Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:06

Vuhanda qadağalar qaldırılır


Hubey vilayəti
Hubey vilayəti

Çində qlobal koronovirus epidemiyasının episentri olan Vuhan şəhərində hərəkətə son məhdudiyyətlər də qaldırılır. Avropadan və Birləşmiş Ştatlarda isə epidemiyadan ölü sayı artmaqdır.

Artıq dünyada COVID-19 xəstəliyi 82 mindən çox adamın ölümünə səbəb olub. Aprelin 6-də epidemiyanın episentrinə aylarla davam etmiş qadağaların götürülməsi bir çoxları üçün ümid işartısıdır.

11 milyondan çox əhalisi olan Vuhanda 50 mindən artıq insan virusa yoluxub, onlardan 2 min 500-dən çoxu dünyasını dəyişib. Bir çox tənqidçilər isə hökuməti epidemiyanın miqyasını kiçiltməkdə ittiham edib.

“Sakit olmalıyıq, sonda da başlanğıcda olduğu kimi ehtiyatlı davranmalıyıq”, – Vuhanın paytaxtı olduğu Hubey vilayətinin qubernator müavini Cao Guangjin deyib.

Britaniyanın Baş naziri Boris Johnson artıq ikinci gecədir intensiv reanimasiya şöbəsindədir. Səhiyyə naziri Edward Argar aprelin 8-də deyib ki, Johnson “rahatdır, sabitdir, əhvalı yaxşıdır”. O, baş nazirin oksigen qəbul etdiyini, süni nəfəs aparatına qoşulmadığını söyləyib.

Britaniyada koronavirusa 55 mindən çox insan yoluxub, onlardan 6 min 200-ə yaxını vəfat edib.

Nazirlər razılığa gələ bilməyiblər

Aprelin 8-də AB-nin maliyyə nazirləri Avropa ölkələri üçün nəhəng iqtisadi xilas planını razılaşdıra bilməyiblər.

Yarım trilyon avroluq (540 milyard dollar) “təhlükəsizlik toru” aprelin 9-da davam edəcək danışıqlarda müzakirə olunacaq.

Birləşmiş Ştatlar aprelin 7-də bir gün ərzində koronovirusdan 1800-dən çox adamın öldüyünü açıqlayıb. Ölkədə virusdan dünyasını dəyişənlərin sayı 13 minə yaxınlaşır.

Birləşmiş Ştatlarda yoluxanların sayı 398 mini keçib. Dünyada yoluxma sayı isə 1,4 milyon nəfərdir.

Ekspertlər real sayın daha yüksək olduğuna inanırlar, çünki testlərin miqyası məhduddur, ölkələr ölüləri fərqli qaydada sayırlar, bəzi avtoritar ölkələr isə rəqəmləri gizlədirlər.

Dünya Səhiyyə Təşkilatının (DST) Avropa ofisi isə bildirib ki, bəzi ölkələrdə “müsbət əlamətlər”in olmasına baxmayaraq, epidemiyanın profilaktikası tədbirlərini qaldırmaq üçün hələ tezdir.

16 min 500 nəfərin dünyasını dəyişdiyi İtaliyada aprelin 7-də yeni yoluxma halları azalıb. Hakimiyyət italyanları artıq beşinci həftəyə keçmiş karantin qaydalarına əməl etməyə çağırıb.

İspaniyada koronavirus 14 min 555 nəfərin, Fransada isə 10 min nəfərin həyatına son qoyub.

XS
SM
MD
LG