinadla yazır ki, aprelin 1-dən ABŞ dolları, yaxud avro ilə maaş alan xarici təşkilat və şirkətlərin əməkdaşları da maaşlarını yalnız manatla çıxara bilərlər.

Rəsmi məzənnə 5 ildir dəyişmir

Türkmənistan Mərkəzi Bankı 2015-ci ildə bir dollar üçün rəsmi məzənnəni 3,5 manat səviyyəsində müəyyənləşdirib və o vaxtdan bu dəyişməyib. Amma qara bazardakı məzənnə bundan beş dəfə yüksəkdir. 2016-cı ilin yanvarından nağd şəkildə valyuta mübadiləsi qadağan olunub.

Ötən ay Türkmənistan xarici valyutaya nəzarəti daha da gücləndirib. Buna ölkənin təbii qazının əsas alıcısı olan Çinin idxalı kəskin azaltması və qlobal enerji qiymətlərinin düşməsi səbəb olub.

Mərkəzi Bank vətəndaşların xarici valyuta alması üçün də hədd qoyub, bank hesablarına yatırılan aylıq məbləği 500 dollardan 300-ə, ölkədən aylıq pul transferlərini isə 300 dollardan 200 dollara salıb.

Aylardır Türkmənistan iqtisadiyyatı çətinliklər içindədir, uğursuz neft sazişləri, təbii qazın qiymətinin ucuzlaşması hökumətin gəlirlərini azaldıb.

Hökumətin tənqidçiləri və insan haqları qrupları deyirlər ki, Türkmənistan Prezidenti Gurbanguly Berdymukhammedov narazıları susdurur, 2006-cı ildə avtokrat lider Saparmurat Niyazovun ölümündən sonra hakimiyyətə gələrək ölkədə çox az dəyişiklik edib.

Berdymukhammedov da Niyazov kimi enerji gəlirləri hesabına əsas məhsullar və xidmətlər üçün subsidiyalar ayırmaqla hakimiyyətini möhkəmləndirib.

XS
SM
MD
LG