Gürcüstan Prezidenti Salome Zurabishvili fövqəladə vəziyyəti mayın 22-dək uzatmaqla bağlı fərman imzalayıb. Aprelin 21-dı imzalanmış fərman parlament təsdiqləyəndən sonra qüvvəyə minəcək.
Zurabishvili qərarını koronavirusun ölkədə “daha iki-üç həftə” ərzində yayılmasının gözlənilməsi ilə izah edib. Onun sözlərinə görə, martın 21-də fövqəladə vəziyyət elan olunandan Gürcüstan epidemiyanın miqyasını “cilovlaya” bilib.
Gürcüstanda indiyədək koronavirusa 408 yoluxma halı açıqlanıb, onlardan dördü dünyasını dəyişib, 4 min 700-dən çox adam karantində saxlanır.
Ermənistan, Tacikistan
Ermənistan hakimiyyəti isə ölkənin şimal-qərbində yerləşən Şirak vilayətində bir şəhəri və ona bitişik kəndi təcrid edib. Səbəb yerli xəstəxananın 18 işçisində koronovirus aşkarlanmasıdır. Aprelin 20-də Maraliq şəhərinə gedən yollar bağlanıb. Polis ancaq xüsusi icazəsi olanların oraya buraxıldığını deyib.
Dünyada koronavirusa 2,5 milyondan artıq adamın yoluxduğu, 170 mindən çoxunun vəfat etdiyi bildirilir.
Tacikistanda vətəndaş haqları fəalları virusun yayılması, ancaq bu haqda rəsmi məlumat verilməməsindən narahatlıq dilə gətirirlər. Ekspertlər rəsmi informasiyaya şübhəylə yanaşırlar, çünki hökumətdə şəffaflıq, ölkədə müstəqil media yoxdur.
Aprelin 20-də 18 yerli vətəndaş hüquqları qrupları və fərdi fəallar Səhiyyə Nazirliyinə suallar ünvanlayaraq ölkədəki epidemioloji vəziyyətin aydınlaşdırılmasını istəyiblər. Onlar nazirlikdən 2019 və 2020-ci illərin ilk rüblərinə aid pnevmoniya, vərəm, digər respirator xəstəliklərlə bağlı statistikanı açıqlamasını istəyiblər.
Son həftələr Tacikistanda bir sıra ölüm halları rəsmən pnevmoniya, vərəm və qrip kimi təsvir olunsa da, ölkədə koronovirusun mümkün yayılması sarıdan əndişələr səslənib.
Orta Asiyada Türkmənistan da koronavirusa yoluxmanın aşkarlanmadığını bildirir.
Belarus
Dünya Səhiyyə Təşkilatı (DST) Belarus hökumətini dövlət tədbirlərini təxirə salmağa, ölkədə koronovirusun yayılmasını yavaşıtmaq üçün fiziki məsafə qaydası tətbiq etməyə çağırıb.
Tövsiyələr aprelin 21-də ayın əvvəlində Belarusa səfər etmiş DST ekspertləri tərəfindən irəli sürülüb. Onlar ölkənin pandemiyaya necə reaksiya verdiyini dəyərləndirirlər.
Bəyanatda deyilir ki, Belarusda təsdiqlənən yoluxma halları “sürətlə artır”. Səhiyyə Nazirliyi aprelin 21-də 6 min 723 yoluxma, 55 ölüm halının qeydə alındığını açıqlayıb.
Avtoritar Prezident Alyaksandr Lukashenka COVID-19-la bağlı qlobal narahatlığı “kütləvi psixoz” adlandırıb, sərt məhdudiyyətlərə ehtiyac olmadığını deyib.
Aprelin 19-da pasxa bayramında kilsələr açıq olub. Məktəblər isə uzadılmış yaz tətilindən sonra bu həftə açılıb.