Koronavirus pandemiyası və məhdudlaşdırıcı tədbirlər şəraitində moskvalıların 12 faizi işsiz qalıb. Rəyi soruşulanların 30 faizindən çoxu isə işini müvəqqəti dayandırıb. Daha 30 faiz yarım gün işləyir. “Romir” tədqiqat mərkəzinin sorğusu belə bir mənzərəni ortaya qoyub.
İşini itirənlər əsasən 45-50 yaşlarında olanlardır. Respondentlərin 39 faizi gəlirlərinin əməlli azaldığını bildirir.
Martın 30-da Moskvanın hakim orqanları işsizliyə görə aylıq 19 min 500 rubl müavinət təsis edib.
Bu günlərdə Hesablama Palatasının sədri Aleksei Kudrin deyib ki, böhran səbəbindən bu il Rusiyada işsizlərin sayı üç dəfə artaraq 8 milyona çata bilər. O, müvəqqəti olaraq minimum əməkhaqqını, işsizlik müavinətini artırmağı, maaşların verilməsi üçün biznesə dotasiya ayrılmasını təklif edib. Onun sözlərinə görə, biznesi dəstəkləməyə bir milyon – üç milyon rubladək vəsait lazımdır.
Koronavirusun yayılması məqsədilə Rusiyada aprel qeyri-iş ayı elan olunub. Moskvada restoranlar, fitnes zalları, ticarət mərkəzləri, gözəllik salonları bağlanıb. Şəhərdə özünütəcrid rejimidir, sakinlər evdən yalnız mağazaya, aptekə, həkimə getmək üçün çıxa bilirlər. Aprelin 15-dən nəqliyyatda buraxılış kağızı tətbiq olunur.
İcazə sistemi tıxaclar, növbələr yaradıb
AzadlıqRadiosunun rus xidməti artıq Moskvaya giriş məntəqələrində tıxaclar, metroda növbə yarandığını xəbər verir. “Yandex.Kartı” xidmətinin məlumatına görə, mərkəzə doğru böyük magistrallarda avtomobillər tıxaclarda qalıb.
Sərnişinlər də metroda buraxılış vəsiqələrinin yoxlanmasından şikayətlənir. Sosial mediada yayılmış fotolarda əhalinin heç də metr yarımlıq məsafəni saxlamadığı görünür. Bəziləri növbələrdə 30-40 dəqiqə gözlədiklərini yazırlar.
Taksi sürücüləri “Moskvanın köməkçisi” tətbiqi vasitəsilə sərnişinlərin icazə vəsiqəsinin nömrəsini yoxlamaladırlar. Nömrə etibarsız çıxarsa, sürücü sərnişini aparmaqdan imtina edə bilər. Polis əməkdaşları isə taksini saxlayaraq maşında olanların hamısının icazə vəsiqəsi və pasportunu yoxlaya bilər.
Aprelin 15-dən şəhərdə və vilayətlərində gəzmək üçün xüsusi rəqəmsal icazə almaq tələb olunur. İcazələrin qeydiyyatına aprelin 13-dən başlanıb. İcazə üç kateqoriya üzrə verilir: işə getmək, tibb ocaqlarına getmək və şəxsi məqsədlər üçün (həftədə iki dəfədən çox olmamaqla).
Son iki kateqoriya üzrə icazə bir günlük, işlə bağlı isə bir aylıq verilir.
Paytaxtda piyada gəzməyə rəqəmsal icazə tələb olunmur. Moskva ərazisi üçün alınmış icazə Moskva vilayətini də əhatələyir.