Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 12:04

Polşa filminin səssiz yüksəlişi


Pawel Pawlikowski-nin "İda" filmi 2015-ci ildə Oskara layiq görülüb
Pawel Pawlikowski-nin "İda" filmi 2015-ci ildə Oskara layiq görülüb

"The Hollywood Reporter" jurnalı yazır ki, Polşanın kino sənayesinin Hollivuda ehtiyacı yoxdur.

Şərqi Avropanın digər ölkələrində xarici çəkiliş qruplarını cəlb etmək üçün vergi güzəştləri və prodakşn yardımları edilir. Uzun və güclü kinematoqrafiya ənənəsi olan Polşanın isə bunlara ehtiyacı yoxdur.

Son illərdə Polşada kassa gəlirləri artıb. Bu, daha çox milli filmlərin uğur qazanması ilə bağlıdır. Yerli filmlər bilet satışlarının 1/3-ə qədərini əhatə edir. Kino sənayesinin yetkinliyini sekvel və françayzların uğurundan sezmək mümkündür. Bu il ən çox uğur qazanmış filmlərin üçü məhz onlardır.

Polşa filmləri dünyada da sevilir. Pawel Pawlikowski-nin Oskara namizəd olmuş "Cold War", Agnieszka Holland-ın "Mr.Jones" adlı bioqrafik trilleri, fenomenal məhsuldarlıq nümayiş etdirən Malgorzata Szumowska-nın ilk dəfə Toronto Film Festivalında nümayiş olunmuş "The Other Lamb" adlı qorxu filmi buna misal ola bilər.

Bu il xarici film nominasiyasında Oskara namizəd olmuş Jan Komasa-nın "Corpus Christi" dramı hələ yeniyetmələr üçün təcridxanada olarkən mənəvi transformasiya yaşayan keçmiş məhbus haqdadır. O, həbsdən çıxandan sonra kiçik bir şəhərin kilsəsində keşiş kimi fəaliyyət göstərir.

Film daha əvvəl Venesiya və Toronto kinofestivallarında böyük uğur qazanıb, vətənində isə böyük ekrana çıxdığı ilk həftə ərzində 1 milyon dollar qazanaraq kassa hitinə çevrilib.

30%-lik güzəşt

Polşa kinematoqrafçılarının Hollivuda ehtiyacı olmasa da, onunla əməkdaşlığa şaddırlar. Polşa ötən il həm yerli, həm də qonaq prodakşnları həvəsləndirmək üçün 30%-lik güzəşt tətbiq edib. Bunun üçün ayrılmış 54 milyon dollarlıq illik büdcəni Polşa Film İnstitutu idarə edir. Bu vəsait bədii filmlərdən animasiyaya, sənədli filmlərdən televiziya seriallarınadək bütün layihələr üçün nəzərdə tutulub. Hər layihəyə bir təqvim ilində ən çox 3.7 milyon dollar ödənilir.

Polşa Film İnstitutunun (PFI) direktoru Radoslaw Smigulski deyir: "Polşa kinosu yüksəliş dövrünü yaşayır. Bizim çox gözəl …istedadlarımız var. Onlar həm Polşa kinosunun zəngin tarixindən çıxış edir, həm də müasir kinoya öz fərdi izlərini qoyurlar. Polşa kinematoqrafçılarının paylaşmağa hekayələri və dünya auditoriyası ilə ünsiyyətə girməyə çox böyük həvəsi var".

Bundan əlavə PFI artmaqda olan daxili və xarici tələbatı ödəyəcək yeni prodakşn məkanı tikmək üçün danışıqlar aparır.

Lars von Trier-in "Melancholia", Andrzej Wajda-nın "Katyn" və Jerzy Skolimowski-nin "Essential Killing" filmlərinin vizual effektləri üzərində işləmiş yerli "Platigo Image" şirkətinin prezidenti Jaroslaw Sawko deyir ki, Polşa qonşu Macarıstan və Çexiyadakı kimi, güzəşt sisteminin tətbiqini çoxdan gözləyirdi. "Ancaq o olmadan belə burada prodakşn və prodakşn sonrası xidmətlər sürətlə inkişaf edirdi", - o deyir. Onun şirkəti Raúl de la Fuente and Damian Nenow-un 2018-ci ildə Kann festivalında nümayiş olunmuş və "ən yaxşı bədii animasiya filmi" nominasiyasında Avropa Film Mükafatını qazanmış "Another Day of Life" filmini xüsusi qeyd edib. Şirkət, eyni zamanda, "Netflix"lə əməkdaşlıq edir.

İstedadlı kinorejissorlar, fərqli landşaft...

"Netflix" son illərdə Vrotslav və Qdansk arasında çoxlu istedadlı kinorejissor kəşf edib. Ölkənin dörd ən üzdə olan kinorejissoru – Agnieszka Holland, Kasia Adamik, Olga Chajdas and Agnieszka Smoczynska "Netflix"in orijinal "1983" serialının çəkilişlərinə rəhbərlik ediblər. Bu gərgin konspiroloji trillerdə hadisələr "Dəmir pərdə"nin hələ süqut etmədiyi antiutopik dünyada cərəyan edir. Hələ də repressiv polis dövləti olan Polşa artıq inqilaba hazırdır.

"Netflix"in fentezi janrında çəkilmiş "The Witcher" seriyalının da kökləri Polşaya bağlıdır. Bu serial Polşa yazıçısı Andrezej Sapkowski-nin silsilə romanları əsasında çəkilib. Daha öncə bu silsilə romanların motivləri əsasında populyar videooyun da yaradılmışdı. Film, əsasən, Macarıstanda və İspaniyanın La Palma adasında çəkilib. Ancaq əsas səhnələrin Polşada, Oqrodzenets qəsrində çəkildiyi deyilir.

Polşanın coğrafi mövqeyi də çox əlverişlidir. Buradan Avropanın istənilən paytaxtına 2-3 saata uçmaq olar. Bundan başqa, Varşavadan Los-Anceles, Nyu-York və Torontoya birbaşa uçuşlar var. Ölkənin müxtəlifliyi ilə seçilən landşaftı və zəngin tarixi memarlığı da bu məsələdə az rol oynamır. Son zamanlar çəkilmiş layihələrdə Polşa Berlin, Niderland, Paris və hətta Mancuriya kimi təqdim edilib.

XS
SM
MD
LG