Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:25

Ruhi-əsəb xəstəxanasına salınan cəbhəçi haqda qərar bir gündə necə dəyişib


A.Hümbətov
A.Hümbətov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xəzər rayon şöbəsinin fəalı, Maştağadakı 1 saylı Psixiatriya Xəstəxanasında saxlanan Aqil Hümbətov Ali Məhkəməyə şikayət vermək istəyir. Amma vəkili onun haqqındakı məhkəmə qərarını ala bilmir. Bu barədə AzadlıqRadiosuna vəkil Nemət Kərimli danışıb. Vəkilin sözlərinə görə, aprelin 2-də çıxarılmış qərarın surətini hələ də ala bilməyib.

A.Hümbətov haqqında ardıcıl iki gündə iki fərqli məhkəmə qərarı çıxarılıb. Aprelin 1-də Sabunçu rayon Məhkəməsinin hakimi Samir Talıbovun çıxardığı qərarda A.Hümbətovun məcburi müalicə üçün xəstəxanaya salınması barədə müraciətə "yox" deyilib. Bundan ötrü məhkəməyə ərizəni Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov verib. Baş həkim ərizəsində yazıb ki, Həkim-Məsləhət Komissiyası onun "şəxsiyyətin paranoyal tip pozuntusu" diaqnozuyla xəstəlikdən əziyyət çəkməsi, stasionar şəraitdə müalicəyə ehtiyacı olması barədə rəy verib. Amma məhkəmə belə nəticəyə gəlib ki, komissiyanın rəyində A.Hümbətovun iradəsinə zidd şəkildə xəstəxanada saxlanmasının hansı zərurətdən irəli gəlməsi əsaslandırılmayıb.

Apellyasiya məhkəməsi bir günün içində qərar çıxarır

Hakim bu qərarı aprelin 1-də elə xəstəxanada verib. Onda A.Hümbətov iki gün idi ki, artıq orada saxlanırdı. Məhkəmə qərarında göstərilib ki, A.Hümbətov həmin vaxt xəstəxanaya Xəzər rayonu, 1-ci polis bölməsinin məktubu əsasında salınıb. Polis məktubda yazıb ki, A.Hümbətov öz hərəkətlərinə nəzarət edə bilmir, ətrafdakı sakinlərə qarşı əxlaqsız hərəkətlər edir, bu üzdən ondan şikayətlər var.

Bu məhkəmə qərarından dərhal sonra – aprelin 1-də axşam saatlarında A.Hümbətov evinə buraxılıb. Aprelin 2-də isə yenidən xəstəxanaya salınıb.

Vəkilin sözlərinə görə, cəbhəçi fəal apellyasiya məhkəməsinin qərarı əsasında bir gün sonra yenidən Maştağaya aparılıb: "Baş həkim aprelin 1-də çıxarılan qərardan - ərizəsinin təmin olunmamasından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi də onun şikayətini təmin edib. Proseslər, az qala, ildırım sürətiylə baş verib. Bir günün içində apellyasiya şikayəti hazırlanır, o şikayətə baxılır, adamı tutub xəstəxanaya salırlar...".

N.Kərimli onu da bildirib ki, A.Hümbətovla üçüncü cəhddən sonra görüşə bilib. İki dəfə getsə də, onu buraxmayıblar: "Ombudsman Aparatının müdaxiləsindən sonra, üçüncü dəfə gedəndə görüşə bildim. Mənə də dedi ki, haqqındakı məhkəmə qərarı qanunsuzdur, əsassızdır, xəstəxanaya salmaqla, onu susdurmaq məqsədi daşıyır".

"Deyiblər ki, 1 aydan sonra buraxıla bilərsən"

Həyat yoldaşı Aygün Hümbətova AzadlıqRadiosuna bildirib ki, Aqil xəstəxanaya salınandan onunla görüşə bilməyiblər, bir neçə dəfə telefonla danışıblar: "5-6 gündən bir zəng eləyir. Ümumi durumu pis deyil. Deyir, iynə vurmurlar, amma arada dərman verirlər. Deyiblər ki, 1 aydan sonra buraxıla bilərsən. Amma dəqiq deyil. İndi mayın 2-ni gözləyirik. Üç uşaq, biri də xəstə... Mənim üçün çox çətindir".

A.Hümbətova vurğulayıb ki, həyat yoldaşı haqqında məhkəmə qərarı əsassızdır. Onun sözlərinə görə, A.Hümbətov aprelin 1-də buraxılandan sonra sosial şəbəkələrdə, mediaya müsahibələrində hakimiyyəti, şəxsən prezidenti tənqid etdiyinə görə onu yenə bu şəkildə cəzalandırıblar: "O məhkəmə qərarları formaldır. Mənim yoldaşım xəstə deyil. Aqili orada saxlamaq üçün əllərində nəsə olmalıdır da...".

1 saylı Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov A.Hümbətovun psixi xəstəliyi olmadığı halda, zorla ora salınması barədə deyilənlərə belə cavab verib: "Aqil Hümbətov xəstəxanaya məhkəmə qərarına əsasən, polis müşayiətiylə Təcili Tibbi Yardım avtomobilində gətirilib".

Xatırlatma

Küçələrdən plastik qablar, karton və s. tullantılar toplayıb təhvil verməklə üç azyaşlı uşağını dolandırdığını vurğulayan A.Hümbətova ötən ilin martında da 30-günlük inzibati həbs cəzası verilmişdi. O zaman o, polisə müqavimətdə təqsirləndirilsə də, özü deyirdi ki, yalandır, həbsinin səbəbi iki gün öncə prezidenti tənqid etməsidir.

A.Hümbətov bu il martın 29-da canlı yayımda da uşaqlarının aclıqdan əziyyət çəkdiyini, övladı xəstə olduğu halda, onun müalicəsinə pul tapa bilmədiyini vurğulayaraq, bütün bunlara görə prezident və komandasını tənqid etmişdi. Martın 31-də isə xəstəxanaya salınmışdı.

Azərbaycan rəsmiləri isə ölkədə heç kimin tənqidi fikirlərinə görə təqib olunmadığını iddia edirlər.

XS
SM
MD
LG