ABŞ neftinin qiymətinin tarixdə ilk dəfə olaraq bir barrel üçün sıfrın altına enməsinin ardınca, aprelin 21-də Brent markasından olan neftin iyun ayı üçün füçers qiyməti də 25 faiz düşərək bir barrel üçün 20.7 dollar olub.
Rusiyanın Urals markalı neftinin qiyməti iki dəfə azalaraq 8 dollara düşüb, lakin sonradan azacıq qalxaraq 9.5 dollara yüksəlib.
AzadlıqRadiosunun Rus xidməti yazır ki, son dəfə Rusiya nefti 1998-ci ildə belə ucuz olub.
Rubl da ucuzlaşır
Moskva birjasında iki həftəlik fasilədən sonra dolların qiyməti qalxaraq 77 rubla çatıb. Eyni vaxt kəsimində 1 avro 84 rubla bərabər idi.
Kommersant qəzetinin mənbələri dolların 88 rubla qalxacağını istisna etmədiklərini deyiblər.
Aprelin 20-də ABŞ-ın WTImarkalı neftinin bir barrelinin qiyməti 56 dollara düşmüş və mənfi 38 dollar olmuşdu.
Aprelin 21-də qiymət sıfırın üstünə qalxaraq bir barrel üçün 2.5 dollara çatıb.
Buna baxmayaraq Kreml təmkinini saxlamağa çalışır. Moskva bildirir ki, burada söhbət neftin “spekulyativ qiymətlərindən” gedir və bazardakı vəziyyət neqativ proqnozlar üçün zəmin yaratmır.
“Bizim möhtəşəm neft-qaz sənayemiz”
Bu da xəbər verilir ki, aprelin 21-də ABŞ prezidenti Donald Trump Maliyyə və Enerji nazirliklərinə neft şirkətlərinin dəstəklənməsi üçün tapşırıq verib.
Prezident Twitter-də yazıb ki, “biz heç vaxt möhtəşəm neft-qaz sənayemizi darda qoymarıq”.
Bloomberg agentliyi mənbələrinin məlumatına görə OPEC karteli çökməkdə olan neft qiymətləri ilə bağlı təcili telekonfrans çağırıb. Bu tədbirdə hansı ölkələrin iştirak edəcəyi xəbər verilmir.
The Wall Street Journal qəzeti yazır ki, COVID-19 pandemiyası qlobal neft bazarına böyük zərbə vurub.
Qəzet təhlilçilərinin fikrincə, neft şirkətləri tez bir zamanda neft hasilatını azaltmalıdır.
BP-nin keçmiş rəhbəri: “Bir vaxtlar neftin qiyməti 17 il aşağı olub”
Qlobal neft qiymətləri koronavirus pandemiyası ilə bağlı tələbatın kəskin azalması nəticəsində çökməkdə davam edir.
Hazırda neft bazarında günə 20 milyon barrel izafi neft var. Bunun nəticəsində neft qiymətləri bir barrel üçün 20 dollardan aşağı düşmüşdü.
Belə bir şəraitdə Səudiyyə başda olmaqla OPEC və Rusiya arasında hasilatın azaldılmasına dair razılaşma əldə olunub.
Neft qiymətlərinin sabitləşməsində maraqlı olan ABŞ, Kanada və Norveçin də hasilatın ixtisarı sxeminə qoşulacağı gözlənilirdi.
Səudiyyə və Rusiya bu razılaşmaya görə may və iyun aylarında neft hasilatını günə 9.7 milyon barrel azaltmalıdırlar.
Bu arada BP şirkətinin keçmiş rəhbəri John Browne BBC-yə deyib ki, neft bazarında yaranmış hazırkı vəziyyət ona 1980-ci illəri xatırladır.
Browne bildirib ki, o vaxt bazarın neftlə dolması və tələbatın çökməsi nəticəsində neftin qiyməti 17 il müddətində aşağı olaraq qalmışdı:
“Düşünürəm ki, qiymətlər bir xeyli zaman ərzində aşağı və təlatümlü olaraq qalacaq. Hazırda hasil edilən və istifadəsiz qalan iri həcmlərdə neft var”.