ABŞ Prezidenti Donald Trump deyir ki, yeni koronavirus pandemiyasını önləmək məqsədilə immiqrasiyanı müvəqqəti dayandıracaq sərəncam imzalayacaq. Ölkədə koronovirusdan ölənlərin sayı 40 mini keçib.
Aprelin 20-də axşam yazdığı tvitində Trump bu tədbiri “Görünməz Düşmənin hücumuna qarşı, eləcə də BÖYÜK Amerika Vətəndaşlarımızın iş yerlərini qorumaq ehtiyacıyla” izah edib. Bundan artıq detal açıqlanmayıb.
Koronavirusa görə artıq bir neçə həftədir viza proseduraları, həmçinin immiqrant vizalarının verilməsi dayandırılıb.
Trump administrasiyası və ştat qubernatorları koronavirus qadağalarını tədricən qaldırmaq planı hazırlayırlar, bunu infeksiyaların ikinci dalğasına səbəb olmamaq şərtilə etmək istəyirlər.
ABŞ-ın yoluxucu xəstəliklər üzrə baş tibb rəsmisi Anthony Fauci xəbərdarlıq edib ki, virusun qarşısı alınmayanadək normal həyat tempinə qayıdış olmasın.
Serbiya
Avropa ölkələrindən bəzilər isə qadağaları ehtiyatla qaldırmağa çalışır. Dünya Səhiyyə Təşkilatının başçısı Tedros Adhanom Ghebreyesus bu yaxınlarda xəbərdarlıq edib ki, virus səhiyyə sistemi zəif olan inkişaf etməkdə olan ölkələrdə yeni mərhələyə girə bilər.
Serbiya hökuməti ötən ay tətbiq etdiyi karantin tədbirlərini yüngülləşdirəcəyini açıqlayıb.
Aprelin 21-dən kiçik bizneslərə və marketlərə işə başlamaq icazəsi verilib. Buraya avtomobil mexanikləri, pinəçilər, quru təmizləmə, kitab mağazaları, digər xidmətlər daxildir.
Amma hökumət maska, əlcək geyinmək, dezinfeksiya kimi tədbirlərə ciddi əməl etmək qaydasını qoyub. Ticarət mərkəzləri, kafelər, restoranlar, məktəb və bağçalar bağlı qalacaq.
Gecə komendant saatı bir saat qısaldılır, yaşı 65-dən yuxarı şəxslərin həftədə üç dəfə axşam 30 dəqiqəlik gəzintisinə icazə verilir.
Ötən həftəsonu hökumət əhalinin 19 aprel Pasxa bayramında ünsiyyətini önləmək üçün 84 saatlıq komendant saatı elan edib.
Serbiyada indiyədək 6 min 630 nəfərin koronavirusa yoluxduğu, 125 nəfərin öldüyü açıqlanıb.