Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:06

Karantindən çıxırlar, amma ehtiyatla – Qərb mediası


Praqada küçə musiqiçiləri
Praqada küçə musiqiçiləri

Bir neçə həftəyə Avstriya, Çexiya və Danimarka gündəlik həyata və biznesə qadağaları yüngülləşdirməyə başlayır. “The Financial Times” yazır ki, bu ölkələrin karantindən tədricən çıxmasını qitənin digər ölkələri diqqətlə izləyəcəklər, axı, onlar da ictimaiyyətin səhhətinə ziyan vurmadan iqtisadi fəaliyyəti bərpa etmək istəyirlər.

Danimarka aprelin 15-dən bağça və ibtidai məktəblərin açılacağını elan edib. Çexiya bildirib ki, aprelin 9-dan o qədər də vacib sayılmayan məhsullar satan mağazalar yenidən açılacaq. Avstriya isə kiçik dükanların, tikinti-təmir mağazalarının və park mərkəzlərinin aprelin 14-dən açılacağını deyir.

Təhlilçilərin fikrincə, bu ölkələrin AB-nin digər üzvlərinə nisbətən daha kiçik olması, eləcə də pandemiyaya dərhal reaksiya vermələri faydalı olub.

Hər 3 ölkə ictimai həyata böyük qadağalar qoydu, məktəbləri bağladı, kütləvi tədbirləri yasaqladı. Avstriya və Çexiya hökumətləri vətəndaşlarına küçədə maska taxmağı tapşırdı.

Qəzet bu ölkələrin virusun önlənməsində uğur qazanmasına baxmayaraq, qadağaların yumşaldılmasının riskli olduğunu yazır. Məsələn, Danimarkada valideynlər və müəllimlər narahatdırlar ki, təhsil ocaqlarının yenidən açılması uşaqlara risk yaradar. Çexiya fövqəladə vəziyyəti aprelin sonunadək qüvvədə saxlayır.

Nottingham Universitetinin fəxri professoru Keith Neal hökumətlərin qadağaları tələsmədən aradan qaldıracağını gözləyir. Azından vaksin hazırlanana, yaxud normal həyatın bərpasına imkan verən kollektiv immunitet yaranana qədər.

Koronavirusu daha çox ciblərinə təhdid kimi görürlər

“Pew” araşdırma mərkəzi koronovirus pandemiyasının milyonlarla amerikalının həyatına eyni cür təsir etmədiyini yazır. Yaşlı amerikalılar virusu daha çox sağlıqlarına riskli saysalar da, nisbətən gənclər onun potensial iqtisadi təhdidinə fokuslanırlar.

Yetkin yaşlı amerikalıların 88 faizi Covid-19 pandemiyasını ölkə iqtisadiyyatına, 66 faizi əhalinin sağlamlığına böyük təhdid kimi görür. 49 faiz deyib ki, pandemiya onların şəxsi maliyyə vəziyyətinə, 36 faiz isə sağlamlığa risk törətdiyini qeyd edib.

Yetkin yaşlıların 24 faizi epidemiyanı birbaşa maliyyə durumlarına böyük təhdid hesab edir. 11 faizsə deyib ki, xəstəlik onların ciblərinə deyil, səhhətlərinə böyük hədədir. 40 faizin fikrincə, epidemiya nə səhhətlərinə, nə də maliyyə durumlarına təhdid yaradır.

Amma daha yaşlı qruplara baxanda gənclər fərqli düşünür. Yaşı 30-dan az respondentlərin cəmi 6 faizi koronovirusu sağlamlığına təhdid kimi görür. 32 faiz deyib ki, səhhətinə deyil, maliyyə vəziyyətinə böyük təhdid yaranıb. Gənclərin 21 faizi epidemiyanı həm cibinə, həm sağlığına hədə sayır, 41 faiz isə heç birinə.

XS
SM
MD
LG