Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 18:42

Dırnaq boyayan, süni kiprik taxan qadın işini itirə bilər


Türkmən qadınlar operada, arxiv fotosu
Türkmən qadınlar operada, arxiv fotosu

Türkmənistanda dövlət sektorunda çalışan qadınların saçını, dırnağını boyaması, süni kiprik taxması qadağan olunub, qaydanı pozanlar işdən çıxarıla bilər.

Türkmənistan hökuməti vətəndaşların həyatının bütün aspektlərini, azadlığını məhdudlaşdırmaqla ad çıxarıb. İndi də qadınlarla bağlı çıxarılmış qərara rəsmi səbəb göstərilmir. AzadAvropa/AzadlıqRadiosunun Aşqabaddakı müxbiri aprelin 24-də xəbər verib ki, qərar məktəblərdə, dövlət idarələrində keçirilən iclaslar açıqlanıb. Xəbər həmin iclaslara qatılmış qadınlardan alınıb.

Qadınların radioya bildirməsinə görə, çoxları bu qərardan razı qalmasalar da, səslərini çıxarmayıblar.

Ayaq barmaqlara da aiddir

Mediaya, iqtisadiyyata nəzarət edən Türkmənistan hökuməti dünyada ən repressiv rejimlərdən sayılır, açıq tənqidə, söz azadlığına dözümsüz yanaşır.

2018-ci ilin aprelində 5,8 milyon əhalisi olan bu ölkədə dövlət işçilərinin qadın gözəllik məhsullarından istifadəsi yasaqlanmışdı. Ancaq qadınların deməsinə görə, sonradan bu qadağalar tədricən yüngülləşdirildi.

Saç ustalarının, gözəllik salonları sahiblərinin yeni qaydalardan xəbərdar edildiyi bildirilir.

İclaslarda məmurlar bir məsələyə də aydınlıq gətiriblər ki, dırnaq boyası yasağı həm əl, həm də ayaq barmaqlarına aiddir. Amma qadınlara manikür, yaxud pedikürə, şəffaf boya sürtməyə icazə verilib-verilmədiyi bəlli deyil.

Dövlət mediasında bu qadağalar elan olunmayıb, yaxud müzakirə edilməyib.

İki ay öncə Türkmənistanın bir vilayətində kişilərin çal saçlarını boyaması qadağan olunmuşdu.

Daha öncə isə hökumət dövlət işində çalışan qadınlar üçün geyim kodeksi təqdim edib, onlar topuğadək uzanan ənənəvi paltarlar geyinməlidirlər.

Başın yaylıqla bağlanması, yaxud milli papaq qoyulması isə könüllüdür.

Naxış qadağası

Son qadağalarda dövlət işçilərinin paltarının yuxarı hissəsini dəbdəbəli naxışla bəzətməməsi də var. Bunun əvəzində “nazik, sadə, təvazökar naxış”dan istifadə tövsiyə olunur.

Bu qadağa ilk dəfə Ahal vilayətinin Göytəpə rayonunda elan olunub, sonradan paytaxt Aşqabadda da açıqlanıb, radionun əməkdaşı xəbər verir.

Radio yeni qaydalarla bağlı Aşqabad şəhər hakimiyyətindən, dövlətə məxsus Türkmənistan Qadınlar Birliyinin Mərkəzi Şurasından şərh ala bilməyib.

Türkmənistan polisi indiyədək qadınların geyim kodeksinə görə cəzalandırıldığını bildirib.

Elə kişilər də sərt qaydalardan kənar qalmayıb. Fevralın əvvəlində Lebap vilayətində yaşı 40-dan yuxarı kişilərin çallaşan saçlarını rəngləmələri qadağan olunub.

İki il öncədən başlanan qadağa avtoritar prezident Gurbanguly Berdymukhammedov-un yeni imiciylə əlaqələndirilir. Adətən saçını qaraya boyayan prezident 2018-ci ilin yayında bir neçə həftə ictimaiyyət arasında görünmədi və ilk dəfə olaraq saçları çallaşmış görkəmdə qayıtdı.

Dövlət sektorunda çalışan kişilərin saçlarını uzatmasına, yaxud saqqal saxlamasına da icazə verilmir.

Bu arada dünyada koronavirus pandemiyası ilə qızğın mübarizə gedir. Şimali Koreya, Tacikistan və Türkmənistan indiyədək bircə yoluxma halı da aşkarlanmadığını deyirlər.

XS
SM
MD
LG