Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 09:32

Arnold Schwarzenegger-in 6 uğur qaydası


Arnold Schwarzenegger
Arnold Schwarzenegger

Avstriyada doğulmuş, gənc yaşlarında ABŞ-a gedərək orada bodibildinq, Hollivud, siyasət və digər sahələrdə uğur qazanmış əfsanəvi Arnold Schwarzenegger bodybuilding.com saytında özünün 6 qaydasını bölüşüb:

"Mən həmişə öz qaydalarımla yaşayıb rəqabət aparmışam. Mən bodibildinqdə, filmlərdə və ictimai siyasətdə iddialı məqsədlərin ardınca gedəndə mənə dönə-dönə "sən bacarmazsan" deyiblər. Mən şübhələr, diqqət yayındıran şeylərlə üzləşmişəm və mən onları yolumdan süpürüb ata bilmişəm.

İnsanlar tez-tez soruşur: "Sən bunu necə edə bilmisən? Necə olub ki, ingilis dili ana dili olmayan adam bodibildinq üzrə dünya çempionu, ulduz aktyor və Kaliforniya kimi ştatın qubernatoru olub?". Cavabsa sadədir: Mən bu altı qaydaya tabe oldum və uğur qazandım. Mən məqsədlərimə çatacağıma inandım və mənə bunun əksini deyənlərin yanıldığını sübut etmək üçün vuruşdum.

Bodibilder həmkarlarımın çoxu kimi, mən də cəmiyyətin uğur və davranış üçün qoyduğu qaydaların çoxunu pozdum. Başqa insanların etmədiyi şeyləri etdim. Başqalarından çox çalışdım. İndi isə bu qədər iş görəndən sonra mənə bu qədər çox şey vermiş dünyaya borcumu qaytarmağa fokuslanıram.

Bu qaydalara əməl edin və uğur sizinlə olacaq:

1. Özünüzə inanın

Sizin özünüzün – ananızın, yaxud atanızın yox, məhz özünüzün – nə etmək istədiyiniz haqda bir təsəvvürünüz olmalıdır. Mən uşaq olanda bilirdim ki, bodibildinq üzrə dünya çempionu olmaq istəyirəm. Mən ən böyük bodibilder olmaq istəyirdim. Sadəcə, bir yarışı udmaq yox, tarixdə ən yaxşı bodibilder olmaq.

Valideynlərim mənim üçün başqa bir həyat istəyirdilər. Onlar mənim atam kimi polis zabiti olmağımı, Heidi adlı qızla evlənməyimi, "Musiqi səsi" (The Sound of Music) filmindəki von Trapp ailəsindəki kimi bir neçə uşağımın olmasını istəyirdilər. Mənsə Avstriyadan getmək, çempion olmaq üçün Amerikaya gəlmək istəyirdim. Mən bu qərara tam inanır, etibar edirdim və mən onun ardınca getdim. Özünüzə inanın, özünüzün vizionunuzu yaradın və onun ardınca gedin. Kifayət qədər güclü vizionunuz olandan sonra ona nail olmaq üçün vəhşicəsinə çalışacaqsınız.

2. Bəzi qaydaları pozun

Franco Columbu-nun boyu 1 metr 65 santimetr idi. Hamı ona deyirdi ki, o, heç vaxt dünya çempionu ola bilməyəcək. Qaydalara görə, yalnız hündür və iri oğlanlar "Cənab Kainat" (Mr.Universe), "Cənab Olimpiya" (Mr.Olympia) və bütün digər iri titulları qazana bilərlər. Ancaq Franco qaydaları pozdu. …O, "Cənab Kainat" titulunu üç dəfə qazandı. O, "Cənab Dünya" titulunu qazandı. O, hətta "Olimpiya" titulunu iki dəfə qazandı!

Mən də eyni şeyi etdim. Adamlar deyirdilər ki, mən aktyor ola bilmərəm. Qaydalar deyirdi ki, aksenti olan aktyorlar baş kişi rollarını oynaya bilməzlər. Tarixdə heç kimin bunu etməməsi mənim vecimə deyildi. Mən aktyorluq, aksenti ləğv etmə və ingilis dili dərsləri götürdüm. Mən gərgin çalışdım və baş kişi rollarının ifaçısı oldum.

3. Məğlubiyyətdən qorxmayın

Siz məğlub olanda hər dəfə yenidən ayağa qalxa bilərsiniz. Riskə getməlisiniz. Riskə getməsəniz, heç vaxt rekord qıra bilməzsiniz. …Sakitləşin! Qorxmayın.

Məğlubiyyət uduzub yenidən ayağa qalxmamaqdır. Qalibsə uduzur, sonra qalxıb üstünün tozunu çırpır və yoluna davam edir. Uduzmaqdan qorxmayın! Dünyada hamı məğlub olur. Məqsədinizə hücum etməkdən qorxmayın.

4. "Yox" deyənlərə fikir verməyin

Mən o adamlara qulaq assaydım, hələ də Avstriyada, dağın başında olardım, yodl oxuyardım. 15 yaşım olanda, adamlara bodibildinq çempionu olmaq istədiyimi deyəndə dərhal deyirdilər ki, bu baş verməyəcək. "Bu mümkün deyil. Bu, Amerika idmanıdır. Avstriyada sən xizək, velosiped sürə… bilərsən, ancaq bodibildinq çempionu ola bilməzsən",- deyirdilər.

Bilirsiniz nə var? Mən onlara qulaq asmadım. Mən Amerikaya köçdüm. Mən bodibildinq çempionu oldum. Qalanı tarixdir.

Mən Kaliforniyanın qubernatoru postuna namizədliyimi verəndə dedilər ki, "yox, bacarmazsan. Əvvəlcə mer, şəhər şurası, ştat senatorluğuna, ondan sonra, bəlkə, qubernatorluğa namizədliyini verə bilərsən". Mənsə dedim "cəhənnəm olsun bunların hamısı". Dövlət qulluğu və cəmiyyətə töhfə verməyə böyük həvəsim vardı. Mən qubernatorluğa namizədliyimi vermək istəyirdim. Verdim və iki ay sonra artıq qubernator idim.

5. Vəhşi kimi işləyin

Adamlar "İdman etməyə vaxtım yoxdur" deyəndə heç sevmirəm. Mən bunu anlamıram. Sənin gündə 24 saatın var. 6 saat yatsan 18 saatın qalır. Güman ki, 8-10 saat çəkən işini görsən, hələ də azı 10 saatın qalır. Sən hələ də deyirsən ki, bu qədər vaxt ərzində idmana vaxtın yoxdur?

Kitab oxu, ailənə diqqət ayır, dostlarınla vaxt keçir və hər gün idmana 30-45 dəqiqə vaxt ayır. Bu minimumdur! Mən and içirəm ki, siz buna vaxt tapa, yaxud vaxt ayıra bilərsiniz.

Vəhşi kimi işləyin. Yorulana qədər çalışın. Hələ heç kim çox çalışmadan uğur qazanmayıb. Kəsə yol yoxdur. Vəhşi kimi çalışın və sizdə hər şey alınacaq.

6. Cəmiyyətə nəsə qaytarın

Bizə kömək etməsəydilər, indi olduğumuz yerlərdə olmazdıq. Hamımıza getdiyimiz yolda kömək edirlər. Heç vaxt [hər şeyi] özümüz əldə etmirik. Etdiyim hər şey – şoubiznes, siyasət, qazandığım pullar, biznes və boldibildinqdə uğur, fondum, ətraf mühit təşkilatları – hər dəfə çox sayda insan mənə çoxlu kömək edir.

Onlar mənə kömək etdikləri üçün mən də başqalarına kömək etməliyəm! Məhz buna görə də axşam proqramları açmışam, məhz buna görə Xüsusi Olimpiadaya kömək edirəm və məhz buna görə ətraf mühit məsələlərini düşünürəm. Mən ətraf mühiti təmizləmək və yaşıl enerjili gələcək qurmaq istəyirəm ki, dünyamız …daha yaxşı yer olsun.

Biz insanlara kömək etməliyik. Köməyə ehtiyacı olan, kifayət qədər pulu olmayan ailələrdən gələn, yaxud oxuya bilməyən milyonlarla uşaq var. Onların oxumağı öyrənməsinə kömək edin! İnsanları idman etməyə həvəsləndirin! Uşaqları qucaqlaya, onların boynuna medal asaraq "Sən qalibsən! Biz sənə inanırıq. Biz səni sevirik. Biz səni düşünürük" deyə biləcəyiniz təşkilata qoşulun.

İcmanız, dövlətiniz, ölkəniz üçün nəsə edin. Nəsə verin".

XS
SM
MD
LG