Azərbaycanda indiyə qədər 300-ə yaxın tibb işçisi yeni koronavirusa yoluxub
Bu barədə səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün, aprelin 24-də keçirilən brifinqində çıxışı zamanı deyib.
Nazirlik rəsmisi vurğulayıb ki, yoluxan tibb işçilərinin arasında həm həkim, həm də orta tibb işçiləri olub. “Onların artıq 65 faizi sağalıb”, o qeyd edib.
Brifinqdə habelə vurğulanıb ki, indiyə qədər virusa yoluxan həkimlərdən biri ölüb.
Xatırlatma
2019-cu ilin sonlarına doğru Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb.
Martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) bunu pandemiya elan edib. Artıq dünyada bu virusa yoluxanlardan 193 mindən çox şəxsin vəfat etdiyi bildirilir.
Azərbaycanda isə hazırkı dövrədək 1592 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 21 nəfəri vəfat edib.
Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb.
Sonra martın 24-dən aprelin 20-nə kimi xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb.
Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər.
Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər. Karantin rejimi daha sonra mayın 4-nə kimi uzadılıb. Amma aprelin 27-dən qaydalarda müəyyən yumşalmalar olacağı vurğulanıb.