COVID-19 ABŞ Prezidenti Donald Trump və onun rusiyalı həmkarı Vladimir Putin-in siyasi strategiyalarını alt-üst edə, hakimiyyətlərinə təhlükə yarada bilər. “The American Interest” portalında David Kramer yazır ki, koronavirus təkcə can almır və bazarlarda təlatüm yaratmır, siyasi taleləri də dəyişir.
“Həm Putin, həm də Trump öz ölkələrində pandemiyanın yayılmasına göstərdikləri rekasiyaya görə tənqid olunurlar. Sonucda hər iki lider bu böhranın onların hakimiyyətdə qalmasına təsir göstərdiyini görə bilər”, – məqalədə deyilir.
Yazlıda Putin-in bir sıra planlarının pandemiya dövründə yerlə-yeksan olduğu vurğulanır. Aprelin 22-də səsvermə keçiriləcək, konstitusiya dəyişiklik olunaraq Putinin 2024-cü ildə yenidən prezidentliyə namizəd olmasına yol açılacaqdı. Mayın 9-da 2-ci Dünya Müharibəsində qələbənin 75-ci ildönümü təntənəli qeyd olunacaqdı və sairə.
Müəllif yazır ki, Putin böhran vaxtı İtaliya, Serbiya, hətta Birləşmiş Ştatlar kimi ölkələrə yardım göndərməklə əslində özünə böyük problem yaratmış oldu. Axı, Rusiyanın özündə tibbi ləvazimat qıtlığı yaşanır. Müxalifət lideri Aleksei Navalny Twitter-də yazırdı: “Bütün ölkədə həkimlər və tibbi bacıları maskasızdır, bir-birini yoluxdururlar. Bu, dəhşətlidir. Putin dəlidir”.
Trump-ın reytinqi aşağıdır
Trump-a gəlincə, 2020-ci il onun seçki kampaniyası üçün yaxşı başlamışdı. Pandemiya başlanandan rəy sorğularında reytinqi dərhal düşdü, böhran vaxtı bir çox prezidentlər bununla üzləşirlər. Son rəy sorğuları isə reytinqinin getdikcə daha çox düşdüyünü göstərir. Pew Tədqiqat Mərkəzinin son sorğusuna görə, “Martın sonundan Trump-ın iş reytinqi az dəyişib... Hazırda 44% Trump-ın öz işinin öhdəsindən necə gəldiyini alqışlayır, 53%-sə onu dəstəkləmir”. Təşkilat bu rəqəmlərin Trump-ın prezidentliyi dövründə ən yüksəkgöstəricilər olduğunu yazır və bu da noyabra planlaşdırılan prezident seçkisində onun üçün yaxşı bir şey vəd eləmir.
“The Washington Post” qəzetinin və Merilend Universitetinin keçirdiyi başqa bir sorğuya görə, rəyi soruşulanların 54 faizi Trump-ın böhranı necə idarə etməsini mənfi qiymətləndirib.
“Bütün bunlar Trump-ın yenidən seçilmə perspektivlərini çətinləşdirir. Rusiyada nəticələri öncədən müəyyənləşən seçkilərdən fərqli olaraq, Birləşmiş Ştatlarda seçkinin nəticələri hamını təəccübləndirə bilər, elə Trump-ın 2016-cı ildəki qələbəsi kimi”, – müəllif vurğulayır.
Johns Hopkins Universitetinin aprelin 28-nə olan məlumatına görə, ABŞ-da koronavirusa 988 mindən çox təsdiqlənmiş yoluxma qeydə alınıb. 56 mindən çox xəstə isə vəfat edib.
Rusiyada 87 min yoluxma, 794 ölüm halının qeydə alındığı bildirilir.