Ötən gecə ABŞ Prezidenti Donald Trump yoluxucu xəstəliklər üzrə mütəxəssis Dr. Anthony Fauci-nin istefasına çağıran tviti təkrarlayıb.
“Üzr istəyirəm, Saxta Xəbər, hər şey yazılıb. Mən hələ adamlar dilə gəlməmişdən Çinə qadağa qoymuşdum”, – yazan Trump səyahət qadağasının məhz virusu önləmək üçün gərəkən addım olduğunu bildirib.
Bazar günü CNN televiziyasının “State of the Union” verilişinə danışan Fauci deyib ki, əgər qabaqlayıcı tədbirlər daha tez görülsəydi, ölkədə “daha çox adamın həyatını xilas etmək olardı”.
“Çox vaxt tövsiyəyə əməl olunur, bəzən olunmur”
“Bilirsiz, Jake, dəfələrlə demişəm ki, buna sırf səhiyyə nöqteyi-nəzərindən baxırıq”, – Fauci verilişin aparıcısı Jake Tapper-ə deyib.
“Biz tövsiyə veririk. Çox vaxt tövsiyəyə əməl olunur, bəzən olunmur”, – o vurğulayıb.
Prezidentdən öncə respublikaçıların konqresdə keçmiş namizəd DeAnna Lorraine #FireFauci (Fauci-ni işdən çıxar) həştəqilə tvit atmışdı.
“Fauci indi deyir ki, Trump daha öncə tibb ekspertlərinə qulaq assaydı, daha artıq həyatı xilas edə bilərdi. Fauci fevralın 29-da adamlara deyirdi ku, narahat olmağa əsas yoxdur, bu, ABŞ ictimaiyyətinə təhdid yaratmır”, – yazan Lorraine tvistini “#Fauci-ni işdən çıxarmaq vaxtıdır”, – sözlərilə bitirib.
Dr. Anthony Fauci hazırda Trump administrasiyasının koronavirusa qarşı işçi qrupunun əsas üzvlərindən biridir. CNN-in əməkdaşı ondan soruşub ki, sosial məsafə və evdə qalmaq tədbirləri martın ortasında deyil, fevralda qüvvəyə minsəydi, daha çox ölümü önləmək olardımı.
“Əlbəttə, bunu heç kəs danmır. Amma bu qərarlara nəyin daxil olması mürəkkəbdir”, – Fauci vurğulayıb.
Bu açıqlamadan bir gün öncə “The New York Times” qəzeti pandemiyanın ilk günlərində Trump administrasiyasının yanlış addımlarından yazıb, Prezident Trump-ın potensial ölümcül xəstəliklə bağlı müşavirlərinin xəbərdarlıqlarını gözardı etdiyini qeyd edib.
3 həftə gecikmiş məhdudiyyətlər
Administrasiya rəsmilərindən biri CNN-ə danışıb ki, hökumətin aparıcı səhiyyə rəsmiləri hələ fevralın üçüncü həftəsində güclü sosial məsafə tədbirləri də daxil olmaqla risklərin yumşaldılması strategiyasına başlamağı razılaşıblar. Amma bu qaydaların qüvvəyə minməsi üç həftədən də çox çəkib, martın 16-dan tətbiq olunub.
Artıq amerikalıları bu qaydaların nə vaxt yüngülləşdiriləcəyi maraqlandırır. Fauci deyib ki, bu, işığı yandırıb söndürmək kimi asan məsələ deyil, ölkədəki durumdan asılıdır. “Ölkənin müxtəlif yerlərindəki vəziyyətə baxılacaq”, – o vurğulayıb.
Trump şənbə günü axşam bildirib ki, ölkədə fəaliyyətin bərpa olunmasına “tezliklə” qərar verəcəyinə ümid edir. O, daha öncə mayın 1-dək belə bir qərarın verilə biləcəyindən danışırdı.
Amma səhiyyə ekspertlərinin fikrincə, sosial məsafə tədbirləri mayın 1-dən yüngülləşərsə, şirkətlər açılarsa, koronavirusa yoluxma halları yenidən baş qaldıra bilər.
Hazırda Birləşmiş Ştatlar koronavirusdan ən çox ziyan görmüş ölkəsinə çevrilib. Artıq bu ölkədə 556 mindən artıq yoluxma, 22 mindən çox ölü sayı qeydə alınıb.