Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:20

Ötən il dünyada hərbi xərclər 1,9 trilyon dollar olub


Azərbaycan ordusunda "Açıq qapı" günü, arxiv fotosu
Azərbaycan ordusunda "Açıq qapı" günü, arxiv fotosu

2019-cu ildə dünyada hərbi xərclər 1,92 trilyon dollara yüksəlib. Bu, son on ildə ən böyük məbləğdir.

Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutu (SIPRI) aprelin 27-də bildirib ki, beş ölkə – Birləşmiş Ştatlar, Çin, Hindistan, Rusiya və Səudiyyə Ərəbistanı ötən il qlobal hərbi xərclərin 62 faizini təşkil edib.

2018-ci illə müqayisədə qlobal hərbi xərclər 3,6 faiz artıb, 2010-cu ildən bəri ən böyük illik artım olub.

ABŞ-ın hərbi xərcləri 5,3 faiz artaraq 732 milyard dollara çatıb ki, bu da qlobal xərclərin 38 faizinə bərabərdir.

Çinlə Hindistan dünyada hərbiyə ən çox pul xərcləyən ikinci və üçüncü ölkələrdir. Çində ötən il hərbi xərclər 261 milyard dollara, Hindistanda 71,1 milyard dollara çatıb.

Avropada hərbiyə ən çox xərcləyən ölkə Rusiyadır

Rusiya 20 ildir hərbi xərcləri artırmaqdadır. Ötən il 65,1 milyard dollara bərabərləşən xərclər 2018-ci illə müqayisədə 4,5 faiz artıb.

“Rusiyada hərbi xərclər ÜDM-nin 3,9 faizini təşkil edir və ötən il Avropada ən yüksək məbləğ olub”, – SIPRI-nın tədqiqatçısı Alexandra Kuimova deyib.

NATO-nun 29 üzvü hərbiyə cəmi 1,04 trilyon dollar xərcləyib. Ən böyük artım Almaniyadan, Mərkəzi və Şərqi Avropa ölkələrindən gəlir.

Yeni döyüş təyyarələri alan Bolqarıstan xərcləri 127 faiz, Rumıniya isə 17 faiz artırıb.

Yaxın Şərqə gəlincə, İranın hərbi xərcləri bir il öncəylə müqayisədə 15 faiz azalaraq 12,6 milyard dollar olub. 2018-ci ildə isə 23 faiz azalma qeydə alınmışdı. Birləşmiş Ştatlar həmin il İranla 2015-ci il nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib.

Azərbaycanın hərbi xərcləri ÜDM-nin 4 faizini təşkil edir. Ermənistanda bu göstərici 4,9 faizdir.

Hərbi yükü ÜDM-nin 4 faizini, yaxud ondan artığını tutan 10 ölkədən altısı Yaxın Şərqdə yerləşir: Oman (8,8%), Səudiyyə Ərəbistanı (8.0%), Küveyt (5,6%) İsrail (5,3%), İordaniya (4,7%) və Livan (4,2%).

Digər ölkələr Əlcəzair (6.0%), Pakistan (4.0%), Azərbaycan və Ermənistandır.

XS
SM
MD
LG