Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:06

Covid-19 uşaqlar üçün daha az risklidir


ABŞ-da divar rəsmi
ABŞ-da divar rəsmi

Uşaqların Covid-19 xəstəliyinə yoluxma riskləri hansı səviyyədədir, niyə onlar koronavirusa daha az yoluxurlar? AzadAvropa/AzadlıqRadiosunun Balkan xidmətinin Kosovo şöbəsi Nyu Yorkdakı Kolumbiya Universitetinin yoluxucu xəstəliklər üzrə tədqiqatçısı Barun Mathema ilə müsahibədə bu suallara cavab axtarıb.

Mathema indiyədək əldə olunan məlumatlara əsasən deyir ki, koronovirus əsasən yaşlılarda ağırlaşmaya səbəb olur. Ümumi yoluxmaların cəmi 6 faizi uşaqlarla bağlıdır.

ACE-2 reseptoru və sağlam ağ ciyərlər

“Aydın olan odur ki, əsas risk yaşlılaradır, amma uşaqlar da əlbəttə, yoluxurlar və xəstəliyi daha yumşaq formada keçirirlər”, – o söyləyib.

Uşaqların niyə bu xəstəliyə çox yoluxmamasına gəlincə, mütəxəssis bunu uşaqların ağ ciyərlərində SARS COBie virusunu qəbul edən ACE-2 reseptorunun yaxşı inkişaf etməməsi ilə əlaqələndirir. Bu səbəbdən virus uşaqların ağ ciyələrinin dərinliyinə girə bilmir və ciddi xəstəliyə yol açmır.

“Bu, bir nəzəriyyədir. Digər nəzəriyyə ondan ibarətdir ki, uşaqların ağ ciyərləri ümumilikdə sağlam olur. Bu da böyük faktordur. Bunu Çindən alınan ilkin məlumatlardan da bilirik. Siqaret çəkən, başqa ağ ciyər xəstəliyi olanlar daha pis nəticə göstəriblər”, – Barun Mathema bildirir.

Mütəxəssis xroniki immun sistemi problemləri olan uşaqlara riski istisna etmir. Eyni zamanda buna da güclü dəlilin olmadığını söyləyir. “Ağ ciyər xəstəliyi, pnevmoniyaya meylli xəstəlikləri, astması olan uşaqlarda bu xəstəlik daha ciddi fəsadlar törədə bilər”, – o əlavə edir.

Gənclər yoluxsalar da...

Amma bəzi ölkələrdə uşaqlar daxil olmaqla daha gənc əhali arasında daha yüksək yoluxmalar haqda məlumatlar gəlir. Mathema deyir ki, yaşlıların səhhətində adətən xeyli problemlər olur, ağciyər xəstəlikləri, yüksək təzyiq, diabet. Amma gənclər virusa yoluxsalar belə, daha tez sağalır, daha yaxşı nəticələr ortaya qoyurlar.

Bəs uşaqlar nə zaman testdən keçirilməlidir? Mütəxəssis bunu yaşadığın ölkəyə bağlayır. Uşaqda simptom varsa, test olunmalıdır. Ya da ailədə kimsə koronavirusa tutulubsa, uşaqda hər hansı simptomun üzə çıxmadığından əmin olmaq lazımdır.

Uşaqların qorunmasına gəlincə, fiziki məsafənin saxlanması, əlləri çoxlu yumaq onlara da aiddir. Uşaqların əllərini ağızlarına salmamasına diqqət edilməlidir.

Hamilə qadın koronavirusa yoluxursa, dölə təhlükə yaranırmı? Mütəxəssis ilkin məlumatlara əsasən belə bir təhlükənin olmadığını, amma Çindən gələn daha kiçik araşdırmada yoluxmanın mümkünlüyünün istisna edilmədiyini deyir. Hələlik, bu məsələylə bağlı birmənalı fikir söyləmək mümkün deyil.

XS
SM
MD
LG